Soyqırım
Xocalı soyqırımı
Azərbaycan xalıqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biri də Xocalı soyqrımıdır. Xocalı faciəsi Xatın, Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaydır.
1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırım siyasətini həyata keçirmişdir.
Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülmüş, insanların başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilmişdir. Hücumda həmçinin mayor Oqanyan Seyran Muşeqoviçin (Seyran Oqanyan hazırda Dağlıq Qarabağda ermənilərin qeyri-qanuni rejiminin «müdafiə naziri»dir) komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonun, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və praporşik iştirak etmişdir. («Xocalının işğalına dair istintaq materiallarından»)
Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Rusiyanın «Memorial» hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyidi gətirilmiş, onlarla meyidin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyid (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır.
Xocalı soyqırımı şahidlərinin ifadələrindən:
Ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlı uşaqların sinəsi yarılıb ürəkləri parçalanmış, əksər meyidlər isə tikə-tikə doğranmışdır.
Heydərov Camal Əbdülhüseyn oğlu - «Qaraqaya deyilən yerin yaxınlığındakı fermanın 2 kilometrliyində eybəcər hala salınmış xeyli azərbaycanlı meyidi var idi. Qətlə yetirilmiş uşaqların sinəsini yarıb ürəklərini parçalamış, əksər meyidləri isə tikə-tikə doğramışdılar».
Heydərov Şahin Zülfuqar oğlu - Naxçıvanik kəndi (Xocalı) yaxınlığında 80-ə yaxın meyid görüb. Meyidlər qorxulu vəziyyətə salınmış, başları kəsilmişdir. Milis mayoru Əlif Hacıyev, yaxın qohumları Səlimov Fəxrəddin, Səlimov Mikayıl da qətlə yetirilənlər arasında olmuşdur.
Hümbətov Cəlil Hümbətəli oğlu - Ermənilər onun gözü qarşısında həyat yoldaşı Füruzə, oğlu Muğan, qızı Simuzər və gəlini Südabəni güllələmişlər.
Paşayeva Kübra Adil qızı - Kətik meşəsinə girəndə ermənilərin mühasirəsinə düşmüşdür. Gizləndiyi kolluqdan həyat yoldaşı Paşayev Şura Tapdıq oğlu, oğlu Paşayev Elşad Şura oğlunun güllələnməsinin şahidi olmuşdur.
Əmirova Xəzəngül Təvəkkül qızı - Xocalı işğal olunan zaman erməni silahlıları onun ailəsini bütünlüklə girov götürmüşdür. Ermənilər Xəzəngülün anası Rayanı, 7 yaşlı bacısı Yeganəni və xalası Göycəni güllələyib, atası Əmirov Təvəkkülü isə benzin tökərək yandırmışlar.
Əliyeva Zoya Əli qızı - 150 nəfərə qədər adamla 3 gün meşədə qalıb. Meşədə Zoyanın yanında Əhmədova Dünya və onun bacısı Gülxar donaraq ölmüşdür.
Mustafayeva Kübra Əliş qızı - «Ermənilər bizi girov götürən kimi yanımdakı altı nəfəri yerindəcə güllələmişlər».
Kərimova Səidə Qurban qızı - «12 nəfərlə birlikdə girov götürüldük. Ermənilər qızım Nəzakəti, Tapdığı, Səadəti, İradəni işgəncə ilə öldürmüşlər».
Nəcəfov Əli Ağami oğlu - «Ermənilər qaçan adamları mühasirəyə alaraq 30-40 nəfəri yerindəcə güllələmişlər».
Çar Rusiyasının imperialist siyasəti
XIX əsrin əvvəllərində çar Rusiyası (İran və Rusiya arasında Azərbaycan ərazilərinin bölüşdürülməsinə dair 1813-cü il Gülüstan və 1828-cü il Türkmənçay müqaviləsi imzalandıqdan sonra) qədim Azərbaycan torpaqlarında bufer zona yaratmaq məqsədi ilə «erməni dövləti» qurmaq planını həyata keçirməyə başlamışdır. Hələ 300 il əvvəl gələcək imperiyanın konturları barədə düşünən rus imperatoru I Pyotr Cənuba göndərdiyi qasidlərə tapşırmışdı: «onları (erməniləri) tovlayıb bizim torpaqlara gətirməyə çalışmaq lazımdır ki, Rusiyanın istinadgahı olsun.»
Bu məqsədlə İran və Türkiyə ərazisində yaşayan 300 minə qədər erməni XIX əsrin birinci yarısında Azərbaycana köçürülmüş və İrəvan (indiki Yerevan), Dağlıq Qarabağ, Naxçıvan, Zəngəzur, Dərələyəz, Ordubad, Vedibasar və digər ərazilərdə yerləşdirilmişdir.
Lakin ermənilərin Azərbaycan ərazilərinə köçürülmələrinə baxmayaraq, azərbaycanlılar bu ərazilərdə sayca ermənilərdən üstünlük təşkil edirdi. Məsələn, 1886-cı ildə Gəncə quberniyasının Zəngəzur qəzasındakı 326 kənddən yalnız 81-i erməni kəndi olmuşdur. İrəvan qəzasında əhalinin 66 faizi azərbaycanlı, 34 faizi isə ermənilərdən ibarət idi. Bu ərazilərdə ermənilərin çoxluq təşkil etməsi məqsədilə azərbaycanlılara qarşı soyqırım siyasətinə əl atılmış, ermənilər çar Rusiyası tərəfindən gizli silahlandırılaraq, hərbi dəstələr yaradılmışdır.
İndiki Ermənistan və Dağlıq Qarabağ ərazisindən azərbaycanlıların kütləvi çıxarılması, dinc əhaliyə qarşı zorakılıq, vəhşiliklər Rusiya hökumətinin himayəsi və köməyi ilə XX əsrin əvvəllərində, xüsusilə 1905-1907-ci illərdə xüsusi vüsət almışdır.
Azərbaycanın Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Qazax, Qarabağ əyalətlərində yüzlərlə kənd yandırılmış, əhali uşaqdan böyüyə qədər amansızcasına qətlə yetirilmişdir.
1918–1920-ci il hadisələri, mart soyqırımı
1918-ci ilin martında Rusiya bolşeviklərinin rəhbəri Vladimir Lenin bolşevik Stepan Şaumyanı Qafqaz fövqəladə komissarı təyin edərək Bakıya göndərmişdir. Bolşeviklər Bakıda hakimiyyəti ələ keçirmək adı ilə erməni daşnaklarının silahlı qüvvələrinin gizli niyyətləri üçün şərait yaratmışlar. Martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğını başlamışdır. Stepan Şaumyanın etirafına görə, dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin altı min silahlı əsgəri, eyni zamanda «Daşnaksütyun» partiyasının 3-4 minlik silahlı dəstəsi iştirak etmişdir.
Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllərə qəflətən basqınlar etmiş, əhalini uşaqdan böyüyədək qətlə yetirmişdir. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdır: «Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər».
Ümumiyyətlə, XX əsrin birinci yarısında Zaqafqaziyada baş vermiş iki qırğın zamanı (1905-1907-ci illər, 1918-1920-ci illər) 2 milyona yaxın azərbaycanlı, ermənilər tərəfindən qətlə yetirilmiş, öz ev-eşiyindən zorla qovulmuşdur.
Mart qırğını zamanı Bakı şəhərinin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 azərbaycanlı qadınının meyidi tapılmışdır. Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır.
