Azərbaycanın ən qədim şəhərlərindən biri də Gəncədir. Gəncə şəhərinin tarixi barədə çoxlu məlumatlar, rəvayətlər var. Bunlardan biri də belədir Ərəb canişini Məzyəd öz alaçağını Aranda üç təpənin yanında qurmuşdu. Bir gecə o, qəribə bir yuxu gördü. Naməlum bir səs ucadan ona deyirdi ki, ortadakı təpəyə xəzinə basdırılmışdır. Öz atını o təpəyə sür. At harada dırnağını yerə döysə, oranı qazdır. Nə tapsan, ona şəhər tikdir və adını da Gəncə (xəzinə) qoy! Sonrakı iki gecə dalbadal Məzyəd eyni yuxunu təkrar gördü. Məzyəd yuxuda ona deyildiyi kimi də etdi. Atını ortadakı təpəyə sürdü. Həqiqətən də at dırnağını yerə döyməyə başladı. Həmin yeri qazdırdı. Qazılan yerdən, doğrudan da, 3 qazan tapdı. Qazanlar pulla dolu idi. Bu pulların hesabına Məzyəd Gəncə şəhərini saldırdı. Gəncə şəhərinin yaranması haqqında rəvayətlərdə nə deyilirsə-deyilsin, bir məsələ heç bir şübhə doğurmur: 944-cü ildə slavyanlar qonşuluqdakı Bərdəni qarət etdikdən, onu dağıtdıqdan sonra Gəncə Aranın əsas ticarət və sənətkarlıq şəhəri kimi tanınmağa başladı. .. Ərəblərin ağalığına son qoyulduqdan sonra Azərbaycanda bir sıra dövlətlər yarandı. Bunlardan biri də Şəddadilər dövləti idi. Şəddadilər dövlətinin paytaxtı Gəncə oldu. Şəddadilər şəhərin möhkəmləndirilməsinə xüsusi fikir verirdilər. Onlar paytaxtın ətrafında qala divarları tikdirdilər. Qalanın möhkəm dəmir qapıları var idi. Bütün divar boyu enli və dərin xəndək qazdırılmışdı. Gəncə möhkəm qala-şəhər idi. Şəhər sürətlə inkişaf edirdi.12-ci yüzillikdə Gəncədə təxminən 500 min nəfərə qədər adam yaşayırdı. Bu dövrdə dünya ölkələrində Gəncə kimi böyük şəhərlər az idi. Gəncədə çoxlu dövlət-idarə binaları vardı. Uzun müddət paytaxt şəhəri olmuş Gəncədə sultan sarayı, ayrı-ayrı hökmdarlara, ruhanilərə, dövlət məmurlarına məxsus olan saraylar, imarətlər, həmçinin məscid, mədrəsə, hamamlar və başqa binalar tikilmişdi. Bu isə şəhərdə memarlığın və bununla əlaqədar olan bir çox sənət sahələrinin inkişafına təkan vermişdi.12-ci yüzillikdə Gəncə bütün şərqdə ən məşhur ticarət və sənətkarlıq şəhəri oldu. Gəncəli ustalar 11-ci yüzillikdə süni bağça düzəltmişdilər. Bağçanın ağırlığı 20 kq idi. Bu bağçanın ağacları və yarpaqları qızıldan düzəldilmişdi. Ağacların meyvələri isə qiymətli daş-qaşlardan idi. Gəncədə cözəl və yaxşı silahlar düzəldilirdi. Şəhərdə ən çox satılan mallardan biri silahlar idi. Gəncə əhalisi həmişə özü ilə silah gəzdirirdi. Onlar cəsur döyüşçü və mahir oxatan idilər.Gəncədə sənətkarlar çox idi. Onlar sənət növü üzrə birləşir, öz birliyini yaradırdılar. Sənətkarlar öz peşələrinin adını daşıyan məhəllələrdə yaşayırdılar (məsələn, zərgərlər məhəlləsi və s.). Şəhərdə müxtəlif cür dulusçuluq şeyləri də hazırlayırdılar. Gəncədə ipəkqurdu bəslənilməsi də geniş yayılmışdı. Gəncə ətraf rayonlarla birlikdə Azərbaycanın ən böyük ipəkçilik mərkəzlərindən biri idi. Buradan başqa ölkələrə atlas, xam ipək, zərxara, iplik və ipək parça, «Əl Gəncə» adlanan xüsusi paltar aparırdılar. Gəncə bazarı çox gur olurdu. Ətraf kəndlərdən gələnlər burada meyvə, bostan məhsulları, mal-qara, qoyun və s. satır, özlərinə lazım olan sənətkarlıq məhsulları alırdılar. Azərbaycanın başqa yerlərindən buraya tacirlər mal alıb-satmağa gəlirdilər.Gəncə bir neçə dəfə zəlzələ nəticəsində dağılmış, xalq isə öz sevimli şəhərini yenidən abadlaşdırmışdı. 