Motsart-İlahi səs Motsart-İlahi səs
Motsart-İlahi səs
2
Volfhanq Amadey Motsart Avstriyanın kiçik şəhərlərindən birində - Vyananın yaxınlığında yerləşən Zaltsburqda anadan olmuşdur. Onun atası Liopold Motsart Zaltsburqun hökmdarı - arxiepiskopun sarayında baş konsertmeyster, skripkaçı və kompozitor idi. O, öz uşaqlarının da gözəl müəllimi idi; illər boyu həm kompozisiya sahəsində, həm də müxtəlif alətlərdə (başlıca olaraq fortepianoda və skripkada) çalmaqda Volfhanqın yeganə rəhbəri olmuşdur. Hələ üç yaşında ikən Volfhanq özünün parlaq istedadını büruzə vermişdir. Dörd yaşından atası ona musiqini öyrətməyə başlamışdır. Volfhanq altı yaşında ikən atası və musiqi istedadına malik olan böyük bacısı ilə birlikdə konsertlər vermək üçün Münhenə və Vyanaya getmişdir. O, bir il sonra Brüsseldə, Parisdə, Londonda, Amsterdamda və Avropanın başqa şəhərlərində müvəffəqiyyətlə çıxış etmişdir. Motsartın on doqquz yaşı taman olduqda, bir il ərzində iki opera yazmışdır. Motsart, öz atası kimi, Zaltsburq arxiepiskopunun yanında xidmət etmişdir. Adı bütün dünyada məşhur olan kompozitor axmaq bir ağanın yanında nökər kimi xidmət etmək vəziyyətində qalmışdır; o, başqa xidmətçilərlə birlikdə səhərlər saatlarla arxiepiskopun dəhlizində oturub, həmin gün veriləcək əmrləri gözləmiş, öz əsərlərinə qarşı hər cür zəhərli tənqidlərə, təhqiramiz sözlərə dözmüşdür. Yanlış fikirlərindən dönməyən, inadkarlıq göstərən arxiepiskop kompozitoru öz yaradıcılıq üslubunu düzəltməyə məcbur etmək istəyirdi. Bu kütbaş arxiyepiskop Motsarta və onun atasına qarşı qaba rəftar və təhqirlərilə öz istədiyini etmişdir. Bütün bu təhqirlərdən hiddətlənən Motsart, nəhayət, öz doğma şəhərindən çıxıb getməyə və bir parça çörək üçün Avropanın müxtəlif şəhərlərini dolaşmağa məcbur olmuşdur. Beləliklə onun ağır zəhmət və məhrumiyyətlərlə dolu həatı başlanmışdır. Buna baxmayaraq kompozitor azad olduğuna görə özünü xoşbəxt sayır və böyük yaradıcılıq coşğunluğu ilə işləyirdi.

O, həmin il Vyana teatrının sifarişi ilə "Hərəmxanadan qaçırma" adlı komik operasını yazmış, bu əsərində azad məhəbbət ideyasını tərənnüm etmiş və türk paşalarının həyat və adətlərini amansızcasına istehzaya qoymuşdur. Motsart bu operasında bütün mövcud opera formalarından ustalıqla istifadə etmiş, ciddi və komik operaların priyomlarını üzvi surətdə birləşdirmiş və beləliklə də həqiqi obrazlar yaratmağa müvəffəq olmuşdur.

Motsart öz yaradıcılığında realist pripsipləri təsdiq etmiş, müəyyən edilmiş ənənələri cəsarətlə pozmuşdur. Onun yaradıcılıq fikirləri də zəmanəsi üçün son dərəcə cəsarətli idi. Bu isə kompozitorun maddi cəhətcə asılı olduğu rəsmi dairələrlə qarşılıqlı əlaqəsini bir daha mürəkkəbləşdirmişdir. Lakin Motsart sənətin mənafeyini həmişə hər şeydən yüksək tutmuşdur.

