Bir Azərbaycan toyu indi neçəyə başa gəlir? | Azərbaycan | ๑۩۩๑ Made in BAAU ๑۩۩๑ Bir Azərbaycan toyu indi neçəyə başa gəlir? Bir Azərbaycan toyu indi neçəyə başa gəlir?
Bir Azərbaycan toyu indi neçəyə başa gəlir?
3

Oğlanları toydan qorxudan səbəb...

Hər bir xalqın toy və yas mərasimləri, ümumiyyətlə adət-ənənələri onun dünyagörüşünü, fəlsəfi baxışlarını və dəyərlər toplusunu özündə ehtiva edir. Azərbaycan türklərinin də bu mənada zəngin dəyərlər sistemi var. Əsrlərin, ən çətin dövrlərin sınağından çıxan bu sistem indiyə kimi Azərbaycan xalqı haqda geniş məlumat verməkdədir. Nənə-babalarımızın yaşatdığı, qoruyub bizlərə əmanət etdiyi bu mərasimlər, təəssüf ki, son illər öz mahiyyətini dəyişərək eybəcərləşdirilməkdədir. Qonaqların dəvət edilməsindən onların yola salınmalarına qədər hər şey tamam təhrif formada təqdimf olunur. İndiki toylar sanki özünüreklam və dəbdəbəli paltarlar, bahalı maşınların yarışına çevrilib. Bu səbəbdən də toy mövzusu bu gün bəzi ziyalılar, ekspertlər və bu sahədə çalışanların mübahisə mövzusuna çevrilib. Çünki toylar təkrarçılığı, oxşar xüsusiyyətləri, eyniliyi ilə insanları yormaqdadır.

Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov bir müddət öz qızının toyunda yenilik etmək istəsə də, cəhdləri boşa çıxdı, hətta baş kulinarı o zaman qınayanlar da tapıldı. Belə ki, T.Əmiraslanov Bakı toylarında qaydalara əks olaraq israfçılığın qarşısını almaq və başqalarına nümunə olmaq üçün süfrəyə pomidor, xiyar, pendir, göyərti, su, şirə və şərbət qoymuşdu. Daha sonra qonaqların istəyindən asılı olaraq nimçələrdə öncə aş, sonda isə digər xörəklər, kabablar təqdim edilmişdi. Gətirilən bütün yeməklərin çəkisi 50 - 80 qram olub. Bütün bunları isə toya gələnlər həm təəccüb, həm də narazılıqla qarşılayıblar.

Mərasimin təşkilatçısı - Milli Kulinariya Mərkəzinin icracı direktoru Nailə Mürsəlovanın dediyinə görə, T.Əmiraslanov bununla insanları toylarda baş alıb-gedən israfçılığın qarşısını almağa, qədim adət-ənənələrə sahib çıxmağa və milli xörəklərimizə hörmət etməyə cağırıb. Ancaq qonaqların 80 faizi toydan narazı gedib. N.Mürsəlova bu gün milli xörəyimiz - bərəkət rəmzi olan aşın toyun sonunda süfrəyə verilməsinin düzgün olmadığını da deyir: "Bu səbəbdən də aşın üzünə baxan olmur. Yeməklər isə tökülüb süfrədə qalır ki, bunun zərərini də toy sahibi ödəyir".

Oğlanları toydan qorxudan səbəb...

Millət vəkili Hadı Rəcəbli isə hesab edir ki, toyla bağlı xüsusi qanun layihəsi işləyib-hazırlamaq lazımdır: "Müasir toylarda milli-mənəvi dəyərlər get-gedə yox olur. Onun əvəzində Avropa adətləri üstünlük təşkil edir. Əslində, Azərbaycan adət-ənənələri ilə sivil dünyanın adətlərini qovuşdurmaq lazımdır. Hazırda bizim toylarda müşahidə edilən problemlərdən biri də israfçılığa yol verilməsidir. Bütün bu çatışmazlıqların qarşısını almaq üçün cəmiyyətdə tanınmış şəxslərin, ziyalıların tədbir görməsi, onların müasir, mədəni bir toy nümunəsi göstərməsi lazımdır. Məsələn: Avropadakı müsbət hallardan biri toy mərasiminin əvvəlcədən proqnozlaşdırılmasıdır. Öncədən toyun proqramını çap etdirib dəvətnamə ilə birlikdə qonaqlara paylamaq da yaxşı olar".