1139-cu il sentyabrın 30-da –cümədən şənbəyə keçən gecə Gəncədə böyük bir zəlzələ baş verdi. Şəhərdə çoxlu dağıntılar oldu. Gəncə elə dağılmışdı ki, sanki burada əvvəllər heç vaxt şəhər olmamışdı. Zəlzələ zamanı Gəncə əhalisinin təxminən 230 min nəfəri, digər məlumata görə 300 min nəfəri, həlak olmuşdu. Zəlzələ zamanı Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsdi və Göygöl əmələ gəldi. Bu göl indi də Azərbaycanın mirvarisi sayılır. Fürsət gözləyən gürcü çarı dağılmış şəhərə hücum edib onu qarət etdi. Gəncə qalasının darvazalarını da hərbi qənimət kimi Gürcüstana apardı. Bu darvazaların bir tayı indi də orada saxlanılır. Lakin tezliklə xalq öz sevimli şəhərini abadlaşdırdı. O yenə də Azərbaycanın iri sənət və ticarət şəhərinə çevrildi. Gəncə həm də Azərbaycanın və bütün Şərqin ən böyük elm və mədəniyyət mərkəzlərindən biri idi. Burada bütün şərqdə məşhur olan zəngin kitabxanalar, mədrəsələr, məktəblər vardı. Gəncədə çoxlu alim və şair yetişirdi. Azərbaycan xalqının dahi oğlu, dünyanın ən böyük şairlərindən biri olan Nizami Gəncəvi burada yaşayıb-yaratmışdır. Cəncə məşhur şairə Məhsəti Gəncəvinin də vətənidir.
Gəncə şəhərin adının mənşəyi «Gəncə» adının nədən başlanması, hansı anlamı bildirməsi haqda elmi ədəbiyyatda müxtəlif fikirlər mövcuddur. Araşdırıcılardan bir qrupu onun pəhləvi (parfiya) sözü olan «gəncə», yəni «xəzinə», bir qismi geniş, böyük mənasına gələn «gencə» ifadələri ilə, digərləri isə əsgi türk tayfaları hunlar və gəncəklərin adı ilə bağlı olması versiyalarını irəli sürürlər. Gəncənin tarixi və etnoqrafiyası haqda geniş tədqiqatlar aparmış gənc alim, tarix elmləri namizədi, dünyadan vaxtsız köcmüş Fərrux Əhmədov özünün «Gəncənin tarix yaddaşı» (Bakı, «Şirvannəşr», 1998) əsərində qədim şəhərin adının türk mənşəli olduğunu əsaslandıraraq diqqətəlayiq bir mülahizə ilə çıxış edir: «… Qaynaqlar inamla Kürboyu vilayətlərdə türklərin hökmranlığından xəbər verirlərsə, təbii ki, bu tayfaların hakiminin – xanının (xaqanının, kaqanının) iqamətgahı, baş kəndi olmamış deyildi. Və bu iqamətgahın məhz Gəncə olmasını inkar etmək üçün heç bir əsas yoxdur. Hesab edirik ki, əski çağlarda şəhər Gəncə yox, Qança (və ya Kançə) adlandırılmışdır (bax: İbn Xordadbek "Kniqa putey i stran" – kommentarii, issledovaniye, ukazateli i kartı Naili Velixanovoy, Baku, 1986, s. 78, 226). Bu sözün ilk komponenti "qan", "kan", "kaan", "xan" türk dillərində hakim, sərkərdə, başçı deməkdir. Sözün ikinci hissəsi olan – ca (-cə, -ça, -çə) tarixi Azərbaycanın ərazisində çox geniş yayılmaqla məkan, yer, yurd bildirir. Belə qənaətə gəlmək olar ki, "Gəncə", "Qanca", "Kancə" sözləri "xan yeri", "xan məkanı", "xan yurdu", "xanın, xaqanın oturduğu yer" anlamını verir. Maraqlıdır ki, XX əsrin əvvəlinə kimi "Qanja" və "Xan yurt" adları yerli əhalinin dilində Gəncənin cənub hissəsindəki dağlıq yerlərdə saxlanmışdı».
