๑۩۩๑ Made in BAAU ๑۩۩๑
Page 1 of 11
...:::BAAU Forum:::... » ..:::Ordan Burdan:::.. » Dünya dinləri » İslam tarixi (Maraqlı xəbərdir.Buyurun oxuyun.)
İslam tarixi
Administrator Tarix: Cümə axşamı, 2009-Noyabr-12, 17:24 | Sıra nömrəsi: 1

Yazıları: 71
Halaldır.
30
Hicrətin dördüncü ili Cəmadiul-əvvəl ayında Peyğəmbər (s) Əbuzər Ğəffarini Mədinədə öz yerinə tə’yin edib qoşunla birgə bəni Müharib və bəni Sə’ləbə tayfasının üzərinə yürüş etdi. Ğətəfan qəbiləsindən olan bu iki tayfa Nəcddə məskunlaşmışdılar. Müsəlmanlar düşmənlə üz-üzə gəldilər, lakin döyüş baş tutmadı və onlar düşmənin hiyləsindən ehtiyat edərək xovf namazı qıldılar (Döyüş vaxtı düşmən qorxusundan 4 rük’ətli namazın əvəzinə 2 rük’ət namaz qılınmasına – xovf namazı deyilir). Şə’ban ayında Peyğəmbər (s) Ühüd müharibəsində Əbu Süfyanla gəldiyi qərara əsasən müharibə etmək üçün Bədrə gəldi. Əbu Süfyan öz qoşunu ilə Məkkədən çıxaraq gəldiyi zaman yolda peşiman olub geri dönür. Hicri tarixinin beşinci ilində Dumətul-cəndəl və bəni Əl-müstələq ğəzvələri də oldu. Dumətul-cəndəl ğəzvəsində döyüş olmasa belə, digər cəhətdən çox mühüm sayılırdı.

Ühüd müharibəsindəki məğlubiyyətdən sonra bu ilk ğəzvədə (Dumətul-cəndəl) hərbi nizam-intizam gözə çarpırdı. Bildiyiniz kimi, bu yer Suriyanın yaxınlığında yerləşən ərazidir ki, oradan Dəməşqə 5 günlük yoldur. İsti ayda bir belə məsafəni qət etmək elə bir şey deyildi ki, qəbilələrin nəzərindən qaçsın. Onlar fikirləşirdilər ki, artıq Qüreyşdən qorxmaq lazım deyil. Digər tərəfdən müsəlmanların dalbadal qələbələri bəni Nəzir yəhudilərini sürgün etmələri, çoxlu sayda qənimət əldə etmələri, ən əsası isə Dumətul-cəndəl ğəzvəsində Peyğəmbər (s)-ın hərbi qüdrət nümayiş etdirməsi Qüreyşi narahat və nigaran etmişdi. Onların ticarəti sarsılmış, yetmiş nəfərdən artıq böyük adamları həlak olmuşdu. Ən əsası isə Məkkə başçıları arasında ixtilaf meydana gəlmişdi.

XƏNDƏK MÜHARİBƏSİ

Qeyd edildiyi kimi Əbu Süfyan hicri tarixi ilə dördüncü ildə bir dəstə ilə Məkkədən çıxaraq yolda peşiman olub geri dönür. Onun bu hərəkəti Qüreyş başçılarının nəzərində nüfuzdan saldığına görə yenidən böyük təchizatlı bir qoşun düzəltmək qərarına gəlir. Nəhayət ki, beşinci ildə yeddi mindən on iki min arasında olan bir qoşun düzəldir ki, onun 600 nəfərini süvarilər təşkil edirdi. Bu qoşun Mədinəyə tərəf yollanır. Ordu müxtəlif ərəb qəbilələrindən təşkil olunmasına görə bu müharibə dəstələr müharibəsi (əhzab) də adlanmışdır. Bundan əlavə Xeybərdə yaşayan bəni Nəzir yəhudilərindən bir dəstə və Ğətəfan qəbiləsi Qüreyşlə birləşərək bu müharibədə Peyğəmbərə (s) qarşı vuruşmağa hazırlaşdılar. Mədinə kənarında məskunlaşmış bəni Qurəyzə yəhudiləri Qüreyşə kömək etməyəcəklərinə söz verdikləri halda, sazişi pozaraq Məkkə əhalisi ilə əlbir oldular. Belə böyük bir qoşun müqabilində Peyğəmbərin (s) qoşunu üç min nəfərdən ibarət idi ki, bir neçə atlıdan savayı hamısı piyada idi.

Ühüd müharibəsinin əksinə olaraq Mədinə əhalisi şəhərdə müdafiə mövqeyi tutmağı qərara aldı. Bu müharibədə Salman Farsinin təşəbbüsü ilə şəhəri düşməndən qorumaq üçün xəndək qazıldı. Mədinə üç tərəfdən xurma bağları və tikililərlə əhatə olunduğu üçün düşmənin bu üç səmtdən şəhərə daxil olma imkanı yox idi. Şimal tərəfdə xəndək qazılması süvarilərin hücumunun qarşısını almışdı. Məkkə qoşunu Mədinəyə çatmamış xəndək qazılmışdı. Düşmən ora çatan kimi təəccübləndi ki, hələ bu günə kimi irəliləyiş üçün belə bir maneyə rast gəlməmişdir. Süvarilər atlanıb xəndəki keçə bilmir və irəli gəldikdə isə ox atanlar onlara macal vermirdilər.