Qaçıb canını qurtarmağa çalışan əhalini gülləbaran etmək üçün isə ermənilər şəhərin müvafiq yerlərində əvvəlcədən pulemyotlar yerləşdirmişdilər.
İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill «İnsanlar belə imişlər» adlı kitab yazmışdır. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin ingilislərin və Rusiyanın yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək təkcə Bakıda mart qırğını zamanı iyirmi beş min azərbaycanlının qətlə yetirildiyini bildirmişdir.
Daşnakların azərbaycanlılara qarşı soyqırımı yalnız Bakı ilə məhdudlaşmamışdır. Qısa müddətdə Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan, Qarsda da azərbaycanlıların qırğını törədilmişdir.
1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilimişdir. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur.
Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir.
1918-ci iln aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir.
Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırmış, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdür. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür.
İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılımış, əhalisi məhv edilmişdir. (ADR hökuməti, Fövqəladə İstintaq Komissiyasının materiallarından)
1920-ci ilin mayında ermənilərin və XI Qızıl Ordunun iştirakı ilə Gəncədə 12 mindən çox azərbaycanlı qətlə yetirilmişdir.
1948–1953-cü illərdə azərbaycanlıların Ermənistandan deportasiyası
1943-cü il Tehran konfransı zamanı Sovet-İran münasibətləri müzakirə edilərkən, erməni diasporu SSRİ Xarici İşlər naziri V.Molotovdan İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsini xahiş etmişdir. Molotov Tehranda məsələni SSRİ KP MK-nın sədri İ.Stalinə çatdırır və ermənilərin köçürülməsinə razılıq verilir. Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Q.Arutyunov bundan istifadə edərək xaricdəki ermənilərin Ermənistana köçü bəhanəsi ilə azərbaycanlıların Ermənistandan zorla çıxarılması barədə qərar verilməsinə nail olur.
1947-ci il dekabr ayının 23-də SSRİ Nazirlər Soveti «Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında» qərar çıxarır.
Stalin tərəfindən 1948-1953-cü illərdə həyata keçirilən azərbaycanlıların növbəti deportasiyası zamanı ermənilərin xüsusilə diqqət mərkəzində saxladıqları məsələ iqtisadi, sosial və mənəvi cəhətdən güclü, strateji əhəmiyyətli azərbaycanlı yaşayış məntəqələrinin boşaldılması idi. Bu səbəbdən ilk mərhələdə İrəvan şəhəri (indiki Yerevan şəhəri) yaxınlığınldakı yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmiş, sonra isə rayon mərkəzləri, ətraf kənd və qəsəbələrin əhalisi köçürülmüşdür.
Deportasiyaya məruz qalan əhalinin bir hissəsi Ermənistanın dağ rayonlarında yaşadığı üçün Kür-Araz ovalığındakı iqlim şəraitinə çətin alışmışdır. Bu səbəbdən də Kür-Araz ovalığına köçürülmüş on minlərlə azərbaycanlı arasında kütləvi ölüm halları qeydə alınmışdır.
Digər tərəfdən, Ermənistandan köçürülən bir nəfər də azərbaycanlı Dağlıq Qarabağ ərazisinə buraxılmamışdır. Əksinə «Böyük Ermənistan» ideyasının həyata keçirilməsi istiqamətində bu ərazinin azərbaycanlılardan boşaldılması işi planlı surətdə davam etdirilmiş və daxili köçürmə adı ilə 1949-cu ildə Dağlıq Qarabağdan 132 ailə (549 nəfər) Azərbaycanın Xanlar rayonuna köçürülmüşdür.
Eyni zamanda Azərbaycan yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi, təhsil və mədəniyyət ocaqlarının bağlanması, rayonların birləşdirilməsi əməliyyatı həyata keçirilmişdir. 1947-1953-cü illərdə azərbaycanlılar yaşayan 60 məntəqənin adı dəyişdirmişdir. Ümumiyyətlə isə, 1921-1988-ci illərdə Ermənistanda yüzlərlə türk mənşəli yaşayış məskəninin adı dəyişdirilmişdir.
Deportasiya zamanı ermənilərin həyata keçirdikləri hiyləgərlik isə ondan ibarət idi ki, rayon və şəhərlərin əhalisi az sayda azərbaycanlı qalmaq şərti ilə köçürülmüşdür. Azlıqda qalan əhali isə növbəti mərhələdə-Ermənistan ərazisinin tamamilə azərbaycanlılardan «təmizlənməsi» əməliyyatı zamanı ölkədən çıxarılmışdır.
1988–1989-cu illərdə Azərbaycanlıların Ermənistandan deportasiyası
1988-ci ilin yanvarından etibarən «türksüz Ermənistan» siyasəti planlı şəkildə həyata keçirilməyə başlanmışdır. Ermənistan hökuməti, «Qarabağ» və «Krunk» komitələri, Eçmiədzin kilsəsinin nümayəndələri SSRİ rəhbərliyinin himayəsi ilə azərbaycanlıların qovulması prosesində minlərlə qanlı aksiyalar törətmişlər.
Etnik təmizləmə nəticəsində Ermənistanın 185 yaşayış məntəqəsi boşaldılmış, 250 mindən artıq azərbaycanlı və 18 min kürd öz ev-eşiyindən zorla qovulmuş, 217 azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilmişdir. Bunlardan 49 nəfəri ermənilərin əlindən qaçarkən dağlarda donmuş, 41 nəfər qəddarlıqla döyülərək qətlə yetirilmiş, 35 nəfər işgəncələrlə qətlə yetirilmiş, 115 nəfər yandırılmış, 16-sı güllələnmiş, 10 nəfər əzab və işgəncələrə dözməyərək infarktdan ölmüş, 2 nəfər xəstəxanada həkimlər tərəfindən öldürülmüş, digərləri isə suda boğularaq, asılaraq, elektrik cərayanına verilərək, başları kəsilərək qətlə yetirilmişdir.
Əsir, girov və itkin düşmüşlər
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Işçi qrupu tərəfindən 2007-ci il ərzində aparılmış araşdırma zamanı Komissiyada itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərdən 231 nəfərin (sağ - 79 nəfər, həlak olmuş - 75 nəfər, siyahıda təkrar keçdiyi aşkarlanmış - 77 nəfər) taleyinə aydınlıq gətirilmiş, onların adları itkinlərin siyahısından çıxarılmışdır.
Beləliklə, 7 yanvar 2008-ci il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4354 nəfər təşkil etmişdir. Onlardan 3503 nəfər hərbçi, 841 nəfər mülki şəxslərdir (9 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil).
Mülki şəxslərdən 47 nəfər uşaq (16 nəfər azyaşlı qız), 268 nəfər qadın, 371 nəfər yaşlı şəxsdir (168 nəfər qadın).
Əsir, itkin düşmüş 4354 nəfərdən 783 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olmuş, şahid ifadələri alınmışdır.
Əsir və girovluqdan 1393 nəfər azad edilmişdir. Onlardan 343 nəfər qadın, 1050 nəfər kişidir. Eyni zamanda 168 nəfər uşaq (65 nəfər azyaşlı qız), 289 nəfər qoca (112 nəfər yaşlı qadın).
Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 550 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblrdən vəfat etdiyi müəyyən edilmişdir. Onlardan 104 nəfər qadın, 446 nəfər kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir.
