Bölmə» Azərbaycan
Məhəmməd Əmin Rəsulzadə
0
Onun, oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin (1846-1942) müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyması gələcək mütəfəkkirin taleyində böyük rol oynamışdır. Buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirmişdir. Onun inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaratmışdır. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.
Siyasi fəaliyyəti: az sonra "Müsəlman demokratik "Müsavat" cəmiyyəti" adı ilə gizli fəaliyyət göstərən bu təşkilatın bir qolu da İranda qurulmuş və burada başlamış məşrutə inqilabına istiqamət verici rəhbər qüvvəyə çevrilmişdir. M.Ə.Rəsulzadə ədəbi yaradıcılığa da bu illərdə başlamış, "Müxəmməs" adlı ilk əsəri "Şərqi Rus" qəzetində (1903-cü il N20) çap olunmuşdur. 1904-cü ilin axırlarında "Müsəlman demokratik "Müsavat" cəmiyyəti"nin əsasında RSDFP-nin Bakı komitəsinin nəzdində "Müsəlman sosial-demokrat "Hümmət" təşkilatı yaradılmışdır. Bu təşkilatın baniləri Mir Həsən Mövsümov (1882-1907), Məmməd Həsən Hacınski (1875-1931) və Məhəmməd Əmin Rəsulzadə olmuşlar ("Bakinskiy Raboçiy" qəzeti, N60, 18 mart, 1923-cü il). Məşədi Əzizbəyov, Nəriman Nərimanov, S.M.Əfəndiyev və başqa görkəmli inqilabçılar da 1905-ci ildən bu təşkilatın üzvü idilər. Təşkilatın "Hümmət" adlı qəzeti də nəşr edilmişdir (1904-1905-ci illər, cəmi 6 nömrə). Qəzetin əsas naşirlərindən biri də M.Ə.Rəsulzadə olmuşdur. Lakin hələlik onun bir nömrəsi də tapılmamışdır.
Bundan sonra qəzet öz nəşrini dayandırır, 1906-cı ilin dekabrından "Təkamül" adı ilə çıxır. Həmin illərdə Bakı neft mədənlərində və Azərbaycanın qəzalarına ana dilində inqilabi qəzet və intibahnamələrin göndərilməsi bilavasitə M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. 1907-ci il sentyabrın 29-da inqilabçı fəhlə Xanlar Səfərəliyevin Bibi-Heybətdə dəfn günü, onun qəbri üstündə keçirilən böyük yığıncaqda P.Caparidze, S.M.Əfəndiyev, İ.V.Stalin ilə birlikdə M.Ə.Rəsulzadə də alovlu nitq söyləmişdir. Onu da qeyd etmək lazımdır ki, M.Ə.Rəsulzadə əsrimizin əvvəllərindən başlayaraq 1907-ci ilin axırlarına qədər Bakıda inqilabi fəaliyyət göstərən İ.Stalinlə çox səmimi və yaxın dost olmuşdur. Hələ 1905-ci ildə Balaxanı neft mədənlərində varlılar Stalini fəhlələri tətilə dəvət etdiyi üçün neft quyusuna atmaq istəmişlər. Özünü hadisə yerinə çatdıran M.Ə.Rəsulzadə Stalini ölümdən xilas etmişdir. O, Stalinin Bayıl həbsxanasından gizli surətdə qaçırılmasının da təşkilatçısı olmuşdur. 1954-cü ildə, İstanbulda çıxan "Dünya" qəzeti M.Ə.Rəsulzadənin "Stalin ilə inqilab" adlı silsilə xatirə-məqaləsini çap etdirmişdir. O, həmin yazıda da bu barədə söhbət açır. ("Dünya" qəzeti, 23 may 1954-cü il). M.Ə.Rəsulzadənin həmin dövrdə Əli bəy Hüseynzadənin (1864-1941) redaktor olduğu "Füyuzat", həmçinin Əhməd bəy Ağayevin (1869-1939) redaktorluğu ilə çıxan "İrşad" və "Tərəqqi" qəzetlərində müxtəlif mövzularda məqalələri və şeirləri çap olunmuşdur. Müəyyən müddət o "İrşad" qəzetinin müvəqqəti redaktoru da olmuşdur. 