Əmr və İkrimət ibni Əbi Cəhl qərara gəldilər ki, xəndəkdən ötüb keçsinlər. Şücaətli və şöhrətli pəhlivan olan Əmr ibni Əbduvəd həzrət Əli (ə) vasitəsi ilə öldürüldü. Zahiri görünüşdə Xəndək müharibəsi Mədinə üçün zərər gətirdi. Müsəlmanların kiçik bir qoşunu böyük bir qoşun müqabilində nə edə bilərdi? Peyğəmbər (s) başda Ğətəfan qəbiləsini düşmən qoşunundan ayırmaq istədi. Onlara xəbər göndərdi ki, Qüreyşlə əlbir olmasanız Mədinənin məhsulunun üçdə biri sizə veriləcək. Ənsar Peyğəmbərdən (s) soruşdu: Bu saziş vəhyidirmi? Dedi: Xeyr. Dedilər: Onda biz belə bir məğlubiyyətə razı deyilik. Allah bizi islama, dinə hidayət etmədiyi vaxtlarda belə, bu kimi zəlalətə razı olmamışıq, indi isə Allah sənin vasitənlə bizə nicat verdiyi zaman özümüzü necə aciz saya bilərik. Sonda bu saziş (sülh) baş tutmadı.

Öz əqidəsini aşkar etməyən bir-iki müsəlman bir tərəfdən bəni Qurəyzə, digər tərəfdən isə Ğətəfan tayfasının içərisinə girərək onları bir-birinə qarşı bədbin etdi. İlahi təqdirin burada köməkliyi oldu. Külək əsərək havanı soyutdu. Məkkəlilərin işi daha da ağırlaşdı. Əbu Süfyan geriyə dönmək əmrini verdi. On beş gün mühasirədə qalan Mədinə təhlükədən yaxa qurtardı.

Xəndək müharibəsinin sonu müsəlmanlar üçün ümidverici olsa da məkkəlilər üçün həddən artıq sarsıdıcı oldu. Qüreyş tacirləri üçün aydın oldu ki, artıq Mədinə bazarlarını birdəfəlik əldən verdilər. Bundan əlavə Mədinə Məkkə tacirlərinin Suriyaya gedən ticarət yollarını təhlükə altına almaqla yanaşı, onların rahat öz işləri ilə məşğul olmalarına da imkan verməyəcəyini bilirdilər. Əbu Süfyanın rəhbərlik mövqeyi də Qureyşin nəzərində alçaldı. Ümumiyyətlə Qüreyş qəbiləsinin əzəməti digər qəbilələrin nəzərində nüfuzdan düşdü. Gözlənilməz hadisənin baş verməsi bə’zi bədəvi ərəblərin islama olan meylini artırdı və onlar artıq yəqin etdilər ki, qeyri-adi bir qüvvə müsəlmanlara yardım edir. Elə bu müharibədən sonra bütün hadisələr müsəlmanların xeyrinə tamamlandı.

Xəndək müharibəsi qurtardıqdan sonra Peyğəmbər (s) bəni Qureyzə qəbiləsinin üzərinə yürüş etdi. Qeyd etdiyimiz kimi, onlar Mədinə sazişinə əsasən müsəlmanlar əleyhinə qiyam etməsəydilər amanda qalacaqdılar, lakin onlar Xəndək müharibəsində islam düşmənləri ilə birləşdilər. Aydındır ki, belə təhlükəli bir dəstə ilə xoş rəftar etmək olmazdı. Peyğəmbər (s) onları mühasirəyə aldı və onlar iyirmi beş gün keçdikdən sonra təslim oldular. Bəni Qurəyzə ilə həmsaziş olan Ous qəbiləsi Peyğəmbərə (s) dedi: Bəni Qurəyzə bizim həmpeymanımızdır, gördükləri işdən də peşiman olublar. Onlarla Xəzrəc həmpeymanlarıyla davrandığın kimi rəftar et. Göründüyü kimi, bəni Qəynuqa yəhudilərinin əsirlərini onların həmsazişi olan Abdullah ibni Ubəyyəyə bağışladı. Peyğəmbər (s) bəni Qurəyzə əsirləri haqda hökm çıxarmağı Ous qəbiləsinin başçısı Sə’d ibni Muaza tapşırdı. Bəni Qurəyzə bu işə razı oldular. Elə ki, Sə’d məclisə daxil oldu Peyğəmbər (s) əyləşənlərə öz başçılarına ehtiram etmək üçün ayağa qalxmalarını dedi və onlar da ayağa qalxdılar. Məclisdə əyləşənlərdən biri dedi: Peyğəmbər (s) “öz başçınız” dedikdə mühacirləri deyil ənsarı nəzərdə tutmuşdur. Sə’d bəni Qurəyzədən soruşdur ki, onun hakim olmağına razıdırlarmı? Onlar dedilər: Bəli. Sonra Peyğəmbər (s) o tərəfə üz tutaraq ehtiram əlaməti olaraq onun adını çəkmədən dedi: Burada iştirak edənlər necə razıdırlarmı? Peyğəmbər (s) dedi: Bəli! Sə’d dedi: Mənim nəzərimcə onların kişiləri öldürülməli, qadın və uşaqları əsir götürülməlidir. Sə’din çıxardığı hökmə əsasən xəndəklər qazaraq bəni Qurəyzənin kişilərini ora aparıb başlarını bədəndən ayırdılar.

İbni İshaq bəni Qurəyzə əhvalatının sonunu eynilə belə yazmış, Təbəri də həmçinin onun yazdıqlarını öz kitabında qeyd etmişdir. Lakin 207-ci hicri ilində vəfat etmiş Vaqidi (tarixçi) bu hadisəni çox həyacanlı bir ifadə ilə yazmışdır. Bir tərəfdən o yazır: Bir xəndək qazıldı və əsirləri dəstə-dəstə xəndəyin yanına gətirdilər. Əli (ə) və Zübeyr ibni Əvvam onların boynunu vurdular. Digər tərəfdən isə belə yazır: Sə’d ibni Ubadə və Hubab ibni Munzər Peyğəmbərin (s) yanına gəlib dedilər: Ous qəbiləsi bəni Qurəyzə ilə həmsaziş olduğundan onların öldürülməsi onları narahat edir. Sə’d ibni Məaz isə dedi: Belə deyildir. Əgər Ous qəbiləsindən hər kim bu işdən narahat olsa Allah ondan razı qalmaz. Sonra Peyğəmbər (s)-a dedi: Bu əsirləri Ous qəbiləsinin arasında bölüşdür. Hər ailə öz payına düşən əsiri özü öldürsün və birinci olaraq mənim evimə göndər və Peyğəmbər (s)-da belə etdi. Əlli birinci hicri ilində anadan olub 124 hicri ilində vəfat etmiş İbni Şəhab Zöhri də Sə’din hökm çıxarmasına işarə etmiş, lakin məhkumların sayı barəsində mə’lumat verməmişdir. Yalnız ibni Əxtəbin ölümünü qeyd etmişdir. Bildiyiniz kimi, müəmmalarla əhatələnmiş bu əhvalat son əsrlərdə şərqşünaslar, xüsusilə yəhudi islamşünasların əlində bəhanəyə çevrilmişdir.

Görəsən bu əhvalat necə olmuşdur, doğrudanmı Əli (ə) bir günün ərzində 700 nəfərin boynunu vurub? Hadisənin bu tərzdə düzgün olduğunu qəbul etmək çox çətindir. İlk əvvəl bizi şübhəyə salan ölənlərin sayıdır ki, onların sayını 600-dən 900-ə qədər qeyd etmişlər. Bu doqquz yüz nəfəri Əli (ə)-la Zübeyr bir gün ərzində necə qətlə yetirə bilərdilər. Bəni Qurəyzə qəbiləsinin ümumi əhalisi nə qədər imiş ki, onun 900 nəfərini həddi-buluğa çatmış kişi təşkil edib? Məgər o dövrdə Mədinədə və onun ətrafında nə qədər əhali yaşayırmış ki, onun dörd minini bəni Qurəyzə əhalisi təşkil edib? Gördüyünüz kimi, bəni Qurəyzə qəbiləsinin qətli hekayəsi Ousla Xəzrəc arasında qurulmuşdur. Belə ki, Ous qəbiləsi Peyğəmbərə deyir: Bizim həmpeymanlarımızla Xəzrəc qəbiləsinin həmsazişləri ilə davrandığın kimi rəftar et, yə’ni onları bizə bağışla! Lakin Peyğəmbər bağışlamayıb onlara hakimlik etməyi Sə’d ibni Muazın öhdəsinə qoydu. Bu hekayəti söyləyən bəlkə də Xəzrəc tayfasından olmuşdur və o, bu əhvalatı öz qəbəlisini xeyrinə söyləmişdir. Bununla da o, öz qəbiləsinin Peyğəmbər nəzərində Ous qəbiləsindən hörmətli olduğunu nümayiş etdirmək istəyib.

Əsirlərin qətlə yetirilməsindəki müxtəlifliyə diqqət yetirilməlidir. İbni İshaqın dediyinə görə əsirləri xəndəklərin yanında qətlə yetirdilər. Vaqidi isə deyir: Əsirləri Ousdan olan ailələrə payladılar ki, onları qətlə yetirməklə Peyğəmbərin əmrinə tabe olduqlarını göstərmiş olsunlar. Bu məşhur əhvalat tarixi ziddiyyətlərə görə təhqiqatçı olan hər bir kəsi tərəddüdə salır.

Bundan əlavə biz, Peyğəmbərin (s) qabaqkı müharibələrində olan rəftarı ilə tanışıq. O, həmişə mehribançılığı, güzəştə getməyi intiqam və qətldən üstün tutmuşdur. Fərz edək ki, bəni Qurəyzənin sazişi pozduqları onu çox narahat etmişdir və onları bağışlamamışdır (belə bir fərziyyə təsəvvür edilməzdir). Ancaq Mədinəyə daxil olduğu ilk gündən hər iki Ous və Xəzrəc qəbiləsi ilə rəftarı eyni dərəcədə olmuş, onların hər ikisinin istəklərinə bərabər səviyyədə cavab vermişdir. Belə bir məsələdə Peyğəmbər (s)-ın onlar arasında ayrıseçkilik salması ağıla sığmır. Bu işin hakimliyini Ous qəbiləsinin başçısına tapşırmağın özü təqdirə layiq bir hadisədir.

