2015-ci ilə kimi Yaponiyada robotlar indikindən iki dəfə çox istehsal olunacaq.
Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi belə bir proqnoz verib. Nazirliyin hazırladığı proqramın iştirakçılarına bu müddət üçün ayrılmış məbləğ 17 milyard dollar təşkil edir. Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin hesablamalarına əsasən, ölkədə 2035-ci ilə kimi robot istehsalı həcmi hazırkı səviyyədən təxminən 13 dəfə çox olacaq, onların işlənib hazırlanması və tətbiqi üçün çəkilən xərcləri isə 100 milyard dolları keçəcək.
Nazirlikdə gələcəkdə bir çox sahələrdə, o cümlədən sənaye sektorları və məişət xidmətlərində robotlara geniş tələbat yaranacağını hesab edirlər. Bu gün əhalisi kəskin sürətdə qocalan Yaponiyada müşahidə olunan mürəkkəb demoqrafik şəraitdə robotlar tibb müəssisələri və ofislərdə texniki köməkçi rolunu oynamalıdırlar. Müvafiq proqnozlara əsasən 2035-ci ilə kimi yerli müəssisə və servislərdə iş yerlərinin təxminən yarısı robotların payına düşəcək.