Sinxron tərcümə
0
Fialə Abdullayeva
Sinxron tərcüməçi hazırlığı təcrübəsindən
Sinxron tərcümənin tarixi XX əsrin ortalarına təsadüf edir. İlk dəfə Nyürenberq məhkəməsini dinləmək üçün yığışanlar beynəlxalq səviyyədə sinxron tərcümədən bəhrələnmişlər. Həmin vaxtdan bəri hər il çoxlu sayda konfranslar keçirilir və iştirakçılar öz dillərində və ya beynəlxalq dillərdən birində iclasların gedişini təxminən eyni zamanda izləyə bilirlər. Hazırda sinxron tərcümə böyük sayda iştirakçıların və ya mətbuat nümayəndərinin təşrif buyurduqları bir sıra dillərin istifadə olunduğu görüşlər, diplomatik danışıqlar və bəzən də məhkəmə prosesləri kimi hüquqi şəraitlər üçün məqsədəuyğun və çox əlverişli sayılır. Bu da onunla əlaqədardır ki, ardıcıl tərcümədə hər bir nitqə ayrılan vaxt ikiqat artır, yəni məruzənin tərcüməsi də müəyyən vaxt aparır, beləliklə, ümumilikdə tədbirin sürəti faktiki olaraq yarıya bölünmüş olur. İşlənmə məkanına uyğun olaraq, sinxron tərcüməyə bəzən «BMT-stilli tərcümə» və ya «konfrans tərcüməsi» də deyilir.
Azərbaycan müstəqillik qazandıqdan sonra paytaxtımız da bir çox beynəlxalq konfransların keçirildiyi ünvana çevrilmişdir. Nəticədə ölkəmizdə sinxron tərcüməçilərin hazırlanması bir problem kimi qarşıya çıxmışdır. Lakin bu sahədə mütəxəssis hazırlığı bir sıra ciddi çətinliklərlə üzləşir.
Birincisi, çətinliklər Azərbaycan Respublikasının müstəqillik qazandığı son dövrə, doxsanıncı illərə qədər ölkəmizdə sinxron tərcümə təcrübəsinin, demək olar ki, mövcud olmaması ilə əlaqədardır. Bunun səbəbi bir tərəfdən, Azərbaycanda Sovet dövründə beynəlxalq səviyyəli görüşlərin olduqca cüzi sayda keçirilməsi, digər tərəfdən Azərbaycan dilindən rəsmi dairələrdə istifadə olunmaması ilə izah edilir. Rus dilli sinxronçuların hazırlığı ilə isə Moskva və digər SSRİ şəhərləri məşğul olurdular. Buna Azərbaycanda heç ehtiyac da yox idi. «... əvvəlki Sovetlər İttifaqında sinxron tərcüməçilər Moskvada hazırlanırdı, onun ərazisində təşkil olunan bütün beynəlxalq forum, simpozium və konfranslarda işçi dil rus dili idi. Bu səbəbdən tərcüməçi-dilmanclar hazırlanarkən rus və xarici dillərdən biri aktiv və passiv dil kimi öyrədilirdi. Əgər Azərbaycan Respublikasında hər hansı beynəlxalq görüş keçirilirdisə, onda şübhəsiz ki, Moskva rəsmilərini öz tərcüməçiləri müşayiət edirdi» (1, s.61).
