-Xəyyam, bu günlərdə sənətçi yoldaşlarınla birlikdə İsraildən qayıtmısan. Eşitdiyimə görə, oradakı azərbaycanlılar sizi çox məhəbbətlə qarşılayıblar. - İsrail bizdən o qədər də uzaq deyil, təyyarə ilə iki-üç saatlıq yoldur. Amma buna baxmayaraq, oradakı həmvətənlər qəribçilik hisslərini ifadə edirdilər və biz o insanlara çoxlu sevinc gətirdik. Hətta konsert bitdikdən sonra əsl mitinq yaranmışdı. “Tez-tez gəlin, sevindirin”, bu sözlər bizim üçün ürəkaçan hal idi. Hamımız üçün xoş idi. Bir neçə gün sonra da bizə İsrail şəhərlərindən zəng vururdular. - Sizin heyət Azərbaycan səhnəsində daha çox musiqiyə diqqət verən, söz-söhbətdən kənar gəzən sənətçilər idi. Bizdə geniş kütlə belə müğənnilərə daha az maraq göstərir. Hətta sevmədikləri və qiymətləndirmədiklərinə efirdə və və mətbuatda daha çox maraq göstərirlər. Yəqin, oradakı maraq sənə daha xoşagələn olmalıdır. - Gərək sənətçi hər bir yeniliyi sənətlə göstərsin, bir-birinin qeybətini qırmaqla yox. - Mən başqa söz deməyə çalışırdım. Etiraf edin ki, ölkə xaricində gördüyün münasibəti hələ Azərbaycan tamaşaçısından görməmisən. - Axı mən ömrümdə bir dəfə Quba Olimpiya kompleksində konsert vermişəm... Camaatın mənə diqqətini görmüşəm və sevinmişəm. Ondan asılı deyil, məncə insandan asılıdır. Təqdimatdan asılıdır. - Mən də doğulduğum torpaqdan olan bir sənətçinin ifasını eşidəndə daha çox fəxr edirəm. - O da ola bilər. Amma bir məsələ də var ki, müğənni səhnəyə çıxırsa, gərək bütün emosiyalar səhnə arxasında qalsın. Onu üzə çıxarıb camaata göstərmək bu sənətçinin qüsuru sayılır. Bir dəfə konsertdə özümü yaxşı hiss etmirdim, birinci hissədə çıxışım uğursuz oldu. Növbəti dəfə səhnəyə çıxan anda rusiyalı müğənni Serov mənə söylədi ki, Xəyyam, sən çıxış edəndə onlara maraqlı deyil ki, sənin evdə və ya həyatda problemlərin var. Onlar səndən ancaq mahnı və ifa istəyir. Bu söz artıq mənim beynimə yazıldı. - Gəl onu da diqqətdə saxlayaq ki, pozitiv görünmək sevilmək demək deyil. Elə müğənni var ki, onu qəmgin görəndə belə tamaşaçının diqqətini çəkir və insanlar artıq o səhnədə ikən sənətçinin nigarançılığını çəkir. - Bu fikir mənim auditoriyama aid deyil. Mən haradasa çıxıb kövrək bir mahnı oxusam, auditoriyam dinləməz. Bir mahnıdan artıq mənə qulaq asmaz. Misal üçün, sizin türk mahnısı xoşunuza gələ bilər, mənim ərəb üslubunda olan mahnı... Kimisi cazı dinləyə bilər, kimi klassikanı. Bu təbii və normal haldır. - Diqqət yetirmisənsə, bu gün kişilər arasında ən çox sevilən müğənni Zamiqdir. O hara gedirsə, fanatlar da arxasınca gəlir. Bu söz xoşuna gəlməyəcəksə, əvvəlcədən üzr istəyirəm. Amma Xəyyam Nisanovu müşahidə edəndə adamın ağlına istər-istəməz “nə yuxarıda yeri var, nə da aşağıda” sözü gəlir. Sənətin, mədəniyyətin öz yerində, çatışmayan geniş kütlənin sevgisidir. - Mən həmişə demişəm bu sözü - mənim öz auditoriyam var. Azərbaycanda ola bilər auditoriyam balacadır. Həmin o kiçik auditoriya məni qane edir. Deməzdim azdır, mənim üçün kifayətdir. Elə anlar olur ki, mən öz tədbirimi çatdırmıram. Konsertlərdir, bütün şəhərləri, dünyanı gəzirəm və öz mahnılarımı gedib ifa edirəm. - Bunların çoxusu yəqin ki, toydur. - Toydan əlavə konsertlərdə iştirak edirəm. Misal üçün bu günlərdə Amerikaya bizim səfərimiz var. Azərbaycandan