1786-cı ildə Vyana teatrı Motsartın Bomarşenin "Fiqaronun toyu" adlı komediyası əsasında yazdığı yeni operasını tamaşaya qoydu. Bomarşenin əsərindəki cürətli yenilik xüsusiyyətləri, xalq içərisindən çıxan adamın xoşbəxt yaşamaq hüququ uğrunda mübarizə etməsi kimi əhəmiyyətli mövzu - obrazların parlaqlığı, realizmi və hadisələrin sürətli inkişafı Motsartı məftun etmişdi. Motsart bu operasında qəhrəmanların realist, öz ictimai mənsubiyyətlərilə aydın xarakterlərini yaratmışdır. Əsərdə ağıllı, cəsur və çalışqan nökərlərin məhdud görüşlü, pozğun, avara qrafa qarşı qoyulması gözəl rəylərə səbəb oldu və demokratik ruhlu tamaşaçıların qızğın rəğbətini qazandı. Lakin bu əsər saray aristokratiyasının xoşuna gəlmədi.

"Fiqaronun toyu" - opera sənəti tarixində yeni bir mərhələ sayılır. Bu operanın ilk dəfə real həyatdan götürülən librettosu öz dərin məzmunu ilə fərqlənirdi. Ənənəvi opera qəhrəmanları burada öz təbii hissləri və ehtirasları ilə canlı insanlara çevrilmişdi. Məhz buna görə də həmin opera imperatora və onu əhatə edən saray adamlarına xoş gəlməmiş və çox keçmədən repertuardan çıxarılmışdı.

"Fiqaronun toyu" operasının Praqada böyük müvəffəqiyyətlə göstərilməsi Motsartı xüsusilə sevindirmişdi. Çex ictimaiyyəti Motsartın Praqa teatrı üçün yazdığı "Don Juan" operasını da hədsiz ruh yüksəkliyi ilə qarşılamışdı. "Don Juanın" Praqada tamaşaya qoyulması şəhər əhalisinin böyük sevincinə səbəb olmuşdu.

Motsartın opera sənətində islahatı təcrübədə yaranmışdı. Onun opera sənətindəki novatorluğu Qərbi Avropa operasının inkişafı tarixində həlledici rol oynamışdır.

"Mən qəti olaraq belə qənaətə gəlmişəm ki, Motsartın yaratdığı opera forması ən kamil formadır. (Mən məzmunu yox, yalnız formanı nəzərdə tuturam, çünki müasir opera əsərinin musiqisi də, əlbəttə, müasir olmalıdır). Motsartın operalarında xüsusən ansambllar insanı valeh edir: əsərdə iştirak edənlərdən hər birinin öz xarakteri aydın verilmiş, musiqi frazalarının bağışladığı təsir isə mətnin mənasına tamamilə unğundur.

...Bu, opera sənətində mükəmməlliyin ən yüksək mərhələsidir. İndiki kompozitorlar ona görə belə yazmırlar ki, bu sayaq yazmağı bacarmırlar".

Görkəmli rus kompozitoru və nəzəriyyəçisi S. Taneyev Motsartın opera yaradıcılığını belə qiymətləndirmişdir.

Motsart özünün dahiyanə əsəri olan "Don Juan" operasında traqik və komik vəziyyətləri Şekspir sənətinə xas olan bir qüvvətlə qarşı-qarşıya qoymuşdur.

"Don Juan" operasından sonra, 1788-ci ilin yayında Motsart üç məşhur simfoyasını yazmışdır. Bu simfoniyalardan hər biri parlaq fərdi xüsusiyyətlərilə fərqlənir.

Motsartın simfoniyaları musiqi sahəsində bu janrın inkişafına böyük təsir göstərmişdir.

Motsartın son və ən əhəmiyyətli əsərləri xalq nağılı əsasında yazdığı "Sehirli fleyta" operası və "Rekviyem" adlı vokal-instrumental əsəridir. Motsart "Sehirli fleyta" operasında parlaq, şən və nikbin ruhlu musiqi yaratmışdır. "Sehirli fleyta" öz bədii dəyəri etibarilə Motsartın ən yaxşı əsərlərilə yanaşı durur.

Motsartın bir novator-kompozitor kimi yazdığı "Rekviyem" əsəri məzmun və ifadə gözəlliyi cəhətcə onun ən yaxşı əsərlərindəndir. Bu əsərdə faciəli pafos və incə kədər eyni dərəcədə təsirli ifadə olunmuşdur.