1907-ci ildə çapdan çıxmış gələcəyin böyük bəstəkarı Üzeyir Hacıbəyovun (1885-1948) "Türk-rus və rus-türk lüğəti" kitabının naşiri M.Ə.Rəsulzadə olmuşdur. Yenə də həmin ildə o, A.Blyumun "Fəhlə sinfinə hansı azadlıq lazımdır (Xalq nümayəndəliyi haqqında)" kitabını Azərbaycan dilinə təcümə edib və "Təkamül" qəzeti redaksiyası adından Orucov qardaşlarının mətbəəsində çap etdirmişdir. Həmin dövrlərdə bolşeviklərin Rusiya imperiyasının sərhədlərini saxlamaqla və yalnız sinfi ziddiyyətləri aradan qaldırmaq uğrunda mübarizə apardıqlarını hiss eləyən M.Ə.Rəsulzadə RSDFP-nin sıralarından uzaqlaşdı. O, rus müstəmləkə üsul-idarəsinə qarşı Azərbaycan milli istiqlal hərəkatının təməl daşını qurmağa başladı. 1908-ci il dekabrın 5-də Məhəmməd Əminin "Qaranlıqda işıqlar" pyesi tamaşaya qoyuldu. Pyesin ana xəttini milli oyanış və istiqlal hərəkatının təbliği təşkil edirdi. O, özünün bu əsəri ilə "Azərbaycana muxtariyyət" şüarı fikrini yaymağa başlamış və rus çarizm üsul-idarəsi istibdadını yıxmağa çağırırdı. Onun bu pyesi Azərbaycanda milli-istiqlal hərəkatı ilə tam bağlı olan ilk dram əsəridir. Bu əsərdən başqa M.Ə.Rəsulzadənin həmin ildə yazdığı "Nagəhan bəla" adlı pyesi də vardır.
M.Ə.Rəsulzadə İranda: 1908-ci ilin sonunda M.Ə.Rəsulzadə çar üsul-idarəsi tərəfindən onun həbs olunması təhlükəsi ilə əlaqədar olaraq Bakını tərk edərək İrana yola düşür. O, İranda şahlıq üsul-idarəsinə qarşı başlanmış məşrutə inqilabının əsas rəhbərlərindən biri olur. M.Ə.Rəsulzadə Təbrizdə xalqımızın milli qəhrəmanı Səttarxanla və onun silahdaşları ilə görüşür. Cənubi Azərbaycanın şəhər və kəndlərini gəzir, öz doğma xalqının acınacaqlı vəziyyətini yaxından müşahidə edir. Bu müşahidələr sonralar M.Ə.Rəsulzadənin ədəbi yaradıcılığında təsirsiz qalmır. Məmməd Əmin Rəsulzadə Avropa təhsili görmüş bir qrup İran ziyalısı (Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Süleyman Mirzə, Seyid Məhəmməd Rza və b.) ilə birlikdə 1910-cu ilin sentyabr ayında İran demokrat partiyasının əsasını qoyur. O, bu partiyanın əsas orqanı olan "İrane Nou" və "İrane Ahat" qəzetlərinin baş redaktoru olur. Həmin qəzetlərdə M.Ə.Rəsulzadənin çoxlu məqalələri, şeir və publisistik yazıları çap olunmuşdur. O, öz qələmi ilə İranda Avropa tipli jurnalist sənətinin əsasını qoymuşdur. Sonralar Seyid Həsən Tağızadə (1878-1969), M.Ə.Rəsulzadənin xatirəsinə həsr etdiyi nekroloqda yazacaq: "Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən M.Ə.Rəsulzadə olmuşdur" ("Sühən" jurnalı, Tehran, 1955-ci il, No4). İranda həmin il mürtəce "Etidaliyyun" ("Mötədillər") pariyası təşkil edildi. Bununla əlaqədar M.Ə.Rəsulzadə Tehranda 1910-cu ildə fars dilində "Tənqidi-firqeyi-etidaliyyun" adlı kitabını çap etdirmişdir. 1911-ci ildə isə Ərdəbildə müəllifin farsca "Səadəti-bəşər" adlı kitabı nəşr olunmuşdur.