Sinxron tərcüməçilərin hazırlığı ilə bağlı ikinci bir çətinlik ondan ibarətdir ki, tərcümənin bu növünün öz təbiəti xüsusi diqqət tələb edir. Təsadüfi deyil ki, Roderik Counz sinxron tərcümənin ardıcıl tərcümədən fərqli daha iki çətinliklə səciyyələndiyini xüsusi olaraq vurğulayır. O, şifahi tərcümənin bu növünün akustik baxımdan çətinliyini dinləmə və danışma proseslərinin qeyri-təbii olaraq eyni zamanda baş verməsində görür, intellektual baxımdan çətinliyi isə məruzəçinin fikrini tərcüməçinin əvvəlcədən duyması zərurəti ilə əlaqələndirir (8, s.71-72). Belə ki, bu mürəkkəb prosesdə tərcüməçi vaxt itirmədən natiqi dinləyə-dinləyə təxminən eyni zamanda nitqi tərcümə etməlidir, burada dinləmə, anlama, tərcümə dilinə çevirib səsləndirmə mərhələləri arasındakı müddət çox anidir (Konfrans Tərcüməçilərinin Beynəlxalq Assosiasiyasının rəsmi internet saytındakı məlumata görə, altı saatlıq iş günü ərzində sinxron tərcüməçi təxminən 65 çap səhifəsinə bərabər materialı şifahi tərcümə etmiş olur. ( 4,s.2)). Bu elə bir məharət və səriştə tələb edir ki, tərcüməçi eşitdiyi fikri tərcümə dilində ifadə edə-edə növbəti cümləni də tuta bilsin. Belə bir səriştənin formalaşması üçün xüsusi məşq tələb olunur. Sinxronçular hər şeydən əvvəl, gözəl dinləmə, həm də səlist və gözəl nitq söyləmək qabiliyyətinə malik olmalıdırlar. Bir türk xalq məsəlində deyilir ki, «Anası, cocuğuna təkcə söyləməyi deyil, dinləməyi də öyrət ki, sənin balan əsl danışmağı öyrənmiş olsun» (2, s.18). Sinxron tərcüməçinin dinləmə qabiliyyətini, eləcə də qısamüddətli yaddaşını inkişaf etdirmək üçün başlanğıc mərhələdə tələbələrə ana dilində eşitdikləri informasiyanı öz sözlərilə təkrarlamağı tələb edən çalışmalar vermək olar. Sinxron tərcümənin tədrisi ilə bağlı xarici ölkələrin təcrübəsində sözlərin, cümlələrin və paraqrafların ingiliscə “shadowing” termini ilə ifadə olunan təqlid yolu ilə izlənməsi, sinonimlərin verilməsi və bu zaman tələbələrin danışa-danışa başqa bir mövzuda nəisə yazması da effektli hazırlıq çalışmaları sayılır (3, s.46; 5, s.3). Bu çalışmaların məqsədi tələbənin fikrini iki «kanalda» eyni zamanda çalışmağa alışdırmaqdan ibarətdir (6, s.12). Nyürenberq məhkəməsində dilmanclıq etmiş Peter Less isə ötən əsrin birinci yarısında Cenevrə Universitetinin nəzdində fəaliyyət göstərən Sinxron Tərcümə Məktəbindəki tədris təcrübəsini belə təsvir edir: «Bu, ikillik bir kurs idi. Bizi şüşə kabinələrdə əyləşdirirdilər. Əvvəlcə, hər bir hecanı vurğulaya-vurğulaya çox yavaş-yavaş danışırdılar: ‘Heute ist das Wetter sehr schoen.’—‘Bugün hava çox gözəldir.’ Bir neçə həftədən sonra sürətlə və aksentlə danışdılar. Biz tədricən eyni zamanda dinləməyi və danışmağı öyrəndik» (7, s.45).
Biz dinləmək dedikdə xarici dildə ifadə edilən fikri tutmaq bacarığını da buraya daxil edirik. Bu isə öz növbəsində xarici dilə mükəmməl surətdə yiyələnməyi tələb edir. Əlbəttə, beynəlxalq səviyyədə keçirilən görüşlər ciddi mövzulara həsr olunduğundan əlaqədar ixtisas sahəsindən xəbərdar olmaq zərurəti ortaya çıxır. Hazırda respublikamızda konkret sahələr üzrə sinxron tərcüməçilərin hazırlanmadığını nəzərə alaraq, məsləhət görülür ki, tərcüməçilər iştirak etdikləri görüşlərin materialları ilə xeyli əvvəl tanış olsunlar, mövzu üzrə mövcud ədəbiyyatı diqqətlə nəzərdən keçirsinlər. Konfrans təşkilatçıları ilə sıx əməkdaşlıq olmadan bu işin uğurla nəticələnəcəyinə ümid yoxdur, məhz burada da çətinliklərdən biri ilə üzləşirik. Təəssüf ki, bu sahədə təcrübə əksər hallarda natamam xarakter daşıyır; tərcüməçini haqqı ödənilərkən deyil, tərcümə edərkən tərcümə etdiyi şəxsdən qat-qat ideal görmək istəyirlər. Əslində isə məsələ bir qədər fərqli şəkildə qoyulmalıdır: yəni tərcüməçi öz məsuliyyətli rolunu dərk edərək ideal mütəxəssis olmağa daim can atmalı, ətrafdakılar isə onun avtomat mexanizm deyil, məhz canlı insan olduğunu nəzərə almalıdırlar.