Həqiqət budur ki, Peyğəmbərin Yəsribə gəlişi ilə Ousla Xəzrəc arasında olan rəqabət aradan getdi və yalnız o həzrətin vəfatından sonra bu məsələ yenidən baş qaldırdı. Gələcək bəhslərdə görəcəksiniz ki, ixtilafın ilk nişanələri bəni Saidə adlanın məkanda baş vermişdi. Müaviyə hakimiyyəti ələ keçirdikdən sonra Qüreyş və mühacirlər keçmiş arzularına çatdılar. Onun göstərişi ilə tarixçilər və şairlər Mədinə əhalisini və ənsarı təhqir edən əsərlər yaratdılar. Ənsarı əzmək yollarından biri də Ousla Xəzrəc arasında olan keçmiş kin-küdurətləri oyatmaq olmuşdur. Ondan sonra bəni Üməyyə hökumətinin bütün ərazisində Peyğəmbər dövrünün bütün müharibələri, xilafət dövründə hicri qəməri tarixinin qırxıncı ilinə qədər olan mə’lumatlara əl gəzdirilmiş, ənsarın xeyrinə olan mə’lumatlar isə dəyişdirilmişdir. 172 hicri tarixində vəfat etmiş Zübeyr ibni Bəkar “Əl-müvəffəqiyyət” adlı kitabında Əbban ibni Osmandan bizim sözümüzü təsdiqləyən bir əhvalat nəql etmişdir ki, onun xülasəsi belədir:

Süleyman ibni Əbdül-məlik vəliəhd olduğu dövrdə Mədinəyə gedərək Peyğəmbər (s)-ın müharibə etdiyi meydanlara tamaşa etdikdən sonra Əban ibni Osmana Peyğəmbərin (s) müharibələri haqda bir kitab yazmasını tapşırır. Əban isə belə bir kitabın onda olduğunu deyir. Süleyman həmin kitabın üzündən köçürülməsini istəyir. Lakin kitabı oxuduqdan sonra ənsarın vəsfini görərək bəyənmir və onun yandırılması əmrini verir. Şama döndükdən sonra bu məsələni atası Əbdül Məliklə müzakirə etdikdə deyir: Çox düzgün iş görmüsən, Şam əhalisi belə sözləri eşidib ənsarın fəzilətindən xəbərdar olmasalar yaxşıdır.

Əgər bu əhvalat da düzgün olmasa demək olar ki, Abbasilər dövləti zamanı Zübeyr Müvəffəq və onun atası Mütəvəkkilin xoşuna gəlmək üçün bunu yazmışdır. Bunların heç biri düzgün olmayan surətdə bilmək lazımdır ki, birinci və ikinci əsrdə (yazılı sənəd olmayan dövr) ravilərin söylədiklərinə istinad etmək olmaz. Bəlkə hər rəvayəti digər şahid və uyğunluqlarla müqayisə və ya tutuşdurmaq lazımdır.

Görünür bəni Qurəyzə əhvalatı o hadisədən neçə illər sonra, mühasirəyə düşənlər öldükdən sonra Xəzrəc qəbiləsindən olan yazıçı tərəfindən təhrif edilmişdir. Bununla o, istəmişdir Ousla Xəzrəcin Peyğəmbər (s) nəzərində bərabər səviyyədə olmadığını göstərsin. Elə buna görə də o, Peyğəmbər (s)-ın Xəzrəc həmpeymanlarını öldürməməsini, Ous qəbiləsinin həmsazişlərini isə qətlə yetirdiyini yazmışdır. Həmçinin Ous qəbiləsi rəhbərinin həmsazişlərinin hüquqlarına riayət etmədiyini göstərmək istəmişdir.
AŞKAR QƏLƏBƏ VƏ YA HÜDEYBİYYƏ SÜLHÜ

Xəndək savaşından, bəni Qurəyzə yəhudilərinin təslimindən sonra altıncı hicri ilində müsəlmanların qələbəsi ilə bir neçə müharibə baş verdi. Müharibədə əldə olunan qənimətlərlə yanaşı islamın qüdrəti yarmada əhalisinin nəzərində daha da ucaldı. Belə ki, bə’zi qəbilələr müsəlman olmağa, bə’ziləri isə islam hakimiyyəti altında yaşamağa razılıq verdilər.