M.Ə.Rəsulzadə Türkiyədə: Çar hökuməti İrandakı inqilabi hərəkatdan qorxuya düşərək onun əsas rəhbərlərindən biri olan M.Ə.Rəsulzadənin ölkədən çıxarılmasını şahlıq üsuli-idarəsindən tələb eləyir. M.Ə.Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün İstambula gedir. O, Türkiyə paytaxtında həmyerliləri Əlibəy Hüseynzadə və Əhmədbəy Ağayevlə görüşmüş, Yusifbəy Ağçura oğlu (1876-1935), Ziya Göyalp (1876-1924) və başqa görkəmli alimlərlə yaxınlıq etmişdir. M.Ə.Rəsulzadə "Gənc türklər" təşkilatına rəğbət bəsləmiş, "Türk ocağı" cəmiyyətində çalışmış və onun əsas orqanı olan, 1911-ci ilin noyabr ayından nəşrə başlayan "Türk yurdu" jurnalının fəal yazarlarından biri olmuşdur. Onun bu jurnalın səhifələrində bir neçə məqaləsi çap edilmişdir. Bunlardan "İran türkləri" (1911-ci il, No4) məqaləsi xüsusilə maraq doğurur. Həmin məqalədə müəllif türk oxucularına Cənubi Azərbaycanın ümumi coğrafiyası və əhalisi haqqında ətraflı məlumat verir və yazır: "Azərbaycanın Qafqaziyada vaqe Rusiya tabeliyində olan bir qismi də İrəvan, Gəncə və Bakı vilayətləri təşkil ediyor" (səh. 108).
O vaxt Türkiyədə çap olunmuş kitablarda və mətbuatda, həmçinin məşhur türk ensiklopedisti Şəmsəddin Saminin "Qamusi-aləm"inin birinci cildində (İstanbul, 1889-cu il,səh.67) "Azərbaycan" məfhumu altında ancaq Araz çayından cənubda yerləşən ərazi nəzərdə tutulurdu. M.Ə.Rəsulzadə, xeyli sonra, 1918-ci il oktyabrın 13-də Bakıda çap olunan "Azərbaycan" qəzetində də bu məsələyə toxunur: "İslam mərkəzi İstanbulda Qafqaziya, xüsusən Azərbaycan haqqında məlumatlar çox azdır".
İstanbulda olarkən M.Ə.Rəsulzadə görkəmli islam mütəfəkkiri Şeyx Cəmaləddin Əfqaninin (1836-1897) "Vəhdəti cinsiyə fəlsəfəsi"ni ("Milli birlik fəlsəfəsi"ni) farscadan türkcəyə tərcümə edir, öz doğma xalqının məişətindən alınmış "Acı bir həyat" əsərini yazır (bu əsər 1912-ci ildə Bakıda nəşr edilir). 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar əfv-ümumidən sonra M.Ə.Rəsulzadə vətənə qayıdır. O, hələ İstanbuldan onun göstərişi ilə 1911-ci ilin oktyabrında keçmiş hümmətçilər Tağı Nağıyev və Abbasqulu Kazımzadə tərəfindən əsası qoyulan "Müsəlman demokratik "Müsavat" partiyası"na daxil olmuş və tezliklə onun rəhbərinə çevrilmişdir (Məhəmməd Əmin Rəsulzadə. "Müsavat" partiyasının quruluşu , "Azərbaycan", Ankara, No15(167), 1966-cı il, səh. 12-18). Bu illərdə M.Ə.Rəsulzadə ədəbi-publisistik fəaliyyətini də davam etdirir. "Yeni lisançılar və türkçülər" məqaləsini, Təbriz həyatından bəhs edən "Bir xan" adlı kiçik hekayəsini, "Dil - ictimai bir əməldir" yazısını "Şəlalə" jurnalında çap etdirir. Sonuncu məqalədə o, Azərbaycan dilini göz bəbəyi kimi qorumağı xalqının qarşısında ən mühüm problem kimi qaldırır.
Bundan başqa, o proletar ədibi M.Qorkinin "Ana" əsərindən bir parçanı Azərbaycan dilinə çevirib çap etdirir. Bu tərçümənin o illərdə Azərbaycan ədəbiyyatına müəyyən təsirini də inkar etmək olmaz. 1914-cü il sentyabrın 16-da şair, yazıçı və jurnalist Əlabbas Müznibin (1882-1938) redaktorluğu ilə ayda iki dəfə nəşr edilən ədəbi-ictimai, iqtisadi, tarixi və siyasi jurnal olan "Dirilik"in birinci nömrəsi çapdan çıxdı. M.Ə.Rəsulzadənin "Dirilik nədir?" adlı baş məqaləsi jurnalın ideya istiqamətini müəyyənləşdirirdi və xalqımızı milli oyanışa çağırırdı. O, bu jurnalın səhifəlrində çap etdirdiyi "Milli dirilik" başlığı altındakı baş məqalələrdə "Azərbaycan qayəsi"ni yayırdı. Mirzə Davud Hüseynov 1927-ci ildə Tiflisdə, rus dilində çap olunmuş ""Müsavat" partiyası keçmişdə və bu gün" adlı kitabında yazır ki, guya 1917-ci ilə qədər "Rəsulzadə üçün Qafqazın tərkibində Azərbaycanın mövcud olması ideyası yox idi. Azərbaycan adı altında o vaxt ancaq İran Azərbaycanı başa düşülürdü. Əlbəttə, bu yanlış fikirdir. Yuxarıda göstərdiyimiz kimi, M.Ə.Rəsulzadə hələ 1911-ci ildə İstanbulda "Türk yurdu" jurnalında çap etdirdiyi "İran türkləri" məqaləsində Azərbaycanın Qafqazın tərkibində olmasını qeyd etmişdir. Bunu da göstərmək lazımdır ki, hələ M.Ə.Rəsulzadədən qabaq maarifçi ziyalılarımızda azərbaycanlılıq qayəsi rişə halında olsa da, var idi. Ancaq bunu tam şəkildə siyasət meydanına M.Ə.Rəsulzadə gətirdi. M.Ə.Rəsulzadə 1915-ci ilin avqustundan "Açıq söz" qəzetini nəşr edir ki, bu da əslində gizlin fəaliyyət göstərən "Müsavat" partiyasının orqanı idi.
M.Ə.Rəsulzadənin Bakıya qayıdışı: 1917-ci ildə fevral burjua inqilabı baş verdi. Silah və zor gücünə kiçik xalqların torpaqlarını işğal edib, dünyanın altıda bir hissəsinə çevrilmiş Böyük Rusiya imperiyası dağılmağa başladı.
Əsən azadlıq mehi müstəmləkə halında inləməkdə olan xalqlarda öz müstəqil dövlətlərini yaratmaq arzusu doğurdu. Həmin ilin martında açıq fəaliyyətə başlamış "Müsavat" partiyasının orqanı "Açıq söz" qəzeti yazırdı: "Şimdiyə qədər qayəmiz, amalımız məlum olmayan, hüriyyət nədir, təşkilat nədir bilməyən və ümumi millətimizə dəstur olacaq milli və siyasi proqramımız bulunmayan, bulunsa da mindən birimizin belə xəbəri olmayan biz müsəlmanlar müdhiş inqilab tufanları içərisində kompassız ortada qaldığımızdan hara gedib çırpınmağa, hansı tərəfə vurnuxmağı bilməyib, cəmiyyətlərimiz də divanələr dəstəsi kimi boğaz-boğaza gəlmişlər ("Açıq söz" qəzeti", No431, 1917-ci il). Həmin ildə Gəncədə Nəsibbəy Yusifbəylinin (1881-1920) rəhbərliyi altında "Türk Ədəm Mərkəziyyət (qeyd:federalist) partiyası" fəaliyyətə başladı. Partiya öz proqramı ilə xalqı tanış etmək üçün Gəncənin Şah Abbas məscidinin həyətində böyük mitinq keçirdi. Bu mitinq "Yaşasın demokratik respublika", "Yaşasın Azərbaycan muxtariyyəti", "Yaşasın Türk Ədəm Mərkəziyyət partiyası" şüarları altında keçirilmişdir ("Baku" qəzeti, No80, 12 aprel, 1917-ci il).
1917-ci ilin aprelində Bakıda Qafqaz müsəlmanlarının qurultayı çağırıldı. Qurultay M.Ə.Rəsulzadənin təklifi ilə Rusiyanı federativ şəkildə təşkil etmək haqqında qərar çıxardı. Bu qurulutayda "Azərbaycan qayəsi" məsələsi yenidən ortalığa atıldı. Həmin ilin mayında maarifpərvər Azərbaycan varlılarından Şəmsi Əsədullayevin (1840-1913) Moskva müsəlman xeyriyyə cəmiyyətinə bağışladığı əzəmətli binada Rusiya müsəlmanlarının qurultayı açıldı. M.Ə.Rəsulzadə Rusiyanı federativ şəkildə qurmaq haqqında məruzə ilə çıxış etdi. Qurultay səs çoxluğu ilə M.Ə.Rəsulzadənin "Türk-tatarlığı, Türküstan, Qazaxıstan, Başqırdıstan və Azərbaycan-Dağıstan kimi bir neçə muxtariyyətlərdən ibarət olacaq gələcək Rusiyanı federativ şəkildə qurmaq" barəsində təklifini qəbul etdi. O, həmin dövrdə özünün "Cəmaət idarəsi" və "Bizə hansı hökümət faydalıdır?" kitablarını çap etdirmişdir. M.Ə.Rəsulzadənin Moskva müsəlman qurulutayında etdiyi məruzə Əhməd Salikovun çıxışı ilə birlikdə "Şəkli idarə haqqında iki baxış" adı altında həmin dövrdə çap olunmuşdur. Həmin ayda M.Ə.Rəsulzadənin redaktorluğu ilə "Qardaş köməyi" jurnalı çap olundu. Jurnalın təəssüf ki, bircə nömrəsi çıxdı. 1917-ci il iyunun ikinci yarısında "Müsəlman demokratik "Müsavat" partiyası" ilə "Türk Ədəm Mərkəziyyət partiyası" birləşib, "Türk Ədəm Mərkəziyyət partiyası "Müsavat" adı altında çıxış etməyə başladı ("Açıq söz" qəzeti, No501, 18 iyun, 1917-ci il). Onun şöbələri nəinki Azərbaycanın bütün qəzalarında və hətta Rusiyanın Həştərxan, Stavropol şəhərlərində, Ukraynanın, Gürcüstanın və Ermənistanın paytaxtlarında, Türküstanın mərkəzi Daşkənddə, Cənubi Azərbaycanın mərkəzi Təbrizdə, İranın Gilan vilayətinin mərkəzi Rəştdə və Türkiyənin paytaxtı İstanbulda təşkil olundu. O, burjua xadimi kimi onu damlamağa çalışanlara cavab olaraq yazırdı ki, mən kasıbçılığın üzündən ali təhsil də ala bilməmişəm, öz pulu ilə Rusiyada və Qərbi avropada təhsil alıb və bu gün özünü bolşevik kimi qələmə verən sizləri nə adlandırmaq olar ("Açıq söz" qəzeti No549, 24 avqust 1917-ci il). Bunu da qeyd etmək lazımdır ki, onun "MAR", "MAR-zadə", "M.R-zadə" "Haman", "Sosialist" və s. kimi gizli imzalarla xeyli məqalələri müxtəlif dövrü mətbuatın səhifələrində çap olunmuşdur. 1917-ci il oktayabrın 26-dan 31-ə qədər 500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən "Türk Ədəmi Mərkəziyyət partiyası "Müsavat"ın birinci qurulutayında Məhəmməd Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri seçilmişdir. Bu qurultaydan sonra Bakıda və Azərbaycanın bütün qəzalarında "Azərbaycana muxtariyyət" şüarı altında xalqımızın milli hərəkatı başlanmışdır. Həmin dövr xalqımızın tarixinə Milli Azərbaycan hərəkatı kimi daxil olmuşdur.
Azərbaycan Demokratik Respublikası hökumətinin təşkil olunması: 1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilmişdir. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şürası yarandı. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şüranın sədri seçildi. 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, xalqımız öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır, onun da dünyada müstəqil surətdə yaşayan xalqlar kimi öz etnoqrafik sərhədləri daxilində azad yaşamağa hüququ var. Bitərəf Fətəlixan İsgəndər oğlu Xoyskinin (1875-1920) başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olundu. Beləliklə, Azərbaycan xalqı nəinki türkdilli xalqlar arasında, həmçinin, bütün islam aləmində ilk dəfə olaraq respublika üsul-idarəsinə qədəm qoydu. İyunun 17-də Azərbaycan milli şürasının iclasında M.Ə.Rəsulzadə öz alovlu nitqində deyirdi: "Dünya müharibəsi və Rusiya inqilabının təsiri ilə yeni doğulmuş və həyat siyasətinə ilk qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr keçirir. Bu yeni türk nüzad siyasəti rişə və buluğ bulub da millətlər zümrəsinə vəsail-həyat olaraq girə biləcək, yoxsa sısqa cocuq kimi südəmər halında tərki-həyat edəcəkdir? İştə bütün zehinləri işğal edən bir məsələ! İştə bir zaman ki, müqəddərat milliliyi əllərinə alanlar üçün Azərbaycan nüzadini tələf etdirməmək kimi müşkül, fəqət müşküllüyü ilə bərabər şərəfli bir vəzifə və məsuliyyət tərtib ediyor" ("Azərbaycan" qəzeti, No41, 1918-ci il).
M.Ə.Rəsulzadə özünün bu alovlu nitqində hələ birinci dünya müharibəsi ərəfəsində "Dirilik" jurnalı səhifələrində qaldırdığı və sonralar isə 1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayında yenidən ortalığa atılan "Azərbaycan qayəsi"ndən söhbət açır. Təəssüf ki, bir sıra görkəmli inqilabçıların əsərlərində 1918-ci il mayın 28-nə kimi, yəni Azərbaycan istiqlaliyyəti elan olunana qədər, bu torpağın Azərbaycan adlandırılması barədə, bu xalqın Azərbaycan xalqı olduğu barədə bir kəlmə də yoxdur. Onlar əsas bir məsələni unutmuşlar ki, rus xalqı müstəmləkə xalq deyildi. Onlar yalnız sinfi zidiyyətləri aradan qaldırmaq uğrunda mübarizə aparırdılar. Amma Azərbaycan müstəmləkə idi və hətta ölkənin adı belə xəritələrdən silinmişdi. Müstəmləkə olan bir ölkədə isə ancaq milli azadlıq hərəkatından söhbət gedə bilərdi. Azərbaycan xalqı qarşısında ancaq müstəmləkədən azad olub, öz müstəqil milli dövlətini yaratmaq məsələsi dayanırdı. Bu çətin vəzifəni M.Ə.Rəsulzadənin rəhbərliyi altında qabaqcıl Azərbaycan ziyalıları o dövrdə öz üzərlərinə götürdülər. 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin təntənəli açılışında M.Ə.Rəsulzadə demişdir: "Biz o zaman ki, bizim üçün ən yaxşı məsələni – "Azərbaycan muxariyyəti"ni müdafiə edirdik, biz onda sağ və sol tərəfdən amansız tənqidə məruz qalmışdıq.
Sağdan bizə deyirdilər ki, azərbaycanlılıq şüarı ilə siz müsəlmanları parçalayırsınız, türkçülük bayrağı qaldırmaqla – Allah yıxsın – siz İslamın əsasını sarsıdırsınız. Soldan isə bizi məzəmmət edirdilər ki, Azərbaycan muxtariyyətini tələb edərək biz vahid demokratik cəbhəni yarırıq. "Müsavat" partiyası birinci olaraq Azərbaycanın müstəqilliyi bayrağını yüksəyə qaldırmışdır.
Beləliklə, müsəlman partiyaları arasında Azərbaycan ideyasında fikir ayrılığı yoxdur. Xalqın şüurunda Azərbaycan ideyası artıq möhkəmlənmişdir… Bir dəfə yüksələn bayraq bir daha enməz!" ("Azərbaycan" (rusca) qəzeti, No59, 13 dekabr 1918-ci il). Bakı Dövlət Universitetinin yaranması da M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. Bu məsələ ətrafında o, bir neçə dəfə Azərbaycan parlamentində çıxış etmiş və universitetin açılmasını qəti tələb etmişdir. Universitetin ilk rektoru olmuş professor V.İ.Razumovski 1922-ci ildə çap etdirdiyi "Bakı şəhərində universitetin əsasının qoyulması" adlı xatirə oçerkində yazır: "M.Ə.Rəsulzadənin sayəsində, onun gücü, maarifçilik köməyi ilə "Müsavat" partiyasında universitetin açıq və gizli düşmənləri partiyanın qərarına tabe olmağa məcbur olmuşlar, biz öz tərəfimizdə artıq iki partiyaya malik idik, "Müsavat" və sosialistlər, bu da parlamentdə çoxluğu təmin edirdi" (Bakı Dövlət Universitetinin xəbərləri, No2, 1922-ci il). 1920-ci ilin mart ayında Bakıda rus dilində çapdan çıxmış, "1920-ci il üçün Azərbaycan respublikasının təqvim-ünvanı"nda oxuyuruq ki, M.Ə.Rəsulzadə "Tarixi-filologiya fakültəsində "Osmanlı ədəbiyyatı tarixi"ndən dərs demişdir. Azərbaycan istiqlalının ildönümü ilə əlaqədar olaraq 1919-cu ildə Bakıda bircə nömrəsi çap olunmuş, lakin geniş oxucu kütləsinə çatdırılmamış "İstiqlal" jurnalında M.Ə.Rəsulzadənin "Azərbaycan respublikası" adlı əsəri işıq üzü görmüşdür.