Motsart çox az ömür sürmüşdür. O, otuz beş yaşında vəfat etmişdir. Lakin bu az ömründə musiqi sənətinin elə şah əsərlərini yaratmışdır ki, bu əsərlər həm öz sayı, həm də xariqüladə mükəmməlliyi ilə insanı heyran edir. O, iyirmi üç opera, əlliyə yaxın simfoniya, çoxlu instrumental musiqi əsəri - nəğmələr, kvartetlər, kvintetlər, fortepiano və skripka üçün qırxdan çox sonata, skripka üçün altı konsert və fortepiano üçün iyirmi yeddi konsert, nəfəsli alətlər üçün konsertlər və s. yaratmışdır.

Böyük rus mədəniyyətinin görkəmli nümayəndələri Motsartın yaradıcılığını yüksək qiymətləndirmişlər. Dahi rus şairi A. S. Puşkin "Motsart və Salyeri" adlı kiçik tragediya yazmışdır. Motsartın yaradıcılıq müvəffəqiyyətlərinə həsəd aparan, ona ədavət bəsləyən A. Salyeri haqqında olan əhvalat bu əsərin əsas süjetini təşkil edir. Kompozitor N. A. Rimski-Korsakov Puşkinin yazdığı mətni dəyişdirmədən və ixtisar etmədən "Motsart və Salyeri" operasını yazmışdır. P. İ. Çaykovski Motsartın əsərləri mövzusunda "Motsartiana" adlı süita, "Gecə" adlı vokal kvartet yazmışdır.

Böyük kompozitor Üzeyir Hacıbəyov Motsartın yaradıcılığını yüksək qiymətləndirmişdir. Ü. Hacıbəyovun xalq çalğı alətləri üçün "Çargah" mövzusunda (birinci fantaziya) və "Şur" mövzusunda (ikinci fantaziya) yazdığı iki "fantaziya"nın birinci hissəsini Motsartdan istifadə edərək yazdığını yəqin ki, dinləyicilərdən çoxu bilmir. Bu əsərlərin yaradılması tarixi belədir.

Azərbaycanda Sovet hakimiyyəti qurulmasının birinci illərində, Azərbaycan xalqı öz mənəvi mədəniyyətini, incəsənətini inkişaf etdirmək üçün geniş imkanlar qazandığı zaman, Üzeyir Hacıbəyov dünya musiqi klassiklərinin əsərlərini xalq kütlələri arasında yaymaq arzusu ilə mətbuatda məqalələr yazır, Azərbaycan konservatoriyasında musiqidə tərcümə mövzusunda məruzələr edirdi. Üzeyir Hacıbəyov "Musiqidə tərcümə" adlı məqaləsində yazmışdır:

"Ədəbiyyatda tərcümə mövcud olduğu hər kəsə məlumdur. Hər millətin milli orijinal ədəbiyyatı mövcud olduğu kimi, sair millətlərin ədəbiyyatından tərcümə edilmiş əsərlər dəxi az-çox vardır. Fəqət musiqi ədəbiyyatının tərcüməsi indiyə qədər görülməmiş bir şeydir. Bunun da başlıca səbəbi budur ki, Avropa millətlərinin musiqiləri sistem cəhətcə müştərək əsas üzərində müstəniddir. Məsələn: alman millətinin musiqisi milli koloritcə italyan musiqisindən nə qədər təfriq edilirsə də ikisinin də əsası major və minor qammalarıdır. Burada musiqi ədəbiyyatında tərcümə əvəzində: 1 - təbdil, 2 - transkripsiya, 3 - transparasiya, 4 - təsirini dəyişmək, yəni major qamması üzərində yazılmış bir əsəri eyni ilə biradlı minor qammasına keçirmək. Fəqət bunların heç biri tərcümə deyildir. Tərcümə hasil olmaq üçün əsaslar başqa olmalıdır. Qərb musiqi əsasından qeyri olanlardan ən ümdəsi Şərq musiqisi əsasıdır. Belə olduğu surətdə Qərb musiqisi əsası üzərində yazılmış olan bir musiqi əsərini, formasını və mümkün olduqca ideyasını dəxi saxlamaq şərtilə Şərq musiqisi əsasına çevirsək, zənnimizcə, əsl tərcümədən anlaşılan məqsəd hasil olar. Ədəbiyyatda tərcümə edənin birinci məqsədi başqa bir dildə yazılmış əsəri öz dilinə çevirməklə eyni əsəri öz dilində danışanların anlayacağı bir hala salmaqdır. Musiqi tərcüməsi də belə olmalıdır. Yəni şərqlilərcə anlaşılmayan Qərb musiqi parçasını Şərq musiqisinə tərcümə ilə şərqlilərin anlayacağı bir hala salmaq" ("Maarif və mədəniyyət" jurnalı, 1926-cı il, ? 5-6).