Artıq islamın qüdrətini məkkəlilərə göstərməyin və onları islama də’vət etməyin vaxtı gəlib çatmışdı. Qüreyş müqavimət göstərmədən müsəlman olsaydı həm özləri, həm də müsəlmanlar üçün xeyirli olardı. Bir tərəfdən onların nicatı müsəlman olmaqda idi, layiqli və təcrübəli Məkkə əhalisinin bu dini qəbul etməsi də gələcək üçün böyük əhəmiyyət kəsb etmiş olardı. Altıncı hicri ili zi-qə’də ayında Peyğəmbər (s) 1500 nəfərlə ümrə ziyarətinə yollandı. Qüreyş həzrət Peyğəmbərin (s) məqsədindən agah olub onun qarşısını almaq üçün hazırlıq gördülər. Əvvəlcə Xalid ibni Vəlidlə İkrəmət ibni Əbi Cəhli yolladılar ki, onu Məkkəyə girmək fikrindən daşındırsınlar. Peyğəmbər (s) toxunulmaz ərazi sayılan Hüdeybiyyə adlanan yerdə dayanıb Məkkə əhalisinə xəbər göndərdi ki, müharibə etməyə deyil, ziyarət üçün gəliblər. Qüreyş isə qəbul etmədi. Nəticədə onunla Qüreyş nümayəndələri arasında on il bir-birləri ilə müharibə etməyəcəkləri haqda sülh müqaviləsi imzalandı. Həmin müqaviləyə əsasən müsəlmanlar həmin il Məkkəyə daxil ola bilməzdilər, lakin bir il sonra Məkkə əhalisi şəhəri üç günlüyə tərk edərək ziyarət etmək üçün şəhəri müsəlmanların ixtiyarına qoymalı idilər. Bu sülh sazişinin bəndlərindən biri də bundan ibarət idi ki, Məkkə ahlisindən hər kim Mədinəyə gedib müsəlmanlara qoşulsaydı Məkkəyə qaytarılmalı idi, ancaq bir nəfər Mədinə əhalisindən Məkkəyə getmiş olsa Qüreyş onun geri qaytarılmasına cavabdeh deyildir. Sazişin digər bir maddəsi belə idi: Hər bir qəbilə Qüreyşlə və ya həzrət Məhəmməd (s)-la saziş bağlamaqda azaddır.Peyğəmbər (s)-ın bə’zi səhabələri bu sazişin əhəmiyyətinə və nəticəsinə varmadan narahatçılıq yaradıb onu özləri üçün bir məğlubiyyət hesab etdilər. Lakin bu sazşin imzalanması müsəlmanlar üçün böyük qələbə demək idi. Çünki bu günə qədər müşriklər Peyğəmbər (s)-ı və səhabələrini saya salmayaraq onların kökünü yer üzündən silmək istəyirdilər. Bu gün isə ancaq onu rəsmi tərəf müqabil kimi tanıyıb onunla müqavilə bağlamışdılar. Həmçinin bu sazişdə qəbilələrin azad surətdə ya Məhəmməd (s)-la, ya Qüreyşlə saziş bağlamaq imkanı da qeyd edilmişdi. Belə olan halda əgər müsəlmanlar və ya Qüreyş hər iki tərəfin həmpeymanları ilə müharibə etmiş olsaydı bu saziş ləğv olunmalı idi. Belə ki, görəcəyik Məkkənin fəthi Qüreyşin bu şərti pozmağından irəli gəlmişdi. Bu sazişin imzalanmasından az bir müddət ötmüşdü ki, müsəlman olmuş bir Məkkəli Hüdeybiyyə sazişinə əsasən Məkkəyə təhvil verilməli idi. Lakin o yolda qoruqçuların əlindən qaçıb Mədinəyə dönmək əvəzinə Qüreyşin Şama gedən karvan yolunun üstündə özünə mövqe hazırladı. Get-gedə Məkkə müsəlmanları ona qoşularaq Qüreyşin karvan yolunu təhlükə altına saldılar. Bu dəstəni geri qaytarmaq üçün heç bir qanun olmadığından məcbur olub onları bir neçə müddətdən sonra Mədinəyə çağırdılar. Beləliklə də qaçqınların geri qaytarılması ləğv olundu. Lakin ən maraqlısı budur ki, Qüreyş tərəfindən sazişin bir bəndinin pozulması Məkkə şəhərinin fəthinə səbəb oldu.

XEYBƏR MÜHARİBƏSİ

Xeybər yəhudilərinin mövqeyi müsəlmanların nəzərində şübhə yaratmışdı. Sonuncu nahiyədə toplaşmış yəhudi dəstəsi ilə də münasibətləri aydınlaşdırmaq vaxtı gəlib çatmışdı. Belə ki, onlar bəni Qurəyzə məsələsindən sonra fitnə törətməyə əl atmış, bə’zi tarixçilərin israrına əsasən hətta Mədinəyə hücum etmək fikrinə düşmüşdülər. Hicrətin yeddinci ili Peyğəmbər (s) onları mühasirəyə alır. Bir neçə gündən sonra onlar təslim oldular. Amma Peyğəmbər (s) sürgün etmək əvəzinə onlarla saziş bağladı ki, hər il əldə etdikləri məhsulun yarısını Mədinəyə göndərsinlər.

ALLAH EVİNİN ZİYARƏTİ

Hicri qəməri tarixinin yeddinci ili zi-qə’də ayında Hüdeybiyyə sazişinə əsasən Peyğəmbər (s) Məkkəyə yollandı. Peyğəmbərlə (s) müsəlmanların Məscidül-hərama daxil olması, ümrə ziyarətini yerinə yetirmələri, müsəlmanların Peyğəmbərə (s) qoyduqları ehtiram, Qüreyşin gözündə daha böyük cilvələndi. Onlara təqribən aydın oldu ki, artıq Peyğəmbərə (s) müqavimət göstərmək iqtidarında deyillər. Uzaqgörənlər dərk etdilər ki, qəbilə başçılarının, tacirlərin ağalığı dövrü sona çatmış, xalqın üzünə yeni qapı açılmışdır. Elə buna görə də bu qəbilənin böyüklərindən olan Xalid ibni Vəlid və Əmr ibni As özlərini Mədinəyə yetirərək müsəlman oldular.
MU’TƏ MÜHARİBƏSİ

Hicrətin səkkizinci ili Peyğəmbər (s) Kə’b ibni Uməyr Ğəffarini Zat-ətlaha göndərir. Gedənlər orada bir dəstə adama rast gəldilər və onları islama də’vət etdilər. Lakin onlar islamı qəbul etməyib müqavimət göstərib ox atmağa başladılar. Onların içərisində yalnız bir nəfər sağ qalıb gecə ikən qaçaraq özünü Mədinəyə çatdıra bildi.

Zat-ətlah Şam sərhədlərinə yaxın bir yerdi. Müsəlmanlar yarmadadan kənara çıxdıqlarına görə bu səriyyə böyük əhəmiyyət kəsb edirdi.

