“Millward Brown” firmasının ekspertləri avtomobil firmalarının qiymətləri haqqında illik hesabatlarını açıqlayıblar.
Siyahıda birinci yeri Almaniyanın “BMW” şirkəti tutub. “BMW” brendinin dəyəri 21,8 milyard dollar hesab edilir ki, bu da ötən ilə nisbətdə 10% artım deməkdir. İkinci yerdə isə 21,7 milyard dollarla ötən ilin qalibi “Toyota” gəlir. Ekspertlər şirkətin səhmlərinin 27% ucuzlaşmasını ötən ilin sonlarından etibarən on minlərlə avtomobilin geri çağırılması ilə izah edirlər.
Üçüncü yerdə 14 milyard dollarla “Honda” qərar tutub.
Dördüncü və beşinci yerləri isə ştutqartlılar bölüşür. Son bir ildə 11% geriləyən “Mercedes Benz”in dəyəri 13,7 milyard dollar ehtimal edilir. 31% geriləyən “Porsche” isə 12 milyardla beşinci pillədə qərarlaşıb.
Növbəti yerdə isə 8,6 milyard dollarla “Nissan” brendi gəlir. Yeddinci yerdəki “Ford” un dəyəri isə cəmi 7 milyard dollardır. Sonrakı yeri isə cüzi fərqlə “Volkswagen” bölüşür – 6,99 milyard dollar.
“Mercedes” və “BMW”-nin əzəli rəqibi olan “Audi” isə cəmi 3,6 milyard dollarla doqquzuncu yerdə qərar tutub.
Ekspertlərin rəyinə görə bütün avtomobil brendləri orta dəyəri böhrandan sonra təqribən 15% düşüb.