Erməni vəhşilikləri
Əsirlikdə qətlə yetirilənlər
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında toplanmış faktlar Ermənistan Respublikasının əsirlikdə olan Azərbaycan vətəndaşlarına qarşı münasibətdə beynəlxalq hüquq normalarını tapdaladığını, o cümlədən «Müharibə qurbanlarının müdafiəsinə dair» 1949-cu il tarixli Cenevrə Konvensiyalarının həyata və ya şəxsiyyətə qəsd etmək, hər hansı şəraitdə öldürmək, şikəst etmək, qəddarcasına rəftar etmək və ya işgəncə vermək, insan ləyaqətinə toxunmaq kimi tələblərini kobud surətdə pozduğunu sübut edir. Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı dinc əhalinin kütləvi şəkildə öldürülməsi, Ermənistan Respubilkasında və Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində əsirlikdə saxlanılmış Azərbaycan vətəndaşlarının dəhşətli işgəncələr və mənəvi əzablara məruz qalması, amansız rəftar və ləyaqəti mütəmadi alçaltmaqla özünüöldürmə dərəcəsinə çatdırılması, soyuqqanlılıqla qətlə yetirilməsi, yaxud verilmiş işgəncələr nəticəsində vəfat etməsi söylədiklərimizə əyani sübutdur.
Aşağıda bu faktların bir qismi göstərilir:
Erməni silahlı birləşmələri Xocavənd rayonunun işğalı zamanı (17.02.1992) Qaradağlı kəndindən girov götürdükləri 117 nəfər kənd sakinindən 80-ə yaxınını yerindəcə güllələmişlər. Bu barədə kənd sakinləri Seyyur Xanlar oğlu Nağıyev, Şahruz Əmirxan oğlu Əliyev və digərləri şahidlik edirlər.
Xocavənd rayonu Qaradağlı kənd sakini Həqiqət Yusif qızı Hüseynova ermənilərin 1992-ci ilin fevralında 10 nəfər həmkəndlisinin diri-diri yandırmalarının şahidi olmuşdur.
1993-cü ilin aprel ayının 1-də Ermənistan silahlı birləşmələriinin Azərbaycanın Kəlbəcər rayonuna genişmiqyaslı hücumu zamanı Ermənistanın Vardenis rayonundakı qərargah radiostansiyasından («QSM-7») Kəlbəcər döyüş bölgəsindəki baş radiostansiyaya («Uraqan») bölgədəki bütün səyyar radiostansiyalara çatdırmaq üçün təcili əmr verilmişdir. Əmrdə əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarını, o cümlədən qocaları, qadınları və uşaqları təcili məhv edib basdırmaq tələb olunurdu. Tələsikliyə səbəb azərbaycanlılar barəsində törətdikləri vəhşiliklərin izlərinin həmin vaxt döyüş bölgəsinə gələn beynəlxalq nümayəndə heyətindən, o cümlədən jurnalistlərdən gizlətmək olmuşdur. Erməni hərbi birləşmələri komandirlərinin efirdəki bu radiodanışığının mətni Azərbaycan Respubilkasının Milli Təhlükəsizlik Nazirliyinn radioəkskəşfiyyat xidməti tərəfindən 1993-cü ilin aprel ayının 6-7-də lentə alınmışdır.
Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndinin 15 dinc sakini ermənilər tərəfindən yerindəcə qətlə yetirilmişdir. Bunların arasında Məhəmməd Əmralıyev, Surxay Əmralıyev, Çingiz Əmralıyev, Aygün Əmralıyeva, Büsat Əhmədova və Çiçək Həsənova da olmuşdur. Bu barədə Xasay Məhəmməd oğlu Əmralıyev və Binnət Abduləli oğlu Əhmədov şahidlik edirlər.
İmarət Məmişovanın ifadəsinə görə, o Kəlbəcər rayonunun işğalı zamanı iki az-yaşlı uşağı ilə girov götürülmüşdür. İmarət Məmişovanın gözləri qarşısında ermənilər səkkiz mülki şəxsi, o cümlədən, onun səkkiz yaşlı oğlu Talehi güllələmiş və meyidləri yandırmışlar. Bundan sonra ermənilər onun özünü, 10 yaşlı oğlu Yadigarı, digər qadın, uşaq və qocaları Xankəndinə apararaq dəhşətli işgəncələrə məruz qoymuşlar.
Erməni girovluğundan 1994-cü ildə azad edilmiş Əhmədovlar ailəsinin şəhadətinə görə, 17 avqust 1993-cü il tarixdə ermənilər Füzuli rayonu Qacar kəndinin 25-dək dinc sakinini onların gözləri qarşısında güllələmişlər.
Erməni girovluğunda olmuş Həsən Məcid oğlu Hüseynov 1993-cü ildə Horadiz-Füzuli yolunda 40-dək dinc əhalinin ermənilər tərəfindən öldürüldüyünü bildirir.
16 fevral 1994-cü ildə Ermənistan Respublikası Xarici İşlər Nazirliyi guya qaçmağa cəhd edərkən atışma zamanı 8 azərbaycanlı hərbi əsirin öldürüldüyünü bəyan etmişdir. Bakıda meyidlər üzərində keçirilən məhkəmə tibbi ekspertizası zamanı Beynəlxalq Hüquq və Sosial Təbabət Akademiyası Rəyasət Heyətinin və Böyük Britaniyanın «Həkimlər insan hüquqları uğrunda» təşkilatının üzvü, professor Derek Paunder azərbaycanlı hərbi əsirlərin eyni silahdan (tapança) gicgah nahiyəsinə yaxın məsafədən açılan atəş nəticəsində qətlə yetirildiyini bildirmiş və əsirlərin guya «qaçmağa cəhd edərkən» öldürülməsi fikrini rədd etmişdir.
Girovluqdan qayıtmış Niyaz Balay oğlu Zeynalov bildirir ki, ermənilər girov götürdükləri, Şuşa rayonu Quşçular kənd sakinləri 1910-cu il təvəllüdlü Səriyyə Tağı qızı Zeynalovanı, 1920-ci il təvəllüdlü Yeganə Dadaş qızı Mədətovanı və Mövsüm Əbdülrəhim oğlu Əhmədovu 11 fevral 1992-ci il tarixdə diri-diri yandıraraq qətlə yetirmişlər.
61 yaşlı keçmiş girov Budaq Əli oğlu Alışanov erməni əsirliyində 5 azərbaycanlının Drmbon kəndində (Dağlıq Qarabağ) ağır fiziki işlərdə qul kimi istifadə edilərək öldürüldüyünün şahidi olmuşdur.
Əsirlikdən azad edilmiş İsrayıl Sarif oğlu İsmayılov təsdiq edir ki, ermənilər girov götürdükləri üç azərbaycanlının başını erməni qəbri üstündə kəsmişlər.
Laçın rayonunun sakini Səmayə Kərimova 2 yaşlı qızı Nurlanəyə və özünə verilən işgəncələrə dözməyərək erməni əsirliyində intihar etmişdir.
18 may 1992-ci il tarixdə Laçın rayonunun işğalı zamanı ailələri ilə birlikdə girov götürülmüş 1977-ci il təvəllüdlü Taleh Mədət oğlu İbişovun bildirdiyinə görə, ermənilər onun atası Mədət Əvəz oğlu İbişovu və bacısı, 1967-ci il təvəllüdlü Yeganə Mədət qızı İbişovanı vəhşicəsinə öldürmüşlər.
1973-cü il təvəllüdlü İlham Nəsirov əsirlikdə uzun müddət ac-susuz saxlanıldığından 23 noyabr 1993-cü il tarixdə Yerevan hərbi hospitalında kəskin kaxeksiya diaqnozundan vəfat etmişdir.