Hicri səkkizinci il Cəmadiul-əvvəldə Peyğəmbər (s) Mu’təyə qoşun göndərdi. Mu’tə Rum imperiyasının işğal etdiyi ərazidə yerləşirdi. Qoşuna Zeyd ibni Harisə başçılıq edirdi və Peyğəmbər (s) dedi: Əgər Zeyd həlak olsa Cə’fər ibni Əbu Talib başçılığı öhdəsinə götürsün və əgər o da öldürülsə Abdullah ibni Rəvahə qoşuna başçılıq etsin. Qoşun Məad adlı yerdə düşmənin hazır olduğundan agah oldu. İbni Hişamın yazdığına görə imperiya qoşunlarının sayı yüz min nəfər olmuşdur. Müsəlmanlar bu xəbəri eşitdikdən sonra nə edəcəkləri haqda məşvərət etdilər. Abdullah ibni Rəvahə onları döyüşə ruhlandırdı, çünki burada iki faydadan biri əldə ediləcəkdi – ya şəhadət (şəhid olmaq) ya da qələbə. Bu döyüşdə qoşun başçılarının üçü də şəhid oldular və qoşun Xalid ibni Vəlidi başçı seçdi. O da qoşunu hansı şəkildə olursa olsun Mədinəyə çatdırdı.
MƏKKƏNİN FƏTHİ

Hüdeybiyyə sazişinin qərarına əsasən hər bir qəbilə istər Qüreyş olsun, istərsə də müsəlmanlarla saziş bağlaya bilərdi. Xuzaə qəbiləsi Məhəmməd (s)-la, bəni Bəkr qəbiləsi isə Qüreyşlə saziş bağladılar. Hicrətin səkkizinci ili bu iki qəbilə arasında münaqişə baş verdi. Qüreyş bəni Bəkr qəbiləsini müdafiə edərək münaqişəyə qarışdı. Beləliklə Hüdeybiyyə sazişi pozuldu, çünki Qüreyş Peyğəmbər (s) həmsazişləri əleyhinə döyüşürdü. Əbu Süfyan başa düşmüşdü ki, onların bu hərəkəti cəzasız qalmayacaq, elə ona görə də özünü Mədinəyə çatdırdı ki, sazişi yenidən bərpa etsin, ancaq iş-işdən keçmişdi.

Hicərtin səkkizinci ili Ramazan ayında Peyğəmbər (s) on min nəfərlik qoşunla Məkkəyə yollandı. Yürüşü elə nizamlamışdı ki, heç kəs onun səfərindən xəbər tutmasın. Qoşun mərruz-zəhrana çatdıqda Peyğəmbərin (s) əmisi Abbas çadırdan bayıra çıxıb Məkkə əhalisindən bir şəxsi axtarırdı ki, Qüreyş həlak olmamışdan özünü Peyğəmbərə (s) çatdırmaq xəbərini göndərsin. Həmin gecə Əbu Süfyanla rastlaşdı, sonra onu Peyğəmbərin (s) yanına gətirdi. Əbu Süfyan müsəlman oldu. Səhəri gün Peyğəmbər (s) Abbasa göstəriş verdi ki, Əbu Süfyanı münasib yerdə saxlasın ki, qoşunun gəlib keçməsini müşahidə edə bilsin. Əbu Süfyan müsəlmanların qüdrətini görüb Abbasa dedi: Qardaşın oğlunun şahlığı böyümüşdür. Abbas dedi: Vay olsun sənə, bu peyğəmbərlikdir, şahlıq deyil! Dedi: Bəli belədir! Abbas Peyğəmbərə (s) dedi: Əbu Süfyan elə bir adamdır ki, güzəşt əldə etmək istəyir. Peyğəmbər (s) dedi: Hər bir şəxs evə girib qapını üzünə bağlasa amandadır. Hər bir şəxs Əbu Süfyanın evinə sığınsa amandadır. Hər bir kəs Məscidül-hərama getsə amandadır. Qoşun sakitcə Məkkəyə daxil oldu. İbni İshaqdan rəvayət edən ibni Hişam yazır: Xəzrəc qəbiləsinin başçısı Məkkəyə daxil olan kimi dedi: Bu gün qırğın günüdür! Bu gün ehtiramın alt-üst olan günüdür. Sə’d fikirləşirdi ki, Qüreyşdən və ya Ədnani tayfasından intiqam alacaq və Yəsrib əhalisinin qisasını məkkəlilərdən çıxacaq. Bu fikirin müsəlmanların arasında yayılmaması, eləcə də islam fəthinin qəbilə kin-küdurətinə çevrilməməsi üçün Peyğəmbər (s) Əli (ə)-ı göndərib dedi ki, bayrağı ondan al və bu günü Mərhəmət günü e’lan et. Müsəlmanlarla Məkkə əhalisi arsında bir neçə münaqişə baş verib. Peyğəmbər (s) məscidə daxil oldu, yeddi dəfə təvaf edib minikdən düşdü və Kə’bə evinin qapısı qarşısında dayandı.

Əhali hacılara su paylamaq və qulluq göstərməkdən başqa hər şeyi unutmuşdular. Peyğəmbər (s) iki həftə Məkkədə qaldı şəhərin işlərini qaydasına saldı. Məkkənin ətrafındakı bütxanaları viran etmək üçün adam yolladı. Kə’bə evinə qoyulmuş bütləri isə sındırdı. Peyğəmbərin (s) rəftarı islam güzəştinin ucalığını və bu dinin peyğəmbərinin alicənablığını rəqiblər qarşısında aşkar etdi. İyirmi il müddətində Məhəmməd (s)-a və müsəlmanlara heç bir işgəncəni əsirgəməyən Qüreyş bunun müqabilində cəza alacaqlarından qorxurdular. Elə ki, peyğəmbərdən “sizin hamınızı azad etdim” (bağışladım) cavabını eşitdilər, həmin gündən islam əleyhinə deyil, müsəlmanlarla bir olub qeyri müsəlman əleyhinə vuruşmaq qərarına gəldilər.