tək mən olacağam. Başqa ölkələrdən də ifaçılar olacaq. Mənim getdiyim yol tamam başqadır, dinlədiyim musiqi tamam başqadır. Bəlkə bundan irəli gəlir. - Fakt odur ki, pop janrında oxuyursan, geniş kütləyə xitab edirsən. - Nəinki pop, onların içində caz musiqisi, yəhudi dilində mahnılar da daxildir. İvrit dilində mahnılar da var. Amerikada məni o ifalarıma görə gözləyirlər. Azərbaycandan kənarda da özümü göstərə bilərəm. Fakt o deyil ki, burda fanatlar qaçsın, mənim işim, yolum tam başqadır. Fikirləşirəm ki, xaricdə bayrağımızı tanıdım. Ola bilər Rusiya səhnəsində başqadır. Moskvada ikinci kursda oxuyuram, musiqi və caz estrada fakültəsində təhsil alıram. Orda perspektivlər çoxdur. Müsabiqələri fikirləşirəm. - Adətən haqqında söz düşəndə deyirlər ki, Nisanov soyadı, əsli-nəcabəti bu səviyyədə gəlib çatmasına birinci kömək edən vasitədir. - Həmişə demişəm, adım atamın adıdır. Atamı dünyada yaşayan yəhudilər, azərbaycanlılar tanıyır. O dövrün insanları hara getsəm də bilirlər ki, kimin oğluyam. Qaldı Nisanov familiyasına, mən onunla fəxr edirəm, çünki bu soyad hər yerdə çox tanınır, aparıcı biznesmenlər də hörmət edir ... - Elə insanlar da o qənaətdədir ki, olduğun yerdə soyadın kömək olub... - Amma hər halda mən heç kimi maddi cəhətdən kömək olmayıb. Ancaq mənim atamın adı... Atamın yadigarıyam, bu faktor kömək edib. İndiyədək dəstəyi mənəvi cəhətdən almışam. Tanınmış insanlar, biznesmenlər həmişə dəstək olublar, onların məclislərində iştirak etmişəm. İşləyib pul qazanıram, başqa yolu ola bilməz. - Təbii ki, o ad varsa, o adla çağırırlarsa, kömək olacaq. - Yox, gəlin qarışdırmayaq, burda mənim iştirakım və zəhmətimi də qeyd edək. Mən özüm elə insanam ki, heç kimdən heç nə ummuram. Özümün yetərincə imkanım, şəraitim var. Öz təhsilimi alıram, şükür Allaha pulumu ödəyə bilirəm. Yetərincə tədbirlərim var ki, onlardan pul qazanıb işimi görə bilirəm. Onun üçün ehtiyacım yoxdur ki, kiməsə müraciət edim. O ki qaldı mənəvi tərəfdən, bəli dostluq münasibətim var, böyüklər hörmət edirlər. - Oralarda vəziyyət yaxşıdır. Azərbaycanda nəyi hədəfləyirsən, çata bilmədiyin nöqtə nədir? Olduğun mövqedən razılıqla danışırsan? - Çox razılıqla danışmıram. Çox işlər var. Birincisi Heydər Əliyev adına Sarayda solo-konsert planlaşdırıram. Hər bir müğənninin arzusu odur ki, hansısa tanınmış müsabiqədə qalib gəlsin, əməkdar ad alsın. Mən də buna çalışıram. - Əməkdar ad nə verəcək, nüfuz? - Nüfuz yox, stimul verəcək. Sənətçi insana nəinki əməkdar adı, adi bir diplom verəndə sevinir. Bu yaxınlarda Mədəniyyət və Turizm nazirliyi tərəfindən diplom almışdıq. Bu insana stumul verirdi. Dövlət tərəfindən diqqət görəndə hər bir sənətçi çox sevinir. Təbii ki, bu həm də nüfuzdur. Amma mən 99 faizdən kənarda qalan bir faizəm ki, mənə görə stimuldur. Çünki mənim üçün dövlət tərəfindən diqqət vacibdir. - Həmişə şəxsi həyatını geri planda saxlamağa cəhd göstərirsən. Buna görə? Məsələn, yemək proqramlarında görünmürsən... - Yemək bişirməklə aram yoxdur. Məişət tərəfimi göstərmirəm. Çünki ailə qurmamışam, boş-boş danışmağın vaxtı deyil. Bacım burda yaşamır. Lakin evimi bir neçə dəfə çəkiblər, tamaşaçılar anamı görüblər. Elə İsrail səfərinə də anamla birlikdə getmişəm. Anam müsahibə verə bilmir. Onu da məcbur