Erməni əsirliyində ölmüş 20 yaşlı Fərhad Rəhman oğlu Atakişiyevin meyidinin qalıqlarının məhkəmə-tibbi ekspertizası sübut etmişdir ki, o müntəzəm döyülmələr və ağır işgəncələr nəticəsində qətlə yetirilmişdir.
Yardımlı rayonu sakini Heydər Heydərov Şuşa həbsxanasında ermənilər tərəfindən verilmiş müntəzəm işgəncələr nəticəsində ölmüşdür. (24.12.1994) Bu barədə keçmiş əsirlər Həbib Əliyev, Əvəz Muxtarov, Əbulfət Qasımov və digərləri şahidlik edir.
Erməni əsirliyində olan Xocalı şəhər sakini Faiq Şahmalı oğlu Əliməmmədov Gəncə şəhərinin adını «Kirovabad» demədiyinə görə, erməni hərbçisi tərəfindən güllələnmişdir. Bu barədə Zülfi İbrahim oğlu Məmmədov, Məmməd Cümşüd oğlu Məmmədov və digərləri şahidlik edir.
Əsirlikdən azad edilmiş Abuzər Manafovun, Həsən Hüseynovun və Aydın Məhərrəmovun ifadəsinə görə, 14 fevral 1994-cü il tarixdə Şuşa həbsxanasında saxlanarkən Kolya, Slavik və Qor adlı nəzarətçilər əslən Beyləqan rayonundan olan İlqar Ənvər oğlu Qurbanovu müntəzəm işgəncələr verərək öldürmüşlər.
1962-cı il təvəllüdlü Şəmkir rayon sakini Fikrət Həsən oğlu Hüseynov müntəzəm döyülmələr və işgəncələr nəticəsində 28 iyun 1993-cü il tarixdə erməni əsirliyində vəfat etmişdir. Əsirlikdən azad edilmiş Bəxtiyar İbrahim oğlu Tağıyev və Mətləb Şiraslan oğlu Allahverdiyev bu faktın şahidləridir. Bakıda keçirilmiş məhkəmə-tibbi ekspertizası zamanı Fikrət Həsən oğlu Hüseynovda qabırğa sınıqları aşkar edilmişdir.
Əsirlikdən azad edilmiş Zöhrab Nadir oğlu Heydərov 21 may 1993-cü il tarixdə Şuşa həbsxanasında, 1973-cü il təvəllüdlü Zahid Nəsibulla oğlu Əmrullayevin erməni nəzarətçiləri tərəfindən boğularaq qətlə yetirildiyini bildirmişdir.
Girovluqdan azad edilmiş Maşallah Bəndəliyev bildirmişdir ki, 1992-ci ilin mayında Xankəndində qarajda saxlanılarkən qarajın sahibi Mero və Sarkisyan Vazqen adlı digər erməni bir nəfər adını bilmədiyi lal girova əvvəl müxtəlif dərəcəli işgəncələr vermiş, sonra isə onun başını kəsmişlər.
İşgəncələr
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında olan materiallar sübut edir ki, Ermənistan tərəfi əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı məqsədli soyqırımı siyasəti yeridir. Yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olmuşdur. Çoxsaylı faktlar göstərir ki, əsir və girovlara müxtəlif dəhşətli işgəncələr verilmiş-onlar vəhşicəsinə döyülmüş, qəsdən şikəst vəziyyətinə salınmış, sinələrinə qızdırılmış xaç nişanları ilə damğa basılmış, dırnaqları və dişləri çıxarılmış, yaralarına duz basılmış, ölənə qədər rezin və dəmir dəyənəklərlə döyülmüş, damarlarına benzin yeridilmişdir.
Aşağıda bu faktların bir qismi göstərilir:
Girov götürülərkən 3 yaşı olan Şövqi Xaqani oğlu Əliyevin (24.07.1993) bazu sümüyü Xankəndində erməni «həkimləri» tərəfindən çıxarılmış, nəticədə Şövqi ömürlük şikəst olmuşdur.
Kəlbəcər rayonunun işğalı zamanı girov götürülən (31.03.93) Gülcamal Quliyevanın yenicə dünyaya gəlmiş oğlu Arzu Hacıyevə erməni «həkimi» Aida Serobyan naməlum tərkibli iynələr vurmuşdur. Nəticədə Arzu Hacıyev ömürlük şikəst olmuşdur.
Anası Afət Mirzəyevanı və babası Aslan Mirzəyevi ermənilər vəhşicəsinə güllələyərkən Babək İlyasov cəmi yeddi aylıq imiş. Qəlpələr Babəkin sağ gözünü yaralamış, lakin buna baxmayaraq ermənilər onu da Kəlbəcər rayonundan girov götürülmüş digər həmkəndliləri ilə birlikdə yalnız dörd aydan sonra və həm də müalicə etmədən qaytarmışlar. Hazırda Babəkin bir gözü kordur.
Ermənilər 15 yaşlı girov Nəzakət Məmmədovanın gözləri qarşısında atasına dəhşətli işgəncələr vermiş, onun qulaqlarını kəsmiş, anası hədə və şantajlara dözməyərək dəli olmuş, qızın özünü isə 4 mln rus publuna ailəsinə satmışlar.
Zəminə Göyüş qızı Dadaşova ermənilər tərəfindən girov götürülərkən qolundan aldığı güllə yarası baxımsızlıq üzündən çirk eləmiş və onun bədənində çürümə prosesi getmişdir. Hazırda Zəminənin sol qolu işləmir. Girov götürülən zaman isə ermənilər onun atası Göyüş Dadaşovu və yaşlı nənəsi Qönçə İbadovanı yerindəcə güllələmişlər.
Erməni nəzarətçiləri Ağdam rayonundan girov götürülmüş Kəklik Həsənovaya dəhşətli işgəncələr vermiş, mismar kəlbətini ilə onun 16 dişini çıxarmışlar.
Ağdam rayonunun işğalı zamanı ermənilər tərəfindən girov götürülən yaşlı qadın Şərqiyyə Rza qızı Şirinovanın 8 qızıl dişi mismar kəlbətini ilə çəkilmişdir. O, altı ay davamlı işgəncələrə məruz qalmışdır.
Qubadlı rayonunun işğalı zamanı 65 yaşlı Biniş Rəsul qızı Məmmədova və 69 yaşlı Sara Miriş qızı İsmayılova girov götürülüb Xankəndi hərbi hissəsində saxlanmışdır. Burada onları gündüz ağır fiziki əmək tələb edən işlərdə işlədir, gecələr isə xüsusi amansızlıqla döyürmüşlər. Onlarla birlikdə saxlanan Şahsənəm və Əsli adında qadınlar bu cür ağır işgəncələrə dözməyərək girovluqda ölmüşlər.
Ağdam rayonunun keçmiş sakini, milliyyətcə rus olan, erməni əsirliyində hədsiz işgəncələrə məruz qalmış Vladimir İvanoviç Şevelyov 1994-cü ildə Ağdam rayonunun işğalı zamanı 89 yaşlı anası Vera Davıdovnanın və ahıl yaşlı bacısı Svetlana İvanovnanın, eləcə də 58 yaşlı xəstə qardaşı Anatoli İvanoviçin ermənilər tərəfindən vəhşicəsinə öldürülüb yandırıldığını, Ağdam kanalının yanında saysız-hesabsız qadın və uşaq meyidi gördüyünü bildirir. Bundan əlavə Vladimir Şevelyov şahidlik edir ki, ermənilər Ağdam rayonunun işğalı zamanı oradakı ruhi xəstəxanada saxlanan 7 ruhi xəstəni, o cümlədən iki xəstə qadını girov götürmüşlər. Onların biri azad edilmiş, biri döyülə-döyülə öldürülmüş, digərlərinin sonrakı taleyindən isə bu günədək məlumat yoxdur.