HÜNEYN DÖYÜŞÜ

Məkkənin təslim olub Qüreyşin müsəlman (istər razılıqla, istərsə də məcbur) olmasından sonra gərək münaqişə baş verməyəydi və ya ən azı Məkkə yaxınlığında heç bir qəbilə ayağa qalxmayaydı. Taifdə yaşayan Həvazin qəbiləsi ilə Səqif qəbiləsi Peyğəmbərin (s) qoşununa hücum etmək üçün birləşdilər. Bu döyüşdə onların nə məqsəd güddükləri mə’lum deyildir. Hər halda düşmənin qoşunu müsəlmanlar müqabilində çox az gözə çarpırdı. Müsəlmanlar düşməni ilk əvvəl məğlub edəcəklərinə şübhə etmirdilər. Belə ki, Qur’anda bu barədə xəbər verir”

Allah sizə bir çox yerlərdə, həmçinin Hüneyn günündə kömək etdi. O gün çox olmağınız sizi valeh etsə də, bir faydası olmadı.

Lakin belə olmadı. Döyüşün başlanğıcında müsəlmanlar qaçdılar, lakin Peyğəmbər (s) və bir neçə mühacir və ənsardan olanlar müqavimət göstərdilər. Qaçanlar yenidən geri döndülər, sonda Həvazin qəbiləsi döyüşdən qaçdı. Arxada qalmış arvad uşaqlar əsir düşdülər, Peyğəmbər isə onların azad edilməsi əmrini verdi.

Hüneyn döyüşündə əldə edilmiş qənimətləri bölən zaman yeni müsəlman olmuş döyüşçülər qənimət əldə etmək üçün tələsərək hətta Peyğəmbərin paltarını belə çiynindən oğurladılar. Peyğəmbər (s) buyurdu: Ey camaat, mənim köynəyimi qaytarın! And olsun Allaha, Təhamə ağaclarının sayı qədər dəvə olsa hamısını sizə verərəm. Mən paxıl, qorxaq və yalançı deyiləm! Mən bu qənimətdən yalnız beşdə birini (xums) götürəcəm ki, onu da sizə qaytaracam. Sonra qənimətləri böldü və Qüreyş başçılarına da pay verdi ki, bəlkə islamı qəbul edələr. Fiqhdə muəlləfətun qulubuhum istilahı bu dəstəyə şamil edilmişdir.

Bu müharibədə Təmim qəbiləsindən bir nəfər Peyğəmbərə (s) dedi: Məhəmməd! Ədalətlə davran! Görürəm, ədalətdən çıxmısan! Peyğəmbər (s) dedi: Vay olsun sənə! Əgər mən ədalətli olmasam kim ədalətə riayət edər? Ömər ibni Xəttab dedi: İzn ver onu üzüağlığına görə öldürüm. Peyğəmbər (s) dedi: Xeyr, onu azad burax, tezliklə onun ətrafına adamlar toplaşacaq ki, öz dar düşüncələri sayəsində dindən çıxacaqlar. Zulxuvəysirə ləqəbli bu kişi Əli (ə) xilafəti zamanı “xəvaricin” sərkərdəsi olub və Nəhrəvan döyüşündə öldürülüb. Peyğəmbər (s) qənimətləri mühacirlər arasında böldüyü üçün ənsar arasınada narazılıq yarandı. Sə’d ibni Ubadə Peyğəmbərin (s) yanına gəlib dedi: Ey Allahın elçisi, ənsar sənin bu rəftarından razı deyillər. Qəniməti öz qövminə verdin ancaq ənsara bir şey çatmadı. Peyğəmbər (s) buyurdu: Sənin nəzərin nədir? Dedi: Mən öz qövmümdən biriyəm. Peyğəmbər (s) dedi: Öz qövmünü səqifəyə topla. Ənsar toplaşdıqdan sonra Peyğəmbər (s) buyurdu: Ey camaat, bu narazılıq sizdə mənə qarşı necə yarandı? Siz yoldan azmış deyildinizmi? Allah mənim vasitəmlə sizi düz yola hidayət etdi. Ehtiyac içində idiniz sizi varlı etdi. Bir-birinizlə düşmən idiniz, sizi mehriban etdi. Dedilər: Bəli, Allahın və Onun peyğəmbərinin ne’mətləri bizim üçün bundan daha artıqdır. Sonra dedi: Mənə cavab vermirsiniz? Dedilər: Ey Peyğəmbər (s) nə deyək. Dedi: Deyin səni yalançı hesab etdikləri halda biz səni doğru danışan bildik! Köməksiz idin sənə yardım etdik! Qovulduğun halda biz sənə sığınacaq verdik! Dəvriş kimi tək qaldığın halda səni özümüzdən hesab etdik! Ey ənsar, mən camaata azacıq dünya malı bağışladım ki, islama rəğbəti çoxalsın, ancaq siz öz dininizə möhkəm bağlı olduğunuz halda bu işdən narazısınızmı? And olsun Allaha, mən Məkkədən Mədinəyə gələn gündən özümü ənsardan biri hesab etmişəm. Əgər bütün xalq bir yola, ənsar isə başqa bir yola üz tutsa mən ənsarla olacağam. İlahi ənsarı bağışla! Ənsarın övladlarını bağışla! Ənsarın övladlarının övladlarını da bağışla! Bu sözlərdən sonra bütövlükdə hamısı göz yaşı axıtdı, hətta ağlamaqdan saqqalları belə islandı. Sonra isə dedilər: Allah Peyğəməbri bizim payımıza düşdüyünə razıyıq.