Statistik məlumatlara görə isə Azərbaycanda il ərzində təxminən 90 min toy mərasimi keçirilir. Ancaq bu gün toy etmək imkanı olmadığı üçün ailə qurmaqdan çəkinənlərin də sayı az deyil. Gənclər arasında apardığımız sorğu zamanı maraqlı məqamlara rast gəldik. Paytaxt sakini - 33 yaşlı Anar Hümbətov evlənmək üçün oğlana 10 min manat pul tələb olunduğunu deyir: "Bu gün evlənmək dəblə ayaqlaşmaq, özünü kimlərəsə göstərmək, bəzən də toy edib pul qazanmaq məqsədi güdür. Qızların isə o qədər tələbi var ki, oğlan evi bilmir hansını yerinə yetirsin. Öncə gəlinə qızıl-brilyant alınır, sonra isə bahalı gəlin paltarı, gəlin maşını, baş bəzəyi və sair. Hələ elə ailələr var oğlan evindən südpulu və başlıqpulu da tələb edir. Üstəgəl nişan, xına və toy mərasimlərinin təşkili üçün xərclənən pullar. İndiki cavanların əksəriyyətinin minimal əməkhaqqı ayda 300, uzağı 500 manatdır. Onunla da ayı birtəhər başa vurursan. Belə səbəblərdən də ailə qurmaq yada düşmür".

İlqar Məmmədovun şikayəti isə müasir qızlardandır: "Gündə bir dəb çıxır, qızlar da onu tələb edirlər. Bugünkü qızlar israr edir ki, toydan qabaq rəqsə gedək, toyumuz ən bahalı restoranda olsun və məşhur müğənnilər iştirak etsin ki, dost-tanışın yanında başımız uca olsun. Bu cür tələbləri yerinə yetirməyə də mənim imkanım çatmır. Ona görə də subayam".

Kasıblar üçün gəlinlik 200 manatadır

Şikayətlərin nə dərəcədə doğruluğunu öyrənməkdən ötrü toy üçün tələb olunan atributların qiymətləri ilə maraqlandıq. Toyun ən əsas atributlarından biri gəlinlik paltarıdır. Qədim adət-ənənəyə görə, gəlinlik paltarı evin ən qiymətli əşyası kimi saxlanılar və gələcəkdə qız övladı gəlin köçərkən ona hədiyyə edilərdi. İndi isə bu dəb dəyişib. Gəlinliklər toy mərasimi üçün 1 günlük kirayəyə götürülür. Bildirək ki, gəlinlik biznesi ilə məşğul olanlar bundan yaxşıca gəlir əldə edirlər. Hazırda əhalinin həm kasıb, həm də varlı təbəqəsi üçün gəlinliklər tapmaq olar. Ən ucuz gəlinlik 200 manat, ən bahalısının qiyməti isə 2500 - 3500 manat arasındadır. Hazır gəlin paltarları İtaliya, Türkiyə, Dubaydan gətirilir.

Əhalinin nisbətən kasıb təbəqəsinin üz tutduqları "Laçın" və "Moskva" univermaqlarına baş çəkib gəlinliklərlə maraqlandıq. "Laçın"da mənzərə o qədər də ürəkaçan deyil. Belə ki, qiymətlər ucuz olduğu üçün gəlin paltarlarının əksəriyyəti köhnə təsir bağışlayır. Buradan paltarı 150, lap köhnə paltarı isə 100 manata da kirayə götürmək olar. Nisbətən təzə paltarlar isə 200 - 250 manatadır. Satıcılarla söhbət zamanı öyrəndik ki, müştəri sarıdan problem çəkmirlər: "Hətta rayonlardan da gəlib buradan paltar götürənlər var. Çünki qiymətlərimiz hər kəsin cibinə uyğundur. Ancaq elə imkansız adamlar var ki, heç 150 manata da gücü çatmır". Şəhərin mərkəzindəki mağazalara üz tutanlar isə oradan paltarı 500 manatdan başlayaraq daha baha qiymətə götürürlər. Gəlinlik ayaqqabılarının isə ən ucuzu 20, bahalısı isə 300 - 400 manatdır.

May "gəlin maşını bazarı"nı öldürüb

Bahalı maşında gəlin köçmək də təmtərağın əsas atributu sayılır. Sovet dönəmində imkanlılar "QAZ-24"də gəlin köçərdilər, sonra onu "Limuzin" əvəz elədi. Son illər isə üstünlük üstüaçıq, ikinəfərlik kupe tipli maşınlara verilir. Bununla yanaşı, gəlinlik maşını kimi şəhərdə son modeldə olan ən bahalı maşınlar da seçilir. "Gəlinlik maşını bazarı"na hazırda metronun "Xalqlar dostluğu", "Memar Əcəmi" stansiyalarının yaxınlığında rast gəlmək olar. Vəziyyəti öyrənmək üçün "Xalqlar dostluğu" stansiyasında səbirsizliklə müştəri gözləyən maşın sahiblərinə yaxınlaşdıq. Öyrəndik ki, dəbdəbə ilə bəzədilmiş gəlinlik maşınının qiyməti vaxtdan asılı olaraq dəyişir: "Müştəriyə maşın saat 4-də verilir və axşam geri alınır. Qiymətlər isə maşının markasından, görünüşündən asılı olaraq 200 manatdan başlayaraq bahalaşır".