1930-cu il təvəllüdlü Ağdam rayon sakini Əli Rəsul oğlu Abbasov erməni girovluğunda mütəmadi olaraq döyülmüş, onun bədəninə siqaret basılaraq yandırılmışdır. Aldığı mənəvi və fiziki işgəncələrdən özünə gələ bilməyən Əli Abbasov erməni əsirliyindən azad ediləndən bir müddət sonra vəfat etmişdir.
Erməni hərbçiləri Füzuli rayonundan girov götürdükləri Mürvət Fətiş oğlu Ağayevi döyərək qulağını kəsmiş, əllərini məftillə arxadan bağlayaraq ağacdan asmış və ayaqlarının altında ocaq qalayaraq yandırmışlar.
Hərbi əsirlər - Novruz Məhəmməd oğlu Daşdəmirov, Namiq Cavanşir oğlu Qarayev mütəmadi döyülmə, bədənlərinə qızdırılmış cismlərlə dağ basılma və başlarına mismar çalınması nəticəsində ruhi xəstə həddinə çatdırılmışlar.
Hərbi əsir Mürşüdov Sədrəddin Aslan oğlu döyüldükdən sonra şüşə qırıqlarını udmağa məcbur edilmişdir.
Yaralı vəziyyətdə əsir götürülmüş Əbdüləzim Məcnun oğlu Məmmədov rezin dəyənəklə döyülmüş, damarına benzin yeridilmiş, yaralarının qaysağı qopardılaraq ona əzab verilmiş, üstünə təlim keçmiş it buraxılmışdır.
Mayıl Məhəmmədəli oğlu Məmmədovun damarına dizel yanacağı yeridilmiş, sinəsi qızdırılmış xaçla damğalanmışdır.
Vəhşicəsinə döyülmə nəticəsində hərbi əsir Cavid Ağa oğlu Hüseynovun çənəsi və qabırğaları sınmışdır. Ermənilər dəmir parçası ilə Cavidin qoluna damğa basmış və yarasının üzərinə kislota tökmüşlər.
İşğal
Azərbaycan Respublikası – Cənubi Qafqazın Şərqində,
ərazisinin əksər hissəsi Xəzər dənizi sahillərində yerləşən müstəqil dövlətdir
1918-1920-ci illərdə İslam Şərqində ilk demokratik cümhuriyyət - Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 114 min km2 olmuşdur. Sovet Rusiyası tərəfindən işğal ediləndən sonra 1920-ci ilin dekabrında Azərbaycanın Zəngəzur qəzası Ermənistana birləşdirilmişdir. Hazırda Azərbaycan Respublikasının ərazisi 86,6 min km2, əhalisi 8 mln. 200 min nəfərdir. Paytaxtı Bakı şəhəridir.
1920-ci il aprel ayının 28-də Sovet Rusiyası tərəfindən işğal edilən Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də yenidən dövlət müstəqilliyini bərpa etmişdir.
Ermənistan Respiblikasının hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı 7 inzibati rayonu işğal altına düşmüşdür.
1988-1993-cü illərdə işğal edilmiş Azərbaycan əraziləri:
Dağlıq Qarabağ: işğal tarixi – 1988-1993-cü illər, ərazisi 4400 km2. (Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə, Hadrut);
Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi – 1875 km2;
Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 1936 km2;
Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1154 km2;
Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 km2;
Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1112 km2;
Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 826 km2;
Zəngilan rayonu: işğal tarixi - 30 oktyabr 1993-cü il, ərazisi - 707 km2.
Beləliklə, Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilmiş, 20 mindən çox insan qətlə yetirilmiş, 50 mindən artıq adam yaralanmış və şikəst olmuşdur. Bir milyondan artıq insan 10 ildən çoxdur ki, qaçqın və məcburi köçkün şəraitində yaşayaraq Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasətinin qurbanı olmuş, elementar insan haqlarından məhrum edilmişdir.
İşğal nəticəsində 900-dən artıq yaşayış məntəqəsi talan edilmiş, yandırılmış və dağıdılmış, 6 min sənaye, kənd təsərrüfatı müəssisəsi və digər obyektlər məhv edilmiş, ümumi yaşayış sahəsi 9 mln m2-dən artıq olan 150 min yaşayış binası dağıdılmış, 4366 sosial mədəni obyekt, eyni zamanda 695 tibb ocağı məhv edilmişdir. İşğal edilmiş ərazilərdə kənd təsərrüfatı sahəsi, su təsərrüfatı, hidrotexniki qurğular, bütün nəqliyyat və kommunikasiya xətləri tam sıradan çıxarılmışdır. Dağıntılar nəticəsində iqtisadiyyata 60 milyard ABŞ dollarından artıq ziyan dəymişdir.
Hərbi təcavüz zamanı ələ keçirilmiş Azərbaycan ərazilərində 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanmışdır. Belə ki, Kəlbəcər tarix diyarşunaslıq muzeyi yerlə yeksan olunduqdan sonra muzeyin ekspoziyasına daxil olan nadir qızıl və gümüş zinyət əşyaları, ötən əsrlərdə toxunmuş xalçalar Ermənistana daşınmışdır. Şuşadakı tarix muzeyinin, Ağdamdakı çörək muzeyinin, Zəngilandakı Daş Abidələr muzeyinin də taleyi belə olmuşdur. Oğurlanmış və məhv edilmiş bu tarixi-mədəni sərvətlərin dəyərini müəyyənləşdirmək, pulla qiymətləndirmək mümkün deyildir. Bir sözlə, Ermənistan Respublikası «Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında» Haaqa Konvensiyasının və «Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında» Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasına və işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərinə baxmayaraq, Ermənistan Respublikası bu gün də işğalçılıq siyasətini davam etdirir.
Erməni terrorizmi
Azərbaycan ərazisində törədilən terror-təxribat faktları
Ermənistan dövlətinin və erməni diasporasının maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardıqları terror müharibəsi 1980-ci illərdən başlayaraq ardıcıl xarakter almışdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalisinin yaşadığı məntəqələrdə terror aktları təşkil etmiş, nəticədə minlərlə günahsız insan həlak olmuşdur.
16 sentyabr 1989-cu il. «Tbilisi-Bakı» marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 5 nəfər həlak olmuş, 25 nəfər yaralanmışdır.
18 fevral 1990-cı il. Yevlax-Laçın yolunun 105-ci km-də «Şuşa-Bakı» marşrutu ilə hərəkət edən avtobus partladılmış, çoxlu insan təlafatı olmuşdur.
11 iyul 1990-cı il. «Tərtər Kəlbəcər» sərnişin avtobusu partladılmış, dinc əhali olan maşın karvanına qarşı terror aksiyası keçirilmiş, nəticədə 14 nəfər qətlə yetirilmiş, 35 nəfər yaralanmışdır.
10 avqust 1990-cı il. «Tbilisi-Ağdam» marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 20 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır. Cinayətin təşkilatçıları A.Avanesyan və M.Tatevosyan cinayət məsuliyyətinə cəlb olunmuşlar.