edə bilmərəm. Sirr saxlamıram. Ola bilər ki, ailə qurandan sonra nəsə məlumat verəm. - Əməkdar artist adı almaq üçün çalışan adamın evlənmək fikri bir az uzaq görünür... - Bu maneçilik yaratmır. Evlənmək elədir ki, diqqətli olmalısan. Qismətdən asılıdır. Sevsəm əgər, bir neçə ay ərzində evlənərəm. - Sevmisən? - Hə, gənclik vaxtımda olub. Ondan sonra qız ərə gedib və... - Sonra hind filmlərində olduğu kimi göz yaşları... - Yox olmayıb. Uşaqlıqdan hər şeyi başa düşən olmuşam. Həmişə böyüklərlə oturub durmuşam. Və başa düşdüm ki, 17-18 yaşlı oğlan üçün o vaxt evlənmək çətindir. İndi hazır deyiləmsə, o vaxt təbii hazır deyildim. - Azərbaycan səhnəsini diqqətlə müşahidə edəndə səmimi görünən və ya özünü səmimi göstərən sənətçilər daha çox sevilir. Sən o qədər də səmimi görünmürsən. Bəlkə də ancaq müəyyən dairənin müğənnisi olmağının da səbəbi budur. Razısan? Niyə səmimi görünmürsən?.. - Mən həmişə səmimi görünmüşəm və özümü səmimi göstərmişəm. Siz elə fikirləşirsinizsə... Neyləməliyəm, məni başa salın...Mən necə varam, həyatda da beləyəm. Əgər kimsə də məni səmimi görmürsə, öz problemidir. İnsanların arasında yerimi bilirəm. - Hamı səninlə dostluğu can atır, səncə niyə? - Bilmirəm, mənə elə gəlir ki, elə bir adam yoxdur ki, estradada mənimlə küsülü olsun. Küsəndə də tez barışmışam. Məsələn, bir-birimizi qısqandığımız üçün Nata (Natavan Həbibini nəzərdə tutur - L.Y) ilə küsmüşdüm. Ad günü oldu, sonra barışdıq. İşimdə rəqibim yoxdur. Bəlkə də buna görə ona görə də mənim heç kimlə düşmənçiliyim yoxdur. - Sənin heç kimdən asılılığın yoxdur, lakin ətrafında olan müğənnilərin haradasa asılılığı var. - Həmişə çalışmışam ki, yaxınlarım yanımda olsun. Kimsə bunu başqa cür yozursa, şəxsi problemdir. Heç vaxt belə fikirlərə də cavab verməmişəm. Mən süni adamlardan zəhləm gedir. Gözəl bilirəm kim nədir. Kimlə ünsiyyət qururam, o insanlar mənim dostlarımdır. Masamda onlarla otura bilərəm. - Dostların kimdir? - Çoxdur, hansı ki, tez-tez görüşürük. Ədalət, Natavan, Röya, Vasif Məhərrəmli, Izzət Bağırov.... Onların hamısını yadıma sala bilmərəm. Emildir musiqiçi, Vaqif müəllimdir. O mənim həyatımda çox böyük dəyişikliklər edib. Mahnısı musiqi həyatımın vizit kartı sayılıb. O bütün işlərimdən xəbərdardır. Hara gedirəm, nə edirəm, onunla məsləhətləşirəm. Solo konsertim Vaqif müəllimin rəhbərliyi altında olub. O mənə demişdi ki, özün artıq nəsə yarada bilərsən. O həmişə mənim müəllimim, dostum, böyük qardaşımdır. - İndi də Murad Ariflə işləyirsən. - Muradla nəinki işləyirik, həm də qırğın edirik (gülür). Bir-birimizi nadir hallarda görürük. Üç aya yaxındır işləyirik, lakin illərdir dostluq edirik. “Maşın şou”dan da əvvəl dostluq etmişik. Sözün əsl mənasında dostuq. O layihədə də bir-birimizi sözün əsl mənasında sınadıq. Dedik ikimiz sona qalsaq, maşını böləcəyik. Finala az qalmışdı, son günə qədər fikrimiz olduğu kimi qaldı.
Şərhlərin sayı: 1 | |
Yazıb: Tapdiq #1
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
Bu qaqaş yəhudi əsilli olduğu üçün irəli gedə bilib.Çörəyi Ürisyətdən(RF) çıxır.
P.S. KVN, Səmayə xalanın yası. Roşka: Molla əmi,kim varlıdır?Müsəlmanlar yoxsa xristianlar??? Molla əmi: Yəhudilər,oğlum,yəhudilər. | |
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|