Biantdan soruşurlar:
-Ən pis ölüm hansıdır?
-Qanunla yazılan,- deyə Biant cavab verir. ********
Bir dəfə strateq Alkiviad Sokrata ev tikməsi üçün böyük bir torpaq sahəsi təklif edir. Sokrat: “Bu ona oxşayır ki, mənə bir cüt ayaqqabı lazım olduğu halda, onun əvəzinə bütöv bir öküz dərisi təklif edəsən.”
********
Sokrat zəhər dolu piyaləni başına çəkmək istədikdə şagirdi təşviş içində deyir: “Ustad, axı nə üçün günahsız ölməlisən?!” – “Axmaq, bəs sən istəyirdin mən günahkar ölüm?!”
********
Diogen, adətən, heykəllərin qarşısında dayanıb onlardan sədəqə istəyirdi. Ondan nə üçün belə etdiyini soruşduqda deyirdi: “Özümü rədd cavabı almağa öyrəşdirirəm.”
********
Ekranlarda zavallı adam rollarında çıxış edən Çarli Çaplin həm də öz müstəbid xarakteri və acıdilliyi ilə məşhur idi. Bir dəfə o, öz itini gəzintiyə çıxarır. It yaxınlıqda durmuş son dərəcə arıq bir qadına “sarmaşaraq”, onu yalamağa başlayır. Çarli Çaplin qadından guya üzr istəyir:
- Bağışlayın, madam, mənim itim heç vaxt bu qədər sür-sümüyü bir yerdə görməyib.
********
Ürəyinin ağrısından şikayət edən Sabirə həkimlər:
-“Ciyərləriniz xəstədir!”-dedikdə o:
“Arizi-qəmlər əlindən ürəyim şişmiş idi,
Zənn edirdim edəcəkdir ona çarə ciyərim!
Bəxti-mənhusimə bax, mən bu təmmanədə ikən,
Başladı şişməyə indi üzü-qarə ciyərim!”-beytlərini yazmışdır.
********
Görkənmi polyak skripka çalanı və bəstəkarı Venyavskini sabahı günə “çay içməyə” dəvət edən Peterburq zadəganlarından biri söz arası deyir: “Yeri gəlmişkən, skipkanı da özünüzlə gətirin.” – “Skripkamın adından sizə təşəkkür edirəm, skripkam çay içmir!”
********
Bir söhbət zamanı Heynenin tanışlarından biri ona demişdir: “Siz dünən tamam başqa bir fikri müdafiə edirdiniz?”- “Hər gün daha ağıllı olmaqda kimsə mənə mane ola bilməz”.