Gəncə şəhərin gerbi Günəş, ay və səkkizguşəli ulduz yadelli işğalçılara qarşı mərdliklə vuruşmuş və 1804-cü ildə bu mübarizədə həlak olmuş Gəncə hökmdarı Cavad xanın bayrağının üstündə olan emblemin analoqudur.
Emblemdə olan ölçü rəmzləri: Günəş – əbədi həyat simvolu; Ay – əbədi işıq rəmzi (ağ işıq olduğuna görə daha çox azadlıq rəmzi kimi işlədilir); Səkkizguşəli ulduz (günəşin rəmzi) – azərbaycançılıq simvoludu; Ay üzərində palıd yarpağı – möhtəşəmlik, uzun ömürlülük və müdriklik simvoludur; Fon – yerliyin yaşıl olması, islamçılığın rəmzidir.
Aşağıda yazılmış Gəncə adı vizual baxımdan kompozisiyanın birbaşa hifz olunmağına şərait yaradır. Emblemdə monumentallıq və əzəmət əsas yer tutur. Bu rəmzlər birləşərək Gəncə şəhərinin obrazını, onun qüdrətini, tarixini və mənəvi dünyasını bəşəri bir səviyyədə yaşadır.
Gəncənin 2500 yaşı: tarixi əsaslar Bir neçə gün əvvəl Azərbaycanın, eləcə də şərqin ən qədim şəhərlərindən olan Gəncənin 2500 illiyi təntənə ilə qeyd edildi. Keçmiş və müasir tariximizin ən möhtəşəm maddi və mənəvi məkanlarından biri, Azərbaycan milli ruhunun aynası olan Gəncə şəhərinin böyük coşqu ilə keçirilmiş bu yubiley şənliklərinə on minlərlə insan qatıldı. Tədbirlərdə yüzlərlə qonağın, respublikamızın tanınmış incəsənət ustalarının iştirakı da qədim şəhərimizin iki minillik və beş yüzillik bundan öncəki çağlara gedib çıxan ad gününü ümumxalq bayramı səviyyəsinə qaldırıldığının göstəricisi idi. Şübhəsiz, bu söylənilənlərin həyata keçirilməsi,yaşadığımız dövrün reallıqlarına uyğun olaraq, ilk növbədə şəhərin birinci şəxsinin təşəbbüsləri ilə bağlıdır. Gəncəyə rəhbərlik etdiyi 3 il müddətdə öz yenilikçilik və quruculuq əzmi ilə seçilən, ixtisasca tarixçi olan Eldar Əzizov real inkişaf üçün milli-mənəvi intibahın da vacibliyi məsələlərini özünün fəaliyyət planına daxil edib. Gəncənin 2500 illik tarixə malik olması faktının təsdiqinin Azərbaycan dövlətçiliyi və ideoloji məsələlər baxımından hansı əhəmiyyəti kəsb etməsinin sübuta ehtiyyacı yoxdur. Bu mənada, sözügedən tarixin mətbuatda daha ətraflı izahına, onun necə deyərlər, «informasiya dəstəyi»nə ciddi yanaşılmalıdır. Biz də bu məqsədlə tariximizin ən əski çağlarına ekskurs etməyi gərəkli saydıq. Onu da qeyd edək ki, dünyanın Roma, Afina, Kiyev, Sankt Peterburq, Moskva və s. kimi bir sıra iri şəhərlərin salınması hansısa dövlət, imperiya, eləcə də şəxsiyyətlərlə bağlı olduğundan, onların dəqiq tarixi məlumdur. Bu baxımdan, əlbəttə ki, şərq, xüsusən də Azərbaycan şəhərlərinin o qədər də «bəxti gətirməmişdir» və onların əksəriyyəti ilk növbədə öz coğrafi-iqlim şəraitlərinə görə formalaşmış, daha sonralar müəyyən təkamül dövrünü keçərək, bölgədəki necə deyərlər, tarixi-siyasi həyatda iz qoymuşlar.