Sinxron tərcümə ilə bağlı digər bir çətinlik də konkret olaraq, bizim şəraitlə əlaqədar Azərbaycan və ingilis (eləcə də digər Avropa) dillərinin müxtəlif qrammatik quruluşa, fərqli söz sırasına malik olmasındadır. Misal üçün Azərbaycan dilindən ingilis dilinə tərcümə edərkən xəbəri eşitmək üçün tərcüməçi əksər hallarda cümlənin sonunu gözləməli olur. Halbuki əgər tərcüməçi öz intuisiyasından, uzaqgörənliyindən, keçmiş biliyindən və ya kontekstdən istifadə etmirsə, həmin xəbərin cümlədəki fikri təsdiq və ya inkar etdiyini bilmədən ingilis dilində mübtədadan sonra ikinci yerdə gələn xəbəri qrammatik cəhətdən formalaşdırmaq mümkün deyil. Məlumdur ki, tərcüməçini öz intuisiyası aldada bilər, onun keçmiş biliyi də kömək etməyə bilər və ya kontekstin əksinə olaraq, məruzəçinin fikri reallıqdan fərqli də ola bilər. Eləcə də ingilis dilində tamamlıq xəbərdən sonra gəldiyi üçün Azərbaycan dilinin söz sırasını (mübtəda+tamamlıq+xəbər) pozmamaq üçün tərcümə zamanı yenə də cümləni axıradək dinləmək lazım gəlir. Deməli, burada sinxron tərcümə tipoloci baxımdan yaxın dillərdəkindən daha mürəkkəb xarakter alır, təbii ki, ləngimə prosesi artır. Tələbələrə başa salmaq lazımdır ki, sinxron tərcümədə əslində, məruzəçinin dediyi cümlə ilə onun tərcüməsi heç də həmişə eyni zamanda başlamır və eyni zamanda qurtarmır. Adətən sinxron tərcüməçinin 2 və ya 3 söz hesabında ləngiməsi məqbul sayılır. Lakin əsas olan - cümlədəki hər bir sözün deyil, ifadə olunan fikrin tərcümə dilində verilməsidir. Bu da sinxron tərcüməçiyə qeyri-vacib informasiyanı ixtisar etməyə, ən qısa söz və ifadələr işlətməyə, ümumiləşdirmə üsulundan istifadə etməyə, uzun cümlələri bölərək sadə cümlələr şəklində tərcümə etməyə ixtiyar verir. Elmi ədəbiyyatda göstərildiyi kimi, əslində «hesablamalara görə vaxtın yalnız 42%-ni natiqlə tərcüməçi eyni zamanda danışır, vaxtın 12%-ni onların hər ikisi susur, 18%-ni yalnız natiq danışır, halbuki vaxtın 28%-ni əksinə yalnız tərcüməçi» (9, s.37). Tələbələri elə məşq etdirmək lazımdır ki, dillərin qrammatik quruluşu ilə əlaqədar baş verən ləngiməni kompensasiya etmək üçün məruzəçinin çıxışındakı ən qısa fasilələrdən belə məharətlə istifadə edə bilsinlər. Doğrudur, sinxron tərcüməyə başlamazdan əvvəl tərcüməçi-tələbələr artıq ardıcıl tərcümə etməyi bacarmalıdır, lakin dərslərdə elə ilk vaxtlardan tələbələrə ümumi (yəni tərkibində çox cüzi naməlum sözlər olan, yaxud informasiya cəhətdən çox da ağır olmayan) mətnləri sinxron tərcümə etmək tapşırıla bilər. Bunun üçün Böyük Britaniyada və ya ABŞ-da çap olunmuş ingilis dili dərsliklərinin kasetlərindən istifadə etmək olar. Növbəti mərhələdə isə hələlik kabinə sistemimiz olmasa da, öz səsimiz və ya xarici həmkarlarımızın səsi ilə lentə yazılmış mətnlərlə işləmək yaxşı nəticələr verir. Bu baxımdan şəhərimizdə keçirilən konfrans və seminarların materialları da tərcüməçilərin hazırlığında dəyərli töhfə sayıla bilər, çünki bu, tələbələri təcrübədə qarşılaşacaqları bir çox çətinliklərlə, eləcə də yeni terminlər və biliklərlə tanış edər və onlar özlərini süni şəraitdə deyil, məhz tədris məqsədi ilə tərtib olunmuş materiallarla işləyərkən olduğundan fərqli, müəyyən qədər reallıqla qarşılaşırmış kimi hiss edə bilərlər.
Deyilənlərlə əlaqədar olaraq gələcək sinxronçularla iş bir neçə istiqamətdə aparılmalıdır: onlar öz ana dillərini yaxşı bilməklə yanaşı, xarici dilə də mükəmməl şəkildə yiyələnməli, həm də bu dildə gözəl nitq vərdişləri əldə etməli, ayrı-ayrı ixtisas sahələri üzrə öz lüğət bazalarını artırmalı və bilik toplamalı, mövcud imkan daxilində müntəzəm məşq etməlidirlər.
Şərhlərin sayı: 0 | |
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış
Bir az Sualımızda...
Şəxsi Kabinet
Ən son şərhlər və birinci 8-lik
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|
Statistika və dost saytlar
İstifadəçilər
Qonaqlar