Bölmə» Şou Biznes
AiD (H.O.S.T): “Bakı”ya qayıdıram!”
0
Onlar təkcə rep səhnəsində deyil, ümumən Azərbaycan musiqi industriyasında inqilab etdilər. Musiqiyə ciddilik, fəlsəfə, fərqli baxış gətirdilər. Onları onlara nifrət edənlər də dinləyir. Hər zaman hər şeydə keyfiyyətə üstünlük verirlər. Onlar yeni yol cızdılar, yeni cərəyan yaratdılar. Onların hazırda minlərlə dinləyicisi var. Konsertləri anşlaqla keçir. Klipləri ən çox baxış toplayır…Söhbət H.O.S.T qrupundan gedir. Rubrikamızın bu dəfəki qonağı qrupun üzvü AiD-dir (Orxan Zeynallı). Digər üzvlərdən fərqli olaraq o, futbola marağı ilə də seçilir. Elə ilk solo klipində də futbol topu diqqətdən yayınmamışdı.
“Valideynlərim məni futbol meydançalarında tapırdı”
- Orxan, gəl, başdan başlayaq. Futbol sənin həyatına necə daxil oldu?
- Salam. Futbola bağlılığım, yəqin ki, gəzməyə başladığım vaxtla bağlıdır. Lap kiçik yaşlarımdan futbol oynayırdım. Həm küçədə uşaqlarla, həm də evin dəhlizində atamla. Atamın, babamın, nənəmin futbola olan marağı mənə də güclü təsir etmişdi. Futbola ilk dəfə 1996-cı ildə baxmağa başlamışam. Düzü yadımda deyil dəqiq hansı oyun idi. Amma bircə onu bilirəm ki, Madrid “Real”ı oynayırdı.
- Bəs, uşaqlıqdan bu qədər həvəsli oluğun idman növü ilə niyə məşğul olmamısan?
- Əslində məşğul olmağıma bir çox səbəblər mane olub. Birinci dəfə futbola getmək istəyəndə sağlamlıqla bağlı problemlərim məni bu həzzdən məhrum etdi. Sonralar isə artıq gec idi. 18 yaşımda “Bakı 2” komandasında hazırlıqlara başıladım. Amma sonra başa düşdüm ki, 18 yaşda futbola başlamaq mümkün deyil. Baxmayaraq ki, məhəllə futbolunda digərlərindən fərqlənirdim. Məktəb və universitet yarışlarında da həmişə seçilirdim. Uşaqlıqda məni tapmaq istəyən valideynlərim məni futbol meydançalarında və ya məhəllədə topla bir yerdə tapırdılar. Əvvəlcə fuutbola məcburi baxmağa başladım. İlk dəfə atam məni “gəl, otur bax” deməklə istiqamətləndirdi. Mən isə baxmaq istəmirdim, qaçırdım uşaqlarla futbol oynamağa. Belə çıxır ki, futboldan futbola qaçırdım.
- Səni tez-tez səhnələrdə, TV verilişlərdə görməyə öyrəşsək də, bəzən stadionlarda – tribunalarda da Aidə rast gəlmək mümkündür…
- Hə, düzdür. İmkan olduqca çalışıram matçlara gedim və oyunları stadiondan birbaşa izləyim. Əsasən, milli komandanın görüşlərinə gedirəm. Milli çempionatımızı, düzü, elə də bəyənmirəm. Darıxdırıcı gəlir mənə. Amma əvvəlki ilə müqayisədə irəliləyiş hiss olunur. Dövlət və bir qrup insanların futbola maddi dayaq verməsi yaxşı haldır. Çünki futbol pul tələb edən idman növüdür. Sadəcə, düşünürəm ki, çempionatımızda oynayan futbolçular yalnız pul xətrinə oynayır. Təbii ki, söhbət hamıdan getmir. Futbol isə elə bir idman növüdür ki, elə bir sahədir ki, onu sevib onunla məşğul olmalısan. Yoxsa alınmayacaq. Bu bütün işlərdə belədir. Ona görə futbola təsadüfi adamlar gəlməməlidir. İndi şükür Allaha, bazaların vəziyyəti yaxşıdır, maaşlar əvvəlki ilə müqayisədə çox yüksəkdir. Şərait ümumilikdə kifayət qədər qənaətbəxşdir. Qalır bəzi əskiklər. Onlar da vaxt keçdikcə düzələcək.
- Bizdə olan məlumata görə yenidən “Bakı”ya qayıtmısan…
- Hə, elədir. “Bakı” futbol klubunun atmosferi, şəraiti mənim çox xoşuma gəlmişdi. İndi də onlarla danışıqlar aparıram. Danışıqlar müsbət nəticələnsə, bu yaxınlarda AİD-i “Bakı”nın siması kimi görə biləcəksiniz. “Bakı”ya futbolçu kimi olmasa da, qayıdıram.
- Bəs müzakirələr nə yerdədir?
- Hələ tam bitməyib.
“Foqts getməlidir”
- Dedin ki, əsasən millinin oyunlarına gəlirsən. Sonuncu dəfə hansı matçı izləmisən?
- Belçika ilə Azərbaycanın qarşılaşmasını izlədim, peşman da olmadım. (gülür)
- Bəs millimizin bu seçmə mərhələdəki çıxışı haqda nə deyərdin?
- Bildiyimə görə, bu mərhələdə tarixboyu ən çox xal toplamaqla yadda qaldı. Deməli, elə də pis çıxış etməmişik. Bəzi oyunlarda daha da yaxşı oynamaq olardı.
- Berti Foqtsdan razısan?
- Razıyam, narazıyam bu elə də böyük önəm daşımır. Amma məncə, Foqts və ya başqa bir əcnəbi məşqçi bizə kömək edə bilməz. Bizə yerli məşqçi lazımdır. Ermənistan əgər bu gün qrupda bizdən iki dəfə çox xal toplayırsa və ən çox qol vuran komandalardan biridirsə, onda hansı Foqtsdan, hansı Kapellodan və ya Hiddinkdən söhbət gedə bilər?! Yerli məşqçi olmalıdır, düzgün strategiya qurulmalıdır və irəliləmək lazımdır. Biz hər şeyi qısa müddətdə əldə etmək istəyirik. Nəticəni tez qazanmaq istəyirik. Amma hər şey mərhələli şəkildə olmalıdır. Qurban Qurbanov “Qarabağ”la üç il arxa-arxaya effektiv nəticə verirsə, deməli problemin həllini özümüzdə axtarmalıyıq. Ermənilər də bu səviyyəyə öz məşqçiləri ilə gəlib. Çünki biz qafqazlılar, türklər, şərq ölkələri Avropadan fərqli olaraq mentallığa bağlıyıq. Avropalılar üçün fərqi yoxdur. Amma bizdə bu şeylər genetikdir. Ümumiyyətlə, düşünürəm ki, millimizə psixoloq lazımdır. Yaxşı olar ki, baş məşqçi həm də psixoloq olsun. Amma alınmırsa, ayrıca psixoloq olsun. Necə ki, qapıçılarla işləyən məşqçi var, futbolçularla psixoloji cəhətdən işləyən məşqçi də olmalıdır.
- Deməli, sən Foqtsa bu qədər pul verib millidə saxlamağın tərəfdarı deyilsən…
- Xeyr. Ondansa o pulu millimizin futbolçularına versinlər, görün effekti necə olacaq. Həm də dediyim kimi mentallıq məsələsi. Baxın, Türkiyəyə. Şenol Günəş, Terim və Hiddink. Özünüz müqayisə edin nəticələri.
- Yığmamızın oyunlarını izləyirsənsə, deməli, futbolçuları dəyərləndirə bilərsən. Kimin oyununu bəyənirsən?
- Vaqif Cavadovun. O, potensialına görə digərlərindən çox fərqlənir. Hiss olunur ki, çox güclüdür. Amma artıq hərəkətlər çox edir, çalışır daima rəqibi keçsin. Fərdi oyuna daha çox meyillidir. Bu, ona mane olur. Amma topu qəbul etməsi, topla davranışı Avropa səviyyəsindədir. Bir də Rəşad Sadıxov. Onun soyuqqanlılığı digər futbolçularımızda da olsaydı…Fərqi yoxdur, Rəşad zəif oynadı, ya da güclü o, hər zaman sakitliyi ilə seçilir. Lap dünya ulduzları kimi.
- Bəs kim ölkə xaricində rahatlıqla oynaya bilər? Söhbət Avropanın aparıcı çempionatlarından gedir…
- Məncə, heç kim.
- Səncə, niyə?
- Bunun bir çox səbəbləri var. Amma mən futbolçuların intellektual səviyyəsinə toxunmaq istərdim. Futbolçu oyunlara tək psixoloji və fiziki cəhətdən hazır olmamalıdır. O, həm də intellektual cəhətdən böyüməlidir. Meydanı görmə bacarığı, qeyri-standard dəqiq ötürmələr etməyi futbolçunun səviyyəsindən xəbər verir. Bizdə isə bu çox aşağı səviyyədədir. Demək olar ki, bütün futbolçular eyni cür oynayır. Hərəkətləri eynidir. Amma Zidan, Ronaldo, Bekhem, Messi və kimi futbolçu olmaq üçün intellektual cəhətdən də artırmaq lazımdır. Bunu bir az Vaqifin oynunda hiss eləmək olur.
- Bugünlərdə Vaqifi cəzalandırdılar…
- (sözümü kəsir) Bilirəm. Xəbərim var. Mən bu vəziyyətdə heç kimə haqq qazandırmıram. Çünki orada tam olaraq nə baş verdiyini heç kim dəqiq bilmir. Bu adi haldır. Buna qədər də millidə belə şeylər baş verirdi. Futbolçu ilə məşqçi arasında anlaşılmazlıq tez-tez rast gəlinən problemdir. Elə götürək, Bekhemi. Feryusson ilə Bekhem arasında problem yarandı və Bekhem “Mançester”dən ayrıldı. Bizdə də çox olub. Həm klublarda, həm də yığmada. Samir Əliyev də yadıma gəlir ki, millidən kənarlaşdırılmışdı. Ümumiyyətlə, hesab edirəm ki, Samir Əliyev Azərbaycanın müstəqillik dövrünün ən güclü hücumçusudur.
- Orxan, yadındadırsa, ilk dəfə futbolçular milliləşəndə bu həm azarkeşlər, həm mətbuat, həm də ümumiyyətlə sıravi vətəndaşlar tərəfindən birmənalı qarşılanmadı. Sən milliləşməyə necə baxırsan?
- Milliləşməyə münasibətim elə də pis deyil. Amma gərək bu milliləşən futbolçu yığmaya xeyir versin. Bir-iki oyunda yaxşı oynayıb sonra itməkdənsə həmin futbolçunu milliləşdirməmək yaxşıdır.
“Futbol nədir?! Get, ciddi iş tap. Həkim ol, hüquqşünas ol və ya gömrük işində çalış. Ən azı polis ol”
- Azərbaycan çempionatını elə də izləmədiyini vurğuladın. Səbəbini isə maraqsız olmağı ilə izah elədin. Bəs başqa səni nə qane etmir Azərbaycan futbolunda?
- Hə. Əslində çatışmazlıq hər yerdə var. Amma hardasa azdır, hardasa çox. Bizdə məncə, azarkeşlərin azlığı daha çox diqqəti çəkir. Futbolçulara isə azarkeş dəstəyi çox güc verir. Elə götürək özümdən. Mən universitet və ya məktəb çempionatlarında oynayanda kimlərsə gəlib bizə azarkeşlik edəndə daha yaxşı oynayırdım. Stimul verir adama bu. Eləcə də indi məşğul olduğum rep sənətində belədir. Çünki səhnəyə çıxanda boş oturacaqlar görmək, az pərəstişkar görəndə adam ürəksizləşir. Amma şükür ki, bizim öz konsertlərimiz daima anşlaqla keçir. Ona görə də uğur bizdən əl çəkmir (gülür)
- Rep və futbol fanatlarını necə müqayisə edərdin?
- Pərəstişkar, fanat, azarkeş, izləyici, dinləyici – bunlar demək olar ki, eyni şeydir. Sadəcə hər şey sabit kütlə ilə bağlıdır. Məsələn, mən bilirəm ki, təzə nə etsək, öz kütləmiz var onlar bizə dəstək olacaqlar. Sabit kütləmiz var və daim də artır. Facebook sosial şəbəkəsində bu sabitliyin rəqəmlə göstəricisi də var – 23 000! Buna baxmayaraq biz dayanmaq fikrində deyilik. Futbolda da belə olmalıdır. 1000 nəfər də olsa hər dəfə oyuna gəlib sevimli komandasını dəstəkləməlidir, ruhlandırmalıdır. Sonra yavaş-yavaş bu say artacaq. Bunun üçün bir qədər gözləmək lazımdır.
- Rep və futbol. Valideynlər, böyüklər, qohum-əqrəba adətən bu iki sənətə eyni cür reaksiya verir: “Ciddi işlə məşğul olun”
- Hə. Futbola getmək istəyən uşaqlara adətən deyirlər: “futbol nədir?! Get, ciddi iş tap. Həkim ol, hüquqşünas ol və ya gömrük işində çalış. Ən azı polis ol”. Repə də münasibət elədir. Amma bunun səbəbləri çoxdur. Sadəcə böyüklər kiçiklərə də seçim azadlığı verməlidir. Futbola qoymaq istəmirlər, çünki fikirləşirlər ki, pul yoxdur. Ya da uşağa nəsə olar.
- Avropa futbolunda səni daha çox nə cəlb edir…
- Futbol Avropa ölkələrində yüksək səviyyədədir. Demək olar ki, aparıcı çempionatlar eyni səviyyədədir. Amma futbol indi sürətlənib və onu bizə təqdim edən vasitələr də sürətlə inkişaf edir. Bu mənada mən İngiltərə premyer liqasını izləməyə üstünlük verirəm. Həzz alıram. Çünki futbol çox gözəl təqdim edirlər. Bu isə indi əsas nüanslardan biridir. Özüm “Mançester Yunayted”in azarkeşiyəm.
- Ən bəyəndiyin futbolçu…
- Dünyada yeganə futbolçudur ki, onun meydana çıxmağını səbrsizliklə gözləyirəm həmişə. 5-10 dəqiqə oynasa da, onu həvəslə izləyirəm. Bu, Devid Bekhemdir.
- Orxan, futbol və azarkeşlərlə bağlı repiniz olacaq?
- Görək də. Düşünürəm bu haqda.
Yükləyib: Administrator2011-Oktyabr-29
Çap Etmək
Şərhlərin sayı: 0 | |
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış
Bir az Sualımızda...
Şəxsi Kabinet
Ən son şərhlər və birinci 8-lik
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|
Statistika və dost saytlar
İstifadəçilər
Qonaqlar