Eldar adlı maşın sahibi bildirdi ki, may ayı olduğu üçün onların "bazarı" bağlanıb: "Toy eləyən yoxdur. Mayda iş getmir. Buradakı maşın sahiblərinin çoxu avtomobili kreditlə götürüb kirayəyə verir. Ancaq durğunluq olarkən krediti ödəyə bilmirik".

Həmsöhbətimiz hazırda evlənməyə hazırlaşan cütlüklərin ağ rəngli maşınlara üstünlük verdiklərini dedi: "Elə müştərilər, əsasən də varlı adamlar var ki, toyu maraqlı etmək üçün "Kraysler" və ya "Kabriolet" modelli maşın axtarır. Ancaq belə maşınlar şəhərdə çox azdır. "Limuzin"i isə sifariş edən daha yoxdur".

Gəlin maşını biznesi ilə məşğul olanlardan onu da öyrəndik ki, kirayə verilən maşını bəy idarə edə bilmədikdə onlara sürücü də verilir: "Bəzən maşını nisyə aparanlar da olur. Sənəd aldıqdan sonra onlar toydan götürdükləri pulla haqqımızı ödəyirlər. Vəziyyəti başa düşüb ailə quranları yola veririk".

Maşın-maşın cehiz olmalıdır...

Mərasimin əsas qəhrəmanı olan gəlinə qızıl almaq isə toy dəbinin özülünü təşkil edir. Bunun üçün orta hesabla oğlanın ailəsinə 3000 manatdan başlayaraq daha çox məbləğdə pul tələb olunur. Toy günü gözəllik salonlarında gəlinin bəzədilməsində ən ucuz qiymət isə 200 manatdır. Ancaq gəlinin daha yaraşıqlı görünməsi üçün bahalı gözəllik salonları 400 - 800 manat tələb edir. Şadlıq evlərində isə adambaşına qiymət orta hesabla 30 - 50 manatdır. Şadlıq evləri tərəfindən təqdim olunan fotoalbom, məclis zalının dizayn xərcləri, aş gətirənə verilən pul, musiqiçilərə edilən "hörmət" və sair - ümumilikdə ortabab toy etmək üçün 10 min manat vəsait tələb edilir. Həmçinin qızın ailə qurması üçün çəkilən xərc oğlan evinin xərcindən heç də ucuz başa gəlmir. Belə ki, qıza cehiz vermək hələ də ənənə, dəb halındadır. Ailə var-yoxundan çıxır ki, qıza verilən cehiz oğlan evinə göndərildikdən sonra tənqid hədəfinə çevrilməsin. Apardığımız araşdırma zamanı qıza layiqli cehiz almağın orta hesabla 6 - 7 min manata, daha bahalı cehiz almağın isə 15 - 20 min manata başa gəldiyini öyrəndik.




Yükləyib: Administrator2010-May-24 Çap Etmək
Şərhlərin sayı: 3
Yazıb: Pis_Oglan #3 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike? Spam
hayif deyil palatka toyu........
Yazıb: ErasmuskA #2 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike? Spam
hmm
Yazıb: Tapdiq #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike? Spam
Maraqlı araşdırmadır.
Bu günkü toylar mənə ləzzət eləmir.Şəhər bir qırağa,hətta kənd toyunun belə kayfı yoxdur.Səs-küy,süfrənin üstünə düzülmüş saysız yeməklər ifrat dərəcəsindədir.Hər şey bəhsə bəhsdir.Adət-ənənə deyilən şey,demək olar ki,qalmayıb.Bir azdan sonra bizim toylardan da "Qorka,Qorka" sözləri eşidiləcək.
Hər halda,şəhərdə babat toy eləmək üçün təxminən 8000-10 000 $ pul lazımdır.
P.S. Axır vaxtlar,toylarda tanışlar mənim nə vaxt evlənəcəyimi soruşurlar.Deyirəm ki,7-8 ildən sonra fikirləşərəm.Deyirlər ki,elə niyə?Deyirəm,mən də kayfavat eləməliyəm,ya yox...
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Bizim yeni dizaynımız sizcə necədir?
  
  

Səs verib: 493-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar