Dünyanın ən iri proqram təminatı istehsalçısı “Microsoft” korporasiyasının 2010-cu ilin I rübündə əldə etdiyi təmiz mənfəət ötən ilin həmin dövründəki 2,977 milyard dollar ilə müqayisədə 34 faiz artaraq 4,006 milyard dollar təşkil edib.
Bu, “Microsoft”un açıqladığı rəsmi hesabatda qeyd olunur. Şirkətin hesabat dövründəki mədaxili 6 faiz artıb və 14,503 milyard dollar olub. Bir il əvvəl bu göstərici 13,648 milyard dollar təşkil edib. 2010-cu ilin I rübü ərzində “Microsoft”un əməliyyat mənfəəti isə ötən ilin analoji dövrünə nisbətən (4,438 milyard dollar) 16 faiz yüksələrək 5,173 milyard dollara çatıb.
Lakin bütün göstəricilərdə artım müşahidə olunduğuna baxmayaraq, şirkətin mənfəəti gözlənildiyindən aşağı olub. Ekspertlərin sözlərinə görə, “Windows” əməliyyat sisteminin satış həcminin istehlakçı seqmentinin hesabına müəyyən artımına baxmayaraq, şirkətlər hələ ki, informasiya texnologiyalarına çəkilən xərclərə qənaət edir və bu sahəyə uzunmüddətli iri sərmayə qoyuluşuna tələsmirlər. Hesabatdan sonra “Microsoft”un bir qiymətli kağızının dəyəri 3,3 faiz, yəni 30,37 dollaradək enib.