Gündəlik olaraq bəlkə də ən çox istifadə edilən və vaxtımızın çox hissəsinin sərfinə səbəb olan əşya televizordur. Bəli, televizora baxmaq gündəlik həyatımızda əsas məşğuliyyətimizə çevrilib. Ona hamı – uşaqlar, cavanlar və qocalar baxır. Təbii ki, böyüklər baxdıqları şeyləri normal anlama qabiliyyətinə malik olub zərərlini xeyirlidən ayırd edə bilirlər. Ancaq uşaqlar haqqında bunu demək bir qədər çətindir. Sonuncular baxdıqlarını, görüb eşitdiklərini özlərinə xas şəkildə başa düşür, qavrayırlar. Bu isə öz növbəsində bəzən xoşolmayan nəticələrə aparıb çıxara bilir. Axı, dövrümüzdə televiziya kanalları tamaşaçıları maarifləndirən, tərbiyələndirən deyil, əksinə onların əxlaqına təsir edən verilişlərlə “zənginləşdirilib”. “Zənginləşdirilmiş” belə verilişlərin uşaqlara verdiyi “töhfələr” isə dəhşətlidir!
Belə ki, üç yaşına qədərki uşaqların televizora baxması ciddi problemlər yarada bilir. Onları televizorda cəlb edən əsas şey səs və rəngdir. Bunun nəticəsində uşaqlarda nitq və ünsiyyət problemi yaranır. Onlar insanlarla qarşılıqlı münasibətdə olmadıqları üçün daha gec danışır və ünsiyyət qurmaqda çətinlik çəkirlər.
Yeddi yaşına qədərki uşaqlarda isə belə verilişlərlərin üstünlük təşkil etdiyi televiziya kanallarına baxması daha təhlükəlidir. Bu yaşda olan uşaqlar vaxtlarının çox hissəsini evdə keçirdiyinə görə, onların televizora baxmaq imkanları hədsiz çox olur. Bu yaş dövründə yaxşını-pisdən ayırd etmə şüurunun formalaşmaması uşaqlara bu və ya digər əşya və hadisələr ətrafında mühakimə yürütmək imkanı vermir. Yəni, uşaqlar televizorda gördükləri hər bir şeyi həqiqət kimi qəbul edirlər. Həmçinin burada problem uşaqların görüb həqiqət kimi qəbul etdikləri şeyləri real həyatlarına tətbiq edə bilmələri ehtimalı ilə bağlıdır.
Təqribən on iki yaşına qədərki uşaqların televizora baxması isə həddi-büluğa çatmış uşaqların televizora baxması ilə, demək olar ki, eynidir. Yəni, onlar yaxşını pisdən ayırd edə bilirlər. Ancaq bu yaş dövründə də uşaqlar özlərini televizorda gördükləri xarakterlərə oxşatmağa çalışırlar.
Bütün bunların qarşısını almaq mümkündür. Ancaq necə? Təbii ki, siz uşaqlara televizora baxmağı qadağan edə bilərsiniz. Ancaq bu, bir az sərt tədbir olardı. Ümumiyyətlə, əksər hallarda sərt davranış, münasibət tələb olunan nəticəni vermir. Yaxşı olardı ki, bu kimi problemlərin həllində həlimliyə, yumşaqlığa üstünlük verək. Sözügedən problemin həllinə gəlincə, münasib həll metodu övladlarımızı televizora baxmaqdan məhrum etməmək, onlara televizora baxmaq qaydalarını öyrətmək, onlarda münasib verilişləri seçmək qabiıiyyətini aşılamaqdır. Eləcə də hər bir valideyn
övladının nəyə baxdığını bilməli və çalışmalııdr ki, televizora onunla birlikdə baxsın.