“Sony” şirkəti 3,5 düymlü disketlərin istehsalını dayandırır.
Bu addımla şirkət 20 il ərzində geniş istifadə olunan formatın tarixinə son nöqtəni qoyur. “Sony” 2011-ci ilin mart ayından etibarən 3,5 düymlü disketlərin Yaponiya bazarında satışını dayandırmaq niyyətini açıqlayıb. İki il bundan əvvəl 3,5 düym formatlı disketlərin dünya bazarında 40 faizi məhz “Sony” şirkətinin payına düşürdü, şirkətin Yaponiyanın disket bazarında hazırkı payı isə 70 faiz təşkil edir.
Ötən il “Sony” Yaponiya ticarət şəbəkəsinə 8,5 milyon floppi-disklər təqdim edib, lakin bu maksimal satış həcmi 1995-ci illə müqayisədə 10 faizdən də aşağı göstəricidir.
Qeyd edək ki, ilk dəfə 1981-ci ildə buraxılmış 3,5 düymlü disketlər 20 ildən çox müddət ərzində bir kompüterdən digərinə məlumat ötürmək imkanı verən əsas informasiya daşıyıcısı hesab olunub. İndiyədək əksər ofis proqramlarında informasiyanın saxlanılması komandası məhz bu cür disketlərin piktoqramı kimi göstərilir ki, bu da floppi-disklərin keçmiş populyarlığından və tanınmasından xəbər verir.