Həmin gün «Şəmkir-Gəncə» avtomobil yolunda Xanlar rayonunun Nadel kəndi yaxınlığında «LAZ» markalı 43-80 AQF dövlət nömrə nişanlı avtobus partladılmış, nəticədə 17 nəfər həlak olmuş, 26 nəfər yaralanmışdır.
30 noyabr 1990-cı il. Xankəndi aeroportu yaxınlığında sərnişin avtobusu partladılmış, 2 nəfər həlak olmuş, 11 nəfər yaralanmışdır.
09 yanvar 1991-ci il. «Molodyoj Azerbaycana» qəzetinin müxbiri Salatın Əsgərova və 3 hərbi qulluqçunun olduğu avtomobilə qarşı terror aktı nəticəsində 4 nəfər qətlə yetirilmişdir. Terrorçu qrupun üzvləri A.Mkrtçyan, Q.Petrosyan, A.Manqasaryan və Q.Arustamyan cinayət məsuliyyətinə cəlb olunmuşlar.
30 may 1991-ci il. Rusiya Federasiyası Dağıstan Respublikasının Xasavyurd stansiyası yaxınlığında «Moskva-Bakı» sərnişin qatarı partladılmış, nəticədə 11 nəfər həlak olmuş, 22 nəfər yaralanmışdır.
19 iyun 1991-ci il. «Yevlax-Laçın» avtomobil yolunun 106-cı kilometrində 5459 saylı hərbi hissəyə məxsus «UAZ-469» markalı avtomaşın partladılmış, 3 nəfər həlak olmuş, 3 nəfər ağır yaralanmışdır.
31 iyul 1991-ci il. Dağıstan Respublikasının Temirtau stansiyası yaxınlığında «Moskva-Bakı» sərnişin qatarı partladılmış, nəticədə 16 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.
02 avqust 1991-ci il. Hadrut rayonunun Dolanlar kəndində «QAZ-53» markalı avtomaşın partladılmış, nəticədə 4 nəfər həlak olmuş, 8 nəfər yaralanmışdır.
21 avqust 1991-ci il. Hadrut rayonunun Şadaxt kəndi yaxınlığında «KAVZ» markalı 70-30 AQO dövlət nömrə nişanlı avtobus partladılmış, nəticədə 2 nəfər həlak olmuş, 10 nəfər ağır bədən xəsarəti almışdır.
08 sentyabr 1991-ci il. «Ağdam Xocavənd» avtobusunun atəşə tutulması nəticəsində 5 nəfər qətlə yetirilmiş, 34 nəfər müxtəlif dərəcəli xəsarət almışdır. Terrorun Xaçaturyan Volodi, Yeremyan Saro, Çalyan Saşa, Arustamyan Armo tərəfindən törədildiyi sübuta yetirilmişdir.
Həmin gün «Ağdam-Qaradağlı» marşrutu ilə işləyən avtobus erməni quldurları tərəfindən atəşə tutulmuş, 8 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcədə xəsarət almışdır.
26 sentyabr 1991-ci il. «Yevlax-Laçın» yolunda «VAZ-2106» markalı D 72-07 AQ nömrə nişanlı avtomaşın partladılmış, nəticədə 2 nəfər həlak olmuş, 14 nəfər yaralanmışdır.
19 oktyabr 1991-ci il. Ağdərə rayonunun Sırxavənd kəndi yaxınlığında «UAZ-469» markalı avtomaşın partladılmış, nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər ağır yaralanmışdır.
20 noyabr 1991-ci il. Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında «Mİ-8» vertolyotunun atəşə tutulması nəticəsində vertolyot heyəti və sərnişinlər - Azərbaycanın görkəmli dövlət və hökümət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər - 19 nəfər həlak olmuşdur.
26 dekabr 1991-ci il. Şuşa-Laçın yolunun 4-cü kilometrliyində «ZİL-130» və «Moskviç» maşınları partladılmış, 5 nəfər həlak olmuş, 4 nəfər yaralanmışdır.
08 yanvar 1992-ci il. Türkmənistandan «Krasnovodsk-Bakı» marşurutu ilə hərəkət edən dəniz bərəsində törədilən terror aktı nəticəsində 25 nəfər həlak olmuş, 88 nəfər yaralanmışdır.
28 yanvar 1992-ci il. «Ağdam-Şuşa» marşrutu ilə uçan Mİ-8 mülki vertolyotu Şuşa şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən vurulmuşdur. Nəticədə çoxu qadın və uşaq olan 44 nəfər həlak olmuşdur.
1992-ci ilin yanvar ayında erməni terrorçu dəstələri Kərkicahan qəsəbəsində 80 nəfər, 1992-ci ilin fevral ayında Xocavənd rayonunun Qaradağlı kəndində 77 nəfər və 26 fevral 1992-ci il tarixdə Xocalı şəhərində 613 nəfər dinc sakini qətlə yetirmiş, 650 nəfəri isə yaralamışlar.
22 mart 1992-ci il. «UAZ 469» markalı 60-25 AZU dövlət nişanlı avtomaşın Qazax rayonu ərazisində partladılmış, nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.
28 mart 1992-ci il. «Kamaz-5410» markalı 40-53 AQŞ dövlət nişanlı avtomaşın partladılmış, nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.
18 aprel 1992-ci il. «Qazax-Cəfərli» yolunun 10-cu kilometrliyində «Vaz» markalı maşın silahlı basqına məruz qalmış, nəticədə 2 nəfər ölümcül yaralanmışdır.
20 may 1992-ci il. Zəngilan rayonunun Qarançı kəndi yaxınlığında «UAZ-469» markalı 80-33 AQD dövlət nömrə nişanlı avtomaşın silahlı basqına məruz qalmış, nəticədə 2 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.
28 fevral 1993-cü il. Rusiyanın Şimali Qafqaz ərazisində Qudermes stansiyası yaxınlığında «Kislovodsk-Bakı» sərnişin qatarı partladılmış, 11 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır.
02 iyun 1993-cü il. Bakı dəmir yolu vağzalında sərnişin qatarının vaqonunun partladılması nəticəsində dövlətə külli miqdarda maddi ziyan dəymişdir. Partlayışın icraçısı Rusiya vətəndaşı İqor Xatkovski Ermənistan Respublikası Milli Təhlükəsizlik Baş İdarəsi kəşfiyyat şöbəsinin rəisi, polkovnik Caan Ohanesyan tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək, cəsusluq və terrorçuluq məqsədilə Azərbaycana göndərildiyini, böyük insan tələfatı ilə nəticələnəcək partlayışlar törətmək tapşırığı aldığını etiraf etmişdir. İstintaq zamanı sübuta yetirilmişdir ki, həmin qrup 1992-1994-cü illərdə Rusiya ərazisindən Bakıya gələn sərnişin qatarlarında silsilə partlayışlar törətmişdir.
22 iyul 1993-cü il. Tərtər rayonunda törədilmiş partlayış nəticəsində 5 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır.
Həmin gün Qazax rayonunun mərkəzində törədilmiş partlayış nəticəsində 6 nəfər həlak olmuş, 10 nəfər yaralanmışdır.
30 avqust 1993-cü il. Hadrut rayonu ərazisində «ZİL» markalı maşın partladılmış, nəticədə 2 nəfər həlak olmuşdur. Həmin hadisədən bir neçə gün sonra içərisində 12 nəfər kənd sakini olan «QAZ-66» markalı sərnişin avtobusu rayondan çıxarkən partladılmış, nəticədə 4 nəfər həlak olmuş, 8 nəfər ağır dərəcədə yaralanmışdır.