TƏBUK MÜHARİBƏSİ

Hicri tarixinin doqquzuncu ilində baş vermiş hadisələrdən biri də Təbuk ğəzvəsidir. Peyğəmbər (s)-a xəbər çatdı ki, Rum imperiyası Bəlqa adlı yerdə böyük qoşun toplayıb müsəlmanlara hücum etmək istəyir. İsti yay havası və meyvələrin təzə yetişən dövrü olduğundan əhali evdə əyləşib itsirahət etmək istəyirdi. Xəzinədə (beytül-mal) də bir şey gözə çarpmırdı. Peyğəmbər (s) adəti üzrə heç vaxt yürüş edəndə məqsədin nədən ibarət olduğunu qabaqcadan deməzdi. Lakin Təbuk döyüşündə qarşıya çıxan çətinliklərə görə e’lan etdi ki, Rumlular üzərinə döyüşə gedəcəyik. Bir dəstə əhali dedi: İndi istidir, bu isti fəsildə getməyin! Bu dəstə aşağıdakı Qur’an ayəsi ilə tənbih edildi:

“Bu istidə döyüşə çıxmayın!” – dedilər. (Ya Peyğəmbər!) De ki, “Cəhənnəm odu daha istidir!” Kaş biləydilər!

Bu ğəzvədə islam qoşunun sayı 30000 nəfərdən ibarət olduğunu qeyd etmişlər. Müsəlmanlar bu günə qədər apardıqları müharibələrdə bundan yuxarı sayda qoşuna malik olmamışlar. Bu yürüşdə Peyğəmbər (s) Əlini (ə) öz yerinə canişin tə’yin edir ki, onun işlərini yerinə yetirsin. Münafiqlər dedilər ki, Peyğəmbər (s) Əlini (ə) özü ilə aparmaq istəmirdi. Bu barədə Əli (ə) Peyğəmbərə (s) şikayət edir, Peyğəmbər (s) isə buyurdu: Mən səni öz yerimə xəlifə tə’yin etdim. Səninlə mənim aramda olan münasibət Harunla Musa (ə) arasında olan münasibət kimidir, sadəcə olaraq məndən sonra peyğəmbər gəlməyəcək. Qoşun susuzluqdan əziyyət çəksələr də Təbuka çatdılar, lakin Rumluların döyüşə hazırlaşmaları xəbəri yalan çıxdı. Təbuk müharibəsi Peyğəmbər (s) hələ sağ ikən müsəlmanlarla qeyri-müsəlmanlar arasında baş vermiş sonuncu döyüş idi. Bunun ardınca bütövlükdə Ərəbistan təslim oldu. Hər qəbilədən nümayəndələr gəlib onların islamı qəbul etmələrini Peyğəmbərə (s) çatdırdılar. Təxminən demək olar ki, bütün qəbilələr müsəlman olmuşdular. Ona görə də bu il sənətul-vufud adlanmışdır, yə’ni həmrəylik, birlik ili.

Əlavə: 7094693.jpg(5Kb)
 
MətnHicrətin dördüncü ili Cəmadiul-əvvəl ayında Peyğəmbər (s) Əbuzər Ğəffarini Mədinədə öz yerinə tə’yin edib qoşunla birgə bəni Müharib və bəni Sə’ləbə tayfasının üzərinə yürüş etdi. Ğətəfan qəbiləsindən olan bu iki tayfa Nəcddə məskunlaşmışdılar. Müsəlmanlar düşmənlə üz-üzə gəldilər, lakin döyüş baş tutmadı və onlar düşmənin hiyləsindən ehtiyat edərək xovf namazı qıldılar (Döyüş vaxtı düşmən qorxusundan 4 rük’ətli namazın əvəzinə 2 rük’ət namaz qılınmasına – xovf namazı deyilir). Şə’ban ayında Peyğəmbər (s) Ühüd müharibəsində Əbu Süfyanla gəldiyi qərara əsasən müharibə etmək üçün Bədrə gəldi. Əbu Süfyan öz qoşunu ilə Məkkədən çıxaraq gəldiyi zaman yolda peşiman olub geri dönür. Hicri tarixinin beşinci ilində Dumətul-cəndəl və bəni Əl-müstələq ğəzvələri də oldu. Dumətul-cəndəl ğəzvəsində döyüş olmasa belə, digər cəhətdən çox mühüm sayılırdı.

Müəllifi: - Administrator
Yazılma tarixi - 2009-Noyabr-12 saat 17:24
wry_yikda Tarix: Şənbə, 2010-Fevral-13, 16:15 | Sıra nömrəsi: 2

Yazıları: 83
Şərhlər üzrə aktivliyinə görə
38
Menbelerde yazilsa yaxsi olardi

Ac Ol kIsI Ol
Söhbət sosiskada deyil, adam gerek vnimatelni olsun
 
MətnMenbelerde yazilsa yaxsi olardi

Müəllifi: - wry_yikda
Yazılma tarixi - 2010-Fevral-13 saat 16:15
...:::BAAU Forum:::... » ..:::Ordan Burdan:::.. » Dünya dinləri » İslam tarixi (Maraqlı xəbərdir.Buyurun oxuyun.)
Page 1 of 11
Search:
Yüklənir...