M.Ə.Rəsulzadə və Stalin: 1920-ci ildə aprel hadisələrindən sonra M.Ə.Rəsulzadə Lahıcda həbsə alındı. Onun tutulması xəbəri həmin il noyabrın əvvəllərində Vladiqafqaz (indiki Orconikidze) şəhərində olan İ.V.Stalinə çatdırıldı. Stalin heç kəsə xəbər vermədən Bakıya gələrək, XII Ordunun xüsusi şöbəsinin rəisi V.Pankratova RSFSR-i Millətlər Komissarlığı adından göstəriş verdi və özü şəxsən həbsxanaya gedib M.Ə.Rəsulzadəni azad etdi. Bununla İ.V.Stalin 1905-ci ildə onu ölümdən qurtaran keçmiş inqilabçı dostu M.Ə.Rəsulzadənin qarşısında öz tarixi vicdan borcunu yerinə yetirdi. O, M.Ə.Rəsulzadəni özü ilə birlikdə Moskvaya apardı və RSFSR Millətlər Komissarlığında mətbuat müvəkkili vəzifəsinə təyin etdi. M.Ə.Rəsulzadə RSFSR Millətlər Komissarlığına tabe olan Moskva Şərqşünaslıq (keçmiş Lazarev) institutunda da fars dilində dərs demişdir. RSFSR-in Millətlər Komissarlığının orqanı olan "Novıy Vostok" jurnalının 1922-ci il 1-ci nömrəsində xəbər verilir ki, 2-ci nömrədə M.Ə.Rəsulzadənin "Qədim İranın kommunistləri" adlı məqaləsi çap olunacaq. Məzdəkizm hərəkatından bəhs edən bu məqalə çap olunmamışdır. Bunu M.Ə.Rəsulzadənin mühacirətə getməsi ilə izah etmək olar. M.Ə.Rəsulzadənin xaricə getməsinin düzgün təfsilatı onun vəfatı münasibəti ilə məşhur Azərbaycan ədəbiyyatşünası, Türkiyədə vəfat etmiş Əbdülvahab Yurdsevərin (1898-1976) xatirə yazısında öz əksini tapmışdır. O yazır: "Müsavat" partiyasının gizli mərkəzi komitəsinin ən mühüm təşəbbüslərindən biri M.Ə.Rəsulzadəni Moskvadan qaçırmaq olmuşdur. Əvvəlcə bir yoldaş vasitəsilə, sonra isə sabiq Parlament üzvü, mərhum Rəhimbəy Vəkilovu (1897-1937) və Bakı əsgəri təşkilatının rəisi, şəhid yoldaşımız doktor Dadaş Həsənzadəni (1898-1926) bir qədər pul ilə Moskvaya göndərmək surətilə M.Ə.Rəsulzadə ilə təmasda olmuşlar. Məmməd Əmin Rəsulzadəyə təklif olunmuşdur ki, elmi-tədqiqat adı ilə Leninqrada getsin. Onun oradan rəhmətlik tatar maarifçilərindən Musa Cərurullah Bigiyevin (1875-1949) müyəssər yardımı ilə və qayıqla Fin körfəzi üzərindən üzərək Finlandiyaya qaçırılması təmin edilmişdir ("Azərbaycan" jurnalı, Ankara, No3, 1955-ci il). Sonralar SSRİ-də baş vermiş faciəli hadisələr göstərdi ki, bu, yeganə düzgün yol idi. Heç şübhəsiz, M.Ə.Rəsulzadə 1925-ci ildən sonra sağ qalmayacaqdı. Beləliklə, M.Ə.Rəsulzadənin mühacirət dövrü başlanır.
M.Ə.Rəsulzadənin mühacirət dövrü: 1928-ci ildə İstanbulda M.Ə.Rəsulzadənin "Azərbaycan respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti", "Əsrimizin səyavuşu", "İstiqlal məfkurəsi və gənclik" kitabları çap edilir. 1923-cü ildən onun redaktorluğu ilə İstambulda "Yeni Qafqaziya" jurnalı nəşrə başlayır. M.Ə.Rəsulzadə 1928-ci ildə İstanbulda "İnqilabçı Sosializmin iflası və demokratiyanın gələcəyi", "Millət və Bolşevizm" və "Qafqasya türkləri" kimi əsərlərini çap etdirmişdir. Həmin ildə onun redaktorluğu ilə "Azəri türkü" (1928-1931), sonra isə "Odlu yurd" (1929-1930) jurnalları və həftəlik "Bildiriş" (1929-1931) qəzeti də nəşr edilməkdə idi. 1930-cu ildə M.Ə.Rəsulzadənin Parisdə fransız dilində "Azərbaycan və istiqlaliyyəti" və rus dilində "Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm" kitabları çap olundu. 1931-ci ildən M.Ə.Rəsulzadənin mühacirət dövrü Avropa ölkələrində davam edir. Onun redaktorluğu ilə Berlində ayda üç dəfə nəşr edilən "İstiqlal" (1932-1934) qəzeti və "Qurtuluş" (1934-1938) jurnalı çap edilirdi.