01 fevral 1994-cü il. Bakı dəmir yolu vağzalında «Kislovodsk-Bakı» sərnişin qatarında terror aktı törədilmiş, 3 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.
18 mart 1994-cü il. Xankəndi şəhəri yaxınlığında İran Hərbi Hava Qüvvələrinə məxsus «Herkules» tipli təyyarə vurulmuş, 34 diplomat və ailə üzvləri həlak olmuşlar.
19 mart 1994-cü il. Bakı metropolitenin «20 Yanvar» stansiyasında törədilmiş partlayış nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər yaralanmışdır. Məhkəmə sübut etmişdir ki, terror aksiyası Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanmış, separatçı «Sadval» ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirilmişdir.
Müəyyən olunmuşdur ki, «Sadval» separatçı təşkilatının həmin fəalları 1992-ci ildən etibarən dəfələrlə Ermənistanda olmuş, bu ölkənin Milli Təhlükəsizlik Baş İdarəsi təşkilatın formalaşmasında, maliyyələşməsində və silahlanmasında yaxından iştirak etmişdir. 1992-ci ilin aprel-may aylarında 30 nəfər milliyyətcə ləzgi olan Azərbaycan vətəndaşı Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi terror-təxribat hazırlığı keçmişdir. İstintaq zamanı müəyyənləşdirilmişdir ki, təxribatçılar təlimata uyğun olaraq, «20 Yanvar» stansiyası ilə yanaşı Bakının «Nizami» kinoteatrında, Respublika sarayında və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırmışlar.
«20 Yanvar» metro stansiyasında partlayışın törədilməsində ittiham olunan və Ermənistanda xüsusi terror-təxribat hazırlığı keçmiş 30 sadvalçı cinayət məsuliyyətinə cəlb edilmişdir.
13 aprel 1994-cü il. Dağıstan Respublikasının «Daqestanskiye Oqni» stansiyası yaxınlğında «Moskva-Bakı» sərnişin qatarı partladılmış, 6 nəfər həlak olmuş, 3 nəfər yaralanmışdır.
03 iyul 1994-cü il. Bakı metropolitenin «28 May» və «Gənclik» stansiyaları arasında elektrik qatarındakı partlayış nəticəsində 13 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır.
Terror aksiyası Azərbaycan Respublikasının vətəndaşı, Dağlıq Qarabağ uğrunda gedən döyüşlər zamanı - 13 yanvar 1994-cü ildə əsir düşmüş və Ermənistan xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilmiş Aslanov Azər Salman oğlu tərəfindən törədilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, 14 yanvar 1994-cü ildə erməni separatçılarının ideoloqlarından biri, yazıçı Zori Balayan hərbi əsir, milliyətcə ləzgi Azər Aslanovla görüşmüş, azərbaycanlılara qarşı mübarizədə bütün azsaylı xalqların birgə fəaliyyət göstərmələrinin vacibliyini bildirmişdir. 9 iyun 1994-cü ildə Ermənistan xüsusi xidmət orqanlarının Artur adlı əməkdaşı A.Aslanovun Bakıdakı mənzilinə zəng vuraraq onun sağ olduğunu bildirmiş və azad olunması üçün yaxın qohumlarından birinin Yerevan şəhərinə gəlməsinin zəruriliyini qeyd etmişdir. 16 iyun 1994-cü il tarixində A.Aslanovun anası Tacibat Aslanova Yerevana gəlmişdir. Azər Aslanova anasının həyatının təhlükə altında olduğu bildirilmiş, bu təhdidlər altında o, Ermənistan xüsusi xidmət orqanları ilə «Ömər-75» təxəllüsü ilə daimi əməkdaşlığa cəlb edilmişdir. Azərbaycana maneəsiz gəlməsi üçün Azər Aslanovun adına saxta sənədlər hazırlanmış, partlayıcı maddə isə müvafiq qaydada peçenye, şokolad və dezodarant qutularında gizlədilmişdir.
A.Aslanov «Yerevan-Mineralnıye Vodı-Bakı» marşrutu ilə Azərbaycana gələrək, 3 iyul 1994-cü ildə Bakı metrosunun «28 May» və «Gənclik» stansiyası arasında qatarda terror aktını həyata keçirmiş və yenidən Ermənistana qayıtmışdır. Bu müddət ərzində Yerevanda girov saxlanılan anası yalnız bundan sonra azad olunmuşdur.
İstintaq zamanı müəyyən edilmişdir ki, terror aktının təlimatçıları Ermənistan xüsusi xidmət orqanlarının polkovniki Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olmuşlar. Azərbaycan Respublikasının Ali Məhkəmə instansiyaları tərəfindən aparılmış araşdırmalar prosesində göstərilən terror aktlarının həyata keçirilməsində Dağlıq Qarabağın qeyri-qanuni rejiminin funksionerləri və Ermənistan Respublikasının xüsusi xidmət və digər dövlət orqanlarının təşkilatçılığı, maliyyə və texniki dəstəyi, əksər hallarda isə bilavasitə iştirakı prosessual qaydada sübuta yetirilmişdir.
Ermənistan Respublikası terroru dəstəkləyən dövlətdir
SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış Ermənistan Respublikası dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirmişdir. Çoxsaylı faktlar, məhkəmə materialları sübut edir ki, Azərbaycanın dinc əhalisinə qarşı, o cumlədən nəqliyyat vasitələrində törədilən terror aktları Ermənistan hökuməti tərəfindən maliyyələşdirilərək, bu ölkənin xüsusi xidmət orqanları tərəfindən həyata keçirilmişdir.
90-cı illərin əvvələrində Ermənistanın rəsmi dairələri «Daşnaksütyun», ASALA, MAQ, «Erməni birliyi», «Erməni Azadlıq Cəbhəsi» və digər məşhur erməni terror təşkilatları fəallarının reabilitasiyası məqsədi ilə genişmiqyaslı kampaniyaya başlamış, onlara sığınacaq verməklə yaşayış və fəaliyyətləri üçün şərait yaratmış, müvafiq maliyyə dəstəyi göstərmişlər.
1983-cü ilin iyul ayında Parisdə Orli aeroportunda 8 nəfərin ölümü və 60 nəfərin yaralanması ilə nəticələnmiş terror aktına görə ömürlük həbs cəzasına məhkum edilmiş terrorçu Varocyan Qarabedyanın azad olunması üçün Ermənistanda dövlət səviyyəsində imzatoplama kampaniyası keçirilmişdir. 2001-ci ilin aprelində Fransa məhkəməsi tərəfindən azad olunan terrorçu Ermənistanda rəsmi sığınacaq tapmışdır.
Məşhur terrorçu, Qərbi Avropada «ASALA-nın inqilabi hərəkatı» adlı qruplaşmasının rəhbəri, 28 noyabr 1985-ci ildə 6 il müddətinə həbs olunmuş Monte Melkonyan 1990-cı ildə Fransa həbsxanasından buraxılaraq Ermənistana gəlmiş və terror fəaliyyətini davam etdirmək üçün buradan Dağlıq Qarabağa göndərilmişdir. M.Melkonyan Azərbaycanın Xocavənd rayonunun işğalı zamanı erməni terror dəstəsinin komandanı olmuşdur. 1993-cü ildə Dağlıq Qarabağda öldürülən terrorçunun Yerevanda dəfn mərasimində rəsmi şəxslər, o cümlədən Ermənistan prezidenti də iştirak etmişdir. Ermənistanın milli qəhrəmanı elan olunmuş bu beynəlxalq terrorçunun adı Müdafiə Nazirliyinin diversiya mərkəzlərindən birinə verilmişdir.
