Ən gənc nəsrimizin istedadlı nümayəndəsi Elxan Qaraqanın kitabı barədə bir neçə söz Elxanın "Gözəlçə" hekayəsini iki il öncə oxudum. Bu hekayədəki maraqlı təhkiyə, gözlənilməz sonluq məni valeh etdi. Sevindim. Ədəbiyyatımıza istedadlı bir nasirin gəlişinə şübhə ola bilməzdi. Sevincimi Elxanın yaxınlarıyla da bölüşdüm. Bu maddiləşmiş, sözün-ədəbiyyatın ikinci-ücüncü, bəlkə də daha arxa cərgəyə keçdiyi zəmanəmizdə övladının yazıçılıq qabiliyyətinin olduğunu valideyninə çatdırmağın onlar üçün xoşmu, bədmi xəbər olduğunu bilmirəm. Amma bu tapıntı mənim üçün milyonların gətirəcəyi xürrəmlikdən daha artıq bir zövq idi. Yazıçılar Birliyinin gənclər üzrə katibi kimi də məmnun idim. Amma daha artıq ədəbiyyatımıza yeni bir istedadın gəlişini daim arzulayan və bundan qürurlanan bir insan kimi xoşbəxt idim. Mən xalqımızın ən çətin dövrlərdə belə istedadlar yetirmək gücünə daxilən həmişə inanmışam. Və bu inamımın təsdiqləndiyi - mənə sevinc gətirən anlar da az olmayıb. Amma Elxanın bir hekayəsindən hiss etdiyim istedadından narahatlığım da vardı. Birdən o da bu ədəbiyyatın ucuzlaşdığı mühitdə bezər, özünü yazmağın tamam mənasız bir iş olduğuna inandırıb qələmi kənara qoyar. Belə variantda hansısa başqa, daha "müasir" bir iş bəlkə ona maddiyyat baxımından xeyir gətirə bilərdi. Amma bununla bizim ədəbiyyatımızın istedadlı bir gənc nasiri itirəcəyinə yüz faiz əmin idim. Ona görə də hər fürsətdə Elxanı daha çox ədəbi mühitə cəlb eləmək istəyirdim. Alınmayanda nigarançılığım artırdı. Elə bu ayın əvvəlində də Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi yaradıcı gənclərin 2-ci görüş-seminarında Elxanın iştirakına çalışdım. Sevinirəm ki, bu tədbirdə o da iştirak etdi. Və bir neçə gün öz yaşıdlarıyla birgə Zuğulbada "Gənclik" mərkəzində ədəbi müzakirələrə qatıldı. Elə o ərəfədə ayaqüstü görüşümüzdə yeni nə yazdığını soruşdum. Bir roman bitirdiyini, həm də çox təvazökarcasına, bəzi yaşıdlarının yersiz iddialarından fərqlənən sakit bir təmkinlə bildirdi. Bir cadugər haqqında roman! Paula Koelyonun keçən yay oxuduğum cadugər qadın barədə romanının adını yadıma salmaq istədim. Məlum oldu ki, oxuyub -"Portobelli cadugər" Mən indi - bu istirahət günü ömrümdə ilk dəfə olaraq irihəcmli əsəri - Elxanın "A" romanını bilgisayarda oxuyub bitirdim. Oxuduqca həm də kitabın əvəzsizliyinə, əsəri kitabdan oxumağın ayrı bir zövq-ləzzət olduğuna, bilgisayarın heç vaxt kitabı əvəz edə bilməyəcəyinə bir daha əmin oldum. Elxanın romanında Koelyonun romanıyla oxşar məqamlar, xüsusən də struktur baxımından bənzərliklər tapmaq olar. Amma "A" romanı bütünlüklə bir Azərbaycan əsəridir. Fikrimcə, qısa desəm, roman əsrlər boyu ədəbiyyatın təməl mövzularından olan ədalətli cəmiyyət axtarışı barədədir. Romanda Azərbaycan cəmiyyətinin, xüsusən Azərbaycan gəncliyinin yaşadığı problemlər, üzləşdiyi haqsızlıqlar və bunların aradan qaldırılması üçün HOST adlı təşkilatda birləşən gənclərin qeyri-adi mübarizə metodları təsvir olunub. Mənimçün bu roman bir neçə baxımdan təsirliydi. Publisistik məqamlar olsa da - belə bir mövzuda yazılan əsərdə bundan qaçmaq çətindir - əsərin bədii təsir gücü artıq püxtələşməkdə olan bir nasirin gəlişini təsdiqləməyə imkan verirdi. Cəmiyyətimizdəki problemlər və bunun gənclərin mənəviyyatına vurduğu yaralar, gənclərin keçirdiyi sıxıntılar, bir qrup gəncin bir az sadəlövh və romantik mübarizəsi... Və sonda aydın olmur ki, bu