1933-cü ildə M.Ə.Rəsulzadənin Berlində çap olunan "Azərbaycan respublikası haqqında bəzi qeydlər" adlı kitabı da böyük maraq doğurur. M.Ə.Rəsulzadə həm də görkəmli ədəbiyyatşünas idi, onun 1936-cı ildə Berlində "Çağdaş Azərbaycan ədəbiyyatı" məqaləsi çap edilmişdir. 1938-ci ildə Berlində alman dilində "Azərbaycan problemi" və 1939-cu ildə Varşavada polyak dilində çıxmış "Azərbaycanın hüriyyət savaşı" kitablarının adlarını çəkməmək olmaz. O, 1938-ci ildən Polşa hökumətində məsləhətçi işləmiş, sonralar, 1940-cı ildən Rumıniyada yaşamışdır. Onun 1943-cü ildə İstanbulda nəşr olunmuş "İslam-türk ensiklopediyası"nın 1-ci cildində "Azərbaycan ləhcəsi" adlı məqaləsi çap edilmişdir. 1947-ci ildən Ankaraya köçən M.Ə.Rəsulzadənin 1949-cu ildə "Azərbaycanın kültür kələnkləri" adlı kitabı işıq üzü görmüşdür. Onun "Çağdaş Azərbaycan ədəbiyyatı" (1950-ci il) və "Çağdaş Azərbaycan tarixi" (1951-ci il) kitabları həmin illərdə M.Ə.Rəsulzadənin məhsuldar işlədiyini göstərir. O, 1951-ci ildə Ankarada "Azərbaycan şairi Nizami" adlı sanballı monoqrafiyasını çap etdirməklə dünya nizamişünaslığına bir çox yeniliklər gətirmişdir.
Həmin ildə M.Ə.Rəsulzadənin Nyu-Yorkda ingilis dilində nəşr olunan "Ukrayna" toplusunun 1951-ci il 3-cü nömrəsinin 7-ci cildində "Azərbaycan respublikası" məqaləsi çap edilmişdir. Londonda ingilis dilində nəşr olunan "Britaniya ensiklopediyası"nda "Müsavat" partiyasının yaranması tarixi və Azərbaycan Demokratik Respublikasının təşəkkülünə aid" məqalə də onun qələmindən çıxmışdır. İkinci dünya müharibəsindən sonra Türkiyədə nəşr edilməkdə olan "Türk ensiklopediyası"nda Azərbaycana aid məqalələrin bir çoxu M.Ə.Rəsulzadə tərəfindən yazılmışdır. Ankarada yaşadığı dövrdə o, "Türk tarix qurumu" və "Türk dili qurumu" ilə yaxından əməkdaşlıq etmişdir. 1952-ci ildən Ankarada nəşr olunan "Azərbaycan" jurnalında xalqımızın tarixi və ədəbiyyatı haqqında silsilə məqaləsini də bura əlavə etsək, M.Ə.Rəsulzadənin heyrətamiz yaradıcılığı haqqında təsəvvür daha da aydınlaşar. O, ikinci dünya müharibəsinə qədər Parisdə rusca nəşr olunan "Qafqaz" (1932-1938) və fransızca buraxılan "Prometey" (1928-1939) jurnallarında öz məqalələri ilə çıxış etmişdir. Onun 1920-ci ildən sonra işlətdiyi açıq və gizli imzalardan "Məhəmməd Əmin Rəsulzadə", "Yalvac oğlu", "Məhəmməd Əmin", "M.Əlif Rəsulzadə" və s. qeyd etmək olar. Ankara universitetinin tibb fakültəsinin klinikasında şəkər xəstəliyindən yatan Məhəmməd Əmin 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə "Azərbaycan… Azərbaycan… Azərbaycan…" deyərək əbədiyyətə qovuşdu. Ankara radiosu martın 7-də saat 22:45-də sabiq Azərbaycan milli şürasının sədri M.Ə.Rəsulzadənin vəfat etdiyini təəssüflə bildirdi.
O, Ankara Əsri qəbirstanlığında dəfn edilib.
Yükləyib: Administrator2010-Fevral-19
Çap Etmək
Şərhlərin sayı: 0 | |
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış
Bir az Sualımızda...
Şəxsi Kabinet
Ən son şərhlər və birinci 8-lik
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|
Statistika və dost saytlar
İstifadəçilər
Qonaqlar