Məşhur terrorçu, Daşnaksütyun partiyasının «Dro» terror qrupunun üzvü Qrant Markaryan Dağlıq Qarabağda terrorçu dəstələri yaradanlardan və Ermənistandan gətirilən silahlar vasitəsilə buradakı terrorçu qrupların silahlandırılmasında fəal iştirak edənlərdən biri olmuşdur.
1981-ci ildə Parisdə Türkiyə səfirliyinə basqının təşkilatçısı Vazqen Sislyan 1992-ci ildə Yerevandan Xankəndinə göndərilmişdir. Vazgen Sislyan azərbaycanlılara qarşı terror aktlarının keçirilməsində fəal iştiraklarına görə prezident Robert Koçaryan tərəfindən «Qarabağ müharibəsinin qəhrəmanı» adına layiq görülmüşdür.
Qarabağın dinc azərbaycanlı əhalisinin öldürülməsində Ermənistan xüsusi xidmət orqanlarının himayə etdiyi Əbu Əli və Hilbert Minasyan kimi Yaxın Şərq mənşəli terrorçular da fəal iştirak etmişlər.
Erməni terror təşkilatları
Dünyanın müxtəlif məntəqələrində qanlı aksiyalar törətmiş erməni terror təşkilatlarının adları:
«Armenakan» partiyası: 1885-ci ildə yaradılıb. Türkiyənin Van, Muş, Bitlis,Trabzon bölqələrində və İstanbulda silahlı toqquşmalar və terror aktları törədən bu partiya İran və Rusiyada yaşayan ermənilərlə əməkdaşlıqda olub.
«Hnçak» partiyası: 1887-ci ildə Cenevrədə yaradılıb. Qurumun əsas məqsədi Türkiyənin Anadolu bölgəsini, «Rus» və «İran» Ermənistanları adlandırdıqları əraziləri birləşdirməklə «Böyük Ermənistan» dövləti yaratmaqdır. Partiyanın proqramının 4-cü bəndində göstərilir;
«Qarşıya qoyulmuş məqsədə çatmaq üçün təbliğat, təşviqat, terrorizm və dağıdıcı təşkilat yaradılması metodu seçilməlidir»
«Daşnaksütyun»-erməni federativ inqilab partiyası: 1890-cı ildə Tiflisdə yaradılıb. Əsas qayəsi Azərbaycanın Dağlıq Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu torpaqlarında «Böyük Ermənistan» dövləti qurmaqdır. 1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən «Daşnaksütyun» türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qərar çıxarmışdır. Məhz bu qurultaydan sonra «Daşnaksütyun» «türkü, kürdü hər yerdə, hər bir şəraitdə öldür, sözündən dönənləri, erməni xainlərini öldür, intiqam al!» əmrini vermişdir.
«Daşnaksütyun» partiyası tərəfindən yaradılan bir sıra terror qrupları mövcuddur:
1973-cü ildə fəaliyyətə başlamış «Erməni «soyqırımının» intiqamçıları» qrupu 1980-82-ci illər ərzində Avstriya, Danimarka və Portuqaliyada türk diplomatlarını qətlə yetirib;
Məxfi terror qrupu DRO və onun bölmələri: DRO-8, DRO-88, DRO-888, DRO-8888. Daşnakların bu istiqamətdə fəaliyyəti davam edir.
«Erməni gizli azadlıq ordusu» (ASOA): 1975-ci ildə Beyrutda yaradılıb. Mənzil-qərargahı Dəməşqdə yerləşir. Fələstin bazalarında hazırlıq keçən mindən artıq döyüşçüsü vardır. Təşkilat fəaliyyətinin ilk 6 ilində dünyanın müxtəlif ölkəsində 19 türk diplomatının ölümünə səbəb olan terror aktları keçirib.
«Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu» (ASALA): 1975-ci ildə yaradılan təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir. Təşkilatın məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində «Böyük Ermənistan» qurmaqdır. ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Təşkilatın «Əbu Nidal», «Qara sentyabr» kimi terror qrupları ilə əməkdaşlıq etməsində əsas fiqurlardan biri ASALA-nın lideri Akop Akopyan olmuşdur. Afinada 1980-ci ildə qətlə yetirilmiş türk səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürmüş A.Akopyan 01.08.80-ci ildə «Nyu-York Tayms» qəzetinə verdiyi müsahibədə bildirmişdir: «Bizim düşmənimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir».
ASALA 1980-ci ilin aprelində birgə terror aksiyalarının keçirilməsinə dair PKK ilə razılığa gəlmiş və bu niyyətlərini Livanda rəsmiləşdirmişlər. Beyrut şəhərində 28.08.1993-cü ildə açıqlanan bəyanatında ASALA «pantürkist neft borusu» (Bakı-Tbilisi-Ceyhan) ilə bağlı layihənin həyata keçirilməsinə imkan verməyəcəyini bildirmişdir.
«Geqaron»: 2001-ci ilin fevralında ASALA tərəfindən yaradılmışdır. Məqsəd - Cənubi Qafqaz və Orta Asiya ərazilərində türk mənşəli siyasi lider, diplomat və biznesmenlərə qarşı terror aktlarının keçirilməsidir.
«Erməni azadlıq hərəkatı» (AOD): 1991-ci ildə Fransada yaradılıb. Terror fəaliyyətini ASALA ilə sıx əlaqədə həyata keçirir.
«Erməni azadlıq cəbhəsi»: 1979-cu ildə yaradılan bu terrror təşkilatı ASALA-nın tərkib hissəsi sayılır. Türkiyə və Azərbaycan əleyhinə terrorçular hazırlayır.
«Orli qrupu»: 1981-ci ildə Fransada yaşayan erməni gəncləri tərəfindən yaradılıb. Təşkilat 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı həyata keçirib.
«Erməni soyqırım ədalət komandosları»: 1972-ci ildə Vyanada «Daşnaksütyun» partiyasının qurultayı zamanı yaradılıb. «Erməni soyqırımı ədalət komandosları»nın məqsədi erməni əsilli gənc Livan vətəndaşlarını hərbi birləşmələrdə cəmləşdirmək, türklər və azərbaycanlılara qarşı qanlı terror aksiyaları təşkil etməkdir.
«Erməni birliyi»: 1988-ci ildə Moskvada yaradılmışdır. «ASALA» ilə sıx əlaqələri vardır, keçmiş sovet məkanında terrorçuların fəaliyyəti üçün onları saxta sənədlərlə təmin edir. Dağlıq Qarabağa silah və muzdluların ötürülməsində iştirak edir.
«Demokratik cəbhə»: ABŞ, Kanada və Qərbi Avropada fəaliyyət göstərir. Başlıca məqsədi türk dövlətinin parçalanmasıdır.
«Apostol»: 2001-ci il aprel ayının 29-da əsasən Ermənistan, Suriya və Livan vətəndaşlarından ibarət olan Ermənistan Müdafiə Birliyi tərəfindən yaradılmışdır. Təşkilatın məqsədi Türkiyə və Azərbaycan ərazilərində terror aktları həyata keçirməkdir.
Xəbərə Görə 3w.BiG.Az Saytına Təşəkkürlər.
Şərhlərin sayı: 0 | |
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|