hadisələr depressiya keçirən bir gəncin reallaşmayan arzuları, yoxsa dəlixanada gördüyü qarışıq yuxularıdır. Gənclərin fahişələrə qarşı orijinal mübarizələri, rüşvətxor müəllim - Nanə xanım, varlı ata və onun narkoman oğlu, məktəbli yoldaşlarına verdiyi fiziki əziyyətlərdən manyaklaşan İdman Federasiyası rəhbərinin ərköyün oğlu Qasım barədə nağılvari əhvalatlar səmimi və oxunaqlı olduğu qədər ictimai yüklə doludur. Gənclər illər uzunu əzab çəkdikləri problemlərdən yalnız mifik yollarla, ancaq cadugərin edə biləcəyi inanılmaz üsullarla qurtula bilirlər. Mifik metodlara, cadugər obrazına müraciət edən müəllifin ustalığı ondadır ki, oxucunu problemlərin ciddiliyinə inandıra, diqqəti artıq bizimçün adiləşən məsələlərin arxasından boylanan ağır problemlərə yönəldə bilir. Qəhrəmanın psixoloqla söhbəti, dilənçilik edərkən başına gələn əhvalatlar, Abbasın məhkəmədəki monoloqu zamanı həyatımızda baş verən depressiyalar, fikir vermədiyimiz, laqeyd qaldığımız problemlər təsirli vasitələrlə yaddaşımıza həkk olur. İfrat siyasiləşmənin, ictimai proseslərə aludəçiliyin əsl, saf sevgini necə məhv etməsi, mənəviyyatı zədələməsi də aldığım təəssüratlar içindədi. Niyə milli ideologiyamız yaranmır, Qarabağ problemi həll olunandan sonra millətimizi hansı ümumi ideologiyanın birləşdirəcəyi barədə suallar düşünməyə sövq edir və əsəri bitirəndən sonra da beynində dipdiri qalıb çabalayır. Bu günlərdə Ukraynada olarkən səfər yoldaşım - iqtisadçı-müəllim , ədəbiyyat maraqlısı müasir həyatımızın problemləri barədə nədən bədii əsərlər yazılmaması barədə soruşdu. Mən bir neçə əsərin adını çəkdim. Məlum oldu ki, bu ədəbiyyat maraqlısı, ümumiyyətlə son illər bədii əsərlər oxumayıb. İttiham etmək asandı. Buyurun, bu da ən gənc nəslimizin istedadlı nümayəndəsinin, həm də bugünkü həyatımızı bütün çılpaqlığıyla təsvir edən dəyərli əsəri! İndi sıra əlbəttə, oxumaq vərdişini unudan keçmiş oxucuların və bu vərdişə alışmaq istəyən ağıllı gənclərindi. Oxuyun və düşünün! Elxanın maraqlı və təsirli, səviyyəli bir əsər yaratdığı şühbəsizdir. Müəllif romanı "məktəblilərin sinifdənxaric oxusu üçün" tövsiyə edir. Fikrimcə, bu roman nəinki məktəlilərin və gənclərin, həmçinin digər insanlarımızın da diqqətini çəkməyə layiq və qadirdi. İnanıram ki , roman kitab variantında işıq üzü görəndən sonra onun ətrafında əməlli-başlı müzakirələr gedəcək və romanda qabardılan, təkcə gəncliyin deyil, hamımızın yaşadığımız problemlər bizi düşünməyə sövq edəcək. Mən də şühhəsiz bu maraqlı əsəri bir daha alışdığım və sevdiyim kitab variantında da oxuyacağam. İndilikdə isə bu kitaba önsöz yazaraq müəllifə təbrikimi çatdırmaq və ona yeni yaradıcılıq uğurları arzulamaqla ədəbiyyatımıza yeni istedadlı bir nasirin gəlişindən duyduğum sevincimi də oxucularla bölüşmək istədim. 10 may 2009-cu il P.S. Bu həftənin ilk günü otağıma girərkən stolumun üstündə qara cildli, üzərinə qırmızı hərflə "A" yazılmış əl boyda bir kitab gördüm. Artıq Elxanın romanı kitab şəklində işıq üzü görmüşdü. Müəllifi təbrik etdim. Məlum oldu ki, universitet tələbəsi olan Elxan okeanın o tayına üç aylıq yay kurslarına gedir. Ona yaxşı yol arzuladım. Söz verdiyim kimi, romanı kitab variantında bir daha oxuduqdan sonra əmin oldum ki, təəssüratlarımda yanılmamışam. Beləcə, bu ön sözü "525"də çap etdirmək qərarına gəldim.
R. MƏCİD
Şərhlərin sayı: 0 | |
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|