Ü. Hacıbəyov özünün bu mülahizəsini sübut etmək üçün Motsartın do major kökündə yazmış olduğu 15 nömrəli sonatasını götürmüş, bu sonatanın birinci hissəsini Azərbaycan musiqi dilinə iki variantda - "Çargah" və "Şur" ladları üstündə tərcümə etmişdir. Vaxtilə Ü. Hacıbəyov bu mövzuda məruzə edərkən, kompozitorun bu əsərləri çalınmışdı. Lakin kompozitor sonrakı illərdə belə bir işin gərəksiz olduğunu, dinləyiciləri klassik musiqi ədəbiyyatını bilavasitə dərk etmək yolundan uzaqlaşdıra biləcəyini görmüş, buna görə də bu işi davam etdirməmişdir. Bununla belə Ü. Hacıbəyovun əməyi hədər getməmişdir. Bir neçə il sonra, 1930-1931-ci illərdə notlu xalq çalğı alətləri orkestri təşkil olunarkən, yeni musiqi kollektivi üçün xüsusi repertuar yaratmaq məsələsi qarşıda dururdu. Bu işdə böyük çətinliklər ortaya çıxmışdı. Xalq çalğı alətləri orkestri üçün notla yazılmış əsərlər yox idi. Orkestrin repertuarını sözün tam mənasında yenidən yaratmaq, həm də bu işi mümkün olduqca tez başa çatdırmaq lazımdı. Elə bu vaxt Ü. Hacıbəyov Motsartın 15 nömrəli do major sonatasından etdiyi "tərcümələrini" xalq çalğı alətləri orkestri üçün, birinci və ikinci "fantaziya" adı ilə hazırladı və bu əsərlərin sonrakı hissələrinə özünün orijinal musiqisini əlavə etdi.

Bütün mütərəqqi bəşəriyyət Motsartı böyük bir sənətkar kimi, öz həyat və yaradıcılığını xalqın mənafeyinə həsr etmiş kompozitor kimi tanıyır. Bütün müasir simfonizm, həmçinin, kamera-vokal və kamera-instrumental musiqisi Motsartın bu sahədəki təşəbbüslərilə sıx bağlıdır. Motsart öz yaradıcılığı ilə dünya musiqi mədəniyyətinin inkişafına böyük təkan vermiş, onu daha da zənginləşdirmişdir.




Yükləyib: ADMIN2009-Oktyabr-09 Çap Etmək
Şərhlərin sayı: 2
Yazıb: DAYI #2 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! -1 Dislike!
Cargah yoxsa Cahargah? crazy mozartin vaxti variydi... hec kes qedrini bilmirdi... acinnan olen olub da... gor amma indi "MARCIA TURCA"-ni tanimayan insan var dunyada???
Yazıb: Tapdiq #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! 1 Like!
Allah evini tiksin!Lap "roman" yazmısan ki?!Bu qədər yazını oxumağa oxot var???!...Əməyə hörmət.
P.S. Görəsən,Motsart sağ olsaydı Bakıda konsert verməyə neçəyə gələrdi???
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Hansı növ oyunları oynamaq istərdiniz?
  
  

Səs verib: 338-nəfər!  
  
Şəxsi Kabinet
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 